Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun 2019-cu il mayın 23-də anadan olmasının 100 illiyi tamam olur.
Böyük ziyalılar yetirmiş Şahtaxtı kəndində anadan olan Hüseyn İbrahimov orta məktəbi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumunda oxumuş, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.
1940-cı ildə Sədərək kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayan Hüseyn İbrahimov sonrakı illərdə Naxçıvanda müxtəlif vəzifələrdə, o cümlədən “Şərq qapısı” qəzetinin redaktoru, Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət naziri, Yazıçılar Birliyinin sədri vəzifələrində işləmiş, üç çağırış muxtar respublika Ali Sovetinin və bir çağırış Ali Məclisinin deputatı olmuşdur.
Zəngin yaradıcılıq fəaliyyətinə malik Hüseyn İbrahimov ədəbi fəaliyyətə ötən əsrin 40-cı illərindən başlamışdır. Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır.
Onun yarım əsrdən artıq dövrü əhatə edən çoxşaxəli fəaliyyətinə 100-ə yaxın hekayə, 20-dən çox novella, 3 pyes, 8 povest, 5 roman və dünya ədəbiyyatının dəyərli nümunələrinin tərcüməsi daxildir.
Yazıçının ədəbiyyat sahəsindəki fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, “Şöhrət” ordeni ilə təltif edilmiş, “Xalq yazıçısı” adına layiq görülmüşdür.
Xalq yazıçısı Hüseyn İbrahimovun ədəbi fikrin inkişafındakı xidmətlərini nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.
2. “Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin".