Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması ilə bağlı Fərman imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Fərmana əsasən, “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib.
Nümunəvi Əsasnamənin “Ümumi müddəalar”ında dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurasının sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin, onun strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların, o cümlədən publik hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərinin, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxsə məxsus olan kommersiya hüquqi şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqan olduğu əksini tapıb. Həmçinin Apellyasiya Şurasının öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Qanunu, Azərbaycan Respublikasının digər qanunlarını, Prezidentin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutduğu təsbit olunub.
Əsasnamədə Apellyasiya Şurasının vəzifələri, hüquqları, fəaliyyətinin təşkili, eləcə də şikayətlərə dair tələblər, həmçinin Şuranın iclasının keçirilməsi qaydası, iclasın protokollarına və qəbul etdiyi qərarlara dair tələblər və s. məsələlər əksini tapıb.