Prezident İlham Əliyev görkəmli bəstəkar Arif Məlikov ilə vida mərasimində iştirak edib - FOTOLAR
Mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikovla vida mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Arif Məlikovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə danışıb. Qeyd edilib ki, böyük bəstəkar Qara Qarayevin tələbəsi olmuş Arif Məlikov geniş yaradıcılıq diapazonu ilə seçilən sənətkar idi. O, öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaratmış, həm kino, həm teatr sənətinə layiqli töhfəsini vermişdir. Nazim Hikmətin librettosuna yazdığı “Məhəbbət əfsanəsi” baleti bəstəkara dünya şöhrəti qazandırıb. Balet ilk dəfə 1961-ci ildə Sankt-Peterburq Akademik Mariinski Teatrında tamaşaya qoyulub.
Arif Məlikov səkkiz simfoniyanın, “Nağıl”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, süitaların, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərinin, “Torpağın səsi” kantatasının, “Dalğalar” operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, kinofilmlərə, teatr tamaşalarına musiqinin, bir çox mahnıların müəllifidir. Bəstəkarın musiqisi bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında səslənir.
Vurğulanıb ki, Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur musiqisevərləri öz cazibəsində saxlamaqdadır. Bəstəkarın ümummilli lider Heydər Əliyevə ithaf etdiyi "Əbədiyyət" adlı 8-ci simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti sənət zirvəsidir.
Dahi Üzeyir Hacıbəyli və Qara Qarayevin bəstəkarlıq məktəbinin davamçısı olan ustad sənətkar uzun illər ərzində Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri kimi bütün səy və bacarığını yeni bəstəkarlar nəslinin yetişdirilməsinə sərf edib.
Nazir onu da qeyd edib ki, Arif Məlikov fəal vətəndaşlıq mövqeyi ilə xalqın böyük hörmətini qazanmış ictimai xadim olub. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının haqq səsini dünyaya çatdıranlar arasında Arif Məlikov da var idi.
Bildirilib ki, bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Arif Məlikov 1965-ci ildə respublikanın Əməkdar incəsənət xadimi, 1978-ci ildə Xalq artisti, 1986-cı ildə SSRİ Xalq artisti fəxri adlarına, 1986-cı ildə Azərbaycanın Dövlət mükafatına, 1998-ci ildə “İstiqlal”, 2013-cü ildə “Heydər Əliyev”, 2018-ci ildə “Şöhrət” ordenlərinə layiq görülüb. Nazir daha sonra deyib: “Arif Məlikov Vətəninə, elinə-obasına bağlı bir insan idi. O, musiqi ilə yaşayır, musiqi ilə nəfəs alırdı. Lakin dünya heç kəs üçün əbədi deyil. Ancaq yaxşı ad və unudulmaz xatirələr insanı hər zaman yaşadır. Böyük bəstəkar, pedaqoq, səmimi və təvazökar insan Arif Cahangir oğlu Məlikovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.
Vida mərasimində çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Arif Məlikovun onun üçün doğma bir insan olduğunu söyləyib. Bildirib ki, bəstəkarın Nazim Hikmətin sözlərinə yazılmış romansları əsl şedevrdir.
Rektor deyib ki, Arif müəllim əsl ziyalı kimi Bakı Musiqi Akademiyasında gənc musiqişünasların, bəstəkarların yetişməsinə böyük zəhmət sərf edib. Arif Məlikov dünyasını dəyişsə də, yazdığı əsərlər hər zaman böyük salonlarda səslənəcək, nəinki müəllifinə, həm də mənsub olduğu millətə şöhrət gətirəcək.
Arif Məlikovun dünyasını dəyişməsini Azərbaycan elmi üçün də böyük itki hesab edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, o, böyük akademik düşüncəyə malik bir musiqi xadimi idi. Hər zaman Azərbaycan elmini ləyaqətlə təmsil edən Arif Məlikovun yeni sənətşünaslar, musiqişünaslar nəslinin yetişməsində müəllim, elmi məsləhətçi kimi xüsusi rolu olub. O, Azərbaycan musiqi mədəniyyəti tarixində yüksək zirvələr fəth edib. Heç tərəddüd etmədən demək olar ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Qara Qarayevin “İldırımlı yollarla”, Fikrət Əmirovun “Min bir gecə” əsərlərindən sonra Arif Məlikovun “Məhəbbət əfsanəsi” Azərbaycan xalqına və musiqi mədəniyyətinə dünya şöhrəti qazandırıb.
Vida mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və Arif Məlikovun tələbəsi Ceyhun Allahverdiyev çıxış edərək görkəmli bəstəkarın bənzərsiz sənət dünyasından söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.
Arif Məlikovun ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlıqlarını bildiriblər.
Vida mərasimindən sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınıb.
Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!