Naxçıvanda faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd olunub - FOTOLAR

A- A A+

Mayın 9-da Naxçıvan şəhərindəki Xatirə kompleksində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İkinci Dünya müharibəsi veteranları ilə görüşüb, onları faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri abidənin önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad edib.

Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzüblər.

Naxçıvan Hərbi Qarnizonunun nümunəvi Hərbi Orkestrinin ifasında marşlar səslənib.

Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq, hərbi şücaət və qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə verib. Müharibənin başlandığı ilk gündən səfərbərlik elan olunub, on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib. Müharibə illərində 700 minə yaxın azərbaycanlı cəbhəyə yollanıb, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif olunub, 130 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Muxtar respublikamızın əhalisi də alman faşizmi üzərində Qələbənin qazanılmasında böyük qəhrəmanlıqlar göstəriblər. Ön cəbhəyə yola salınan 30 min igid oğul və qızımızdan 15 mini müharibədə həlak olub. 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, 1 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan xalqı arxa cəbhədə də ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə alıb. Böyük Qələbənin əldə edilməsində Azərbaycan nefti xüsusi rol oynayıb. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 80 faizi Azərbaycanda hasil edilirdi. Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan nefti hesabına hərəkətə gətirilirdi. Görkəmli akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft-kimyası sahəsində ixtiraları bu baxımdan xüsusilə qeyd edilməlidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev faşizm üzərində Qələbənin qazanılmasında xidməti olan insanlara daim diqqət göstərib, 1941-1945-ci illər müharibə veteranlarını “Azərbaycan xalqının qızıl fondu” adlandırıb. Ulu Öndərimiz Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən muxtar respublikada bu bayram geniş qeyd olunub, Ulu Öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 9 May respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilib.

Bu gün Ulu Öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Ölkə başçısının “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2019-cu il 23 aprel tarixli Sərəncamı müharibə veteranlarına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş həmyerlilərimizin tarixi şücaətləri gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Müharibə iştirakçılarına daim yüksək diqqət və qayğı göstərən ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Hər bir gənc veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır”.

Müharibə veteranları daim qayğı ilə əhatə olunduqlarını bildirib, göstərilən diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə bağlı tədbirlər keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: