Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTOLAR
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Prezident, hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, bir daha cənab Prezident, Sizi Azərbaycanda salamlayıram, xoş gəlmisiniz.
Bu, bizim birinci görüşümüz deyil, biz Sizinlə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük və mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda səfərdəsiniz. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək.
Bu gün Sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.
Parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkədə dostluq qrupları yaradılmışdır və bu da özlüyündə bir göstəricidir. Çünki biz, eyni zamanda, bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır.
Yəni ki, siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi.
Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik.
Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır.
Ona görə eyni yanaşmanı biz ikitərəfli formatda da etmək fikrindəyik, yenə də deyirəm, konkret layihələr bizə təqdim olunarsa.
Söhbət əsnasında bildirildi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik.
Əfsuslar olsun ki, bizi bir ciddi problem də birləşdirir, o da minalardır. Cənab Prezident mənə bildirdi ki, baxmayaraq, onların müharibəsindən bir neçə onillik keçib, amma bu günə qədər insanlar minalardan əziyyət çəkirlər və öz həyatlarını, sağlamlıqlarını itirirlər. Mən də bildirdim ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.
Müzakirə etdiyimiz məsələlərdən biri də bağlantılar və nəqliyyatdır. Cənab Prezident bildirdi ki, onların qonşu ölkələrlə dəmir yolu bağlantıları layihələri icra edilir və onlar icra olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna da bağlana bilər.
Mən də öz tərəfimdən bildirdim ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq.
Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var.
Laos bizim üçün dost ölkədir, yenə də deyirəm, 30 ildən çoxdur ki, davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir. Cənab Prezidentin Azərbaycana rəsmi səfəri və ayın 15-də Zirvə görüşündə nəzərdə tutulan iştirakı bunu bir daha göstərir. Onu da bildirməliyəm, cənab Prezident mənə məlumat verdi ki, vaxtilə keçən əsrin 80-ci illərində Azərbaycanda olub, amma bu, bizim tariximizdə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir.
Cənab Prezident, səfər etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm, ən xoş arzularımı çatdırıram. Sağ olun.
x x x
Sonra Laos Prezidenti bəyanatla çıxış etdi.
Prezident Thonqlun Sisulitin
bəyanatı
-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, çox sağ olun. Bu gün burada Azərbaycanın mətbuat nümayəndələri ilə görüşmək mənim üçün böyük şərəfdir. Xoş sözlərinizə görə təşəkkür edirəm. Bəyanatınız çox hərtərəfli idi və ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini və əməkdaşlığı genişləndirmək, gələcəkdə daha da çox sahələri əhatə etmək üçün bu gün burada keçirdiyimiz təkbətək və geniş tərkibdə görüşlərdə müzakirə etdiklərimizin hamısını əhatə etdi.
Bu gün Zati-aliləri cənab Prezident məni çox yaxşı qəbul etdi. Qeyd etmək istərdim ki, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq və mübadilələr təkcə son illərə təsadüf etmir. Bunlar ənənəvi əlaqələrə əsaslanır, çünki vaxtilə biz sabiq Prezidentiniz Heydər Əliyevi ölkəmizdə qəbul etmişdik. O vaxt Heydər Əliyev Laosa SSRİ Nazirlər Sovetinin Sədrinin birinci müavini və Siyasi Büronun üzvü qismində səfər etmişdi. O, 1986-cı ildə partiyamızın dördüncü qurultayında iştirak etmişdi. Heydər Əliyevin Laos Xalq İnqilabı Partiyasının 4-cü Qurultayında möhtəşəm çıxışı və bəyanatı ilə Laos xalqına çox yaxşı təsir bağışlaması haqqında bizim çox xoş xatirələrimiz var. Bu gün mən bizim xalqımızla yaxşı münasibətlərin təməlini qoyan Prezidentin oğlu, Zati-aliləri Prezident İlham Əliyevə bir daha səmimi təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev həmin ənənəvi əlaqələrin davamçısıdır. Prezident Heydər Əliyevin oğlu, Azərbaycanın indiki Prezidenti Laosun Baş nazirinin müavini və xarici işləri naziri Tonqsavan Fomfihan ilə üzbəüz əyləşmişdir. O da Laosun sevimli sabiq Prezidenti Keyson Fomfihanın oğludur. Bu da bizim əlaqələrimizin yüksəldiyini və bugünkü rəsmi səfərimin yaxşı nəticələrini əks etdirir. Görüşlərimizlə bağlı xatirələriniz haqqında fikirlərinizi tam dəstəkləyirəm.
Prezident İlham Əliyev, həmçinin ənənəvi müsbət xarakter daşıyan ikitərəfli əlaqələrimizin yenidən qiymətləndirilməli, parlamentlərarası və siyasi əlaqələrdən savayı əməkdaşlıq sahələrinin daha da genişləndirilməli olduğunu vurğuladı. Biz iqtisadiyyat, ticarət, investisiyalar, xalqlararası mübadilələr, turizm, insan resurslarının inkişafı sahələrində əlavə imkanları araşdırmalıyıq ki, Laosun bu sahələrə çıxışı olsun.
Mən həqiqətən inanıram ki, bu rəsmi səfər ölkələrimizin müvafiq qurumlarına dövlət başçıları səviyyəsində aparılmış müzakirələrin nəticələrini daha ətraflı müzakirə etmək tapşırığını vermək imkanı yaradacaq. Biz Birgə Bəyanat da daxil olmaqla, burada müxtəlif sənədlər imzaladıq ki, bunun əməkdaşlığımız baxımından rəmzi mənası var. Biz əminik ki, gələcəkdə Azərbaycanın iş adamları Laos Xalq Demokratik Respublikasına daha çox investisiya yatıracaqlar. Ticarətin, turizmin həcmi, mədəniyyət sahəsində mübadilələr artacaq. Mən çox şadam ki, Zati-aliləri qeyd etdi, gələcəkdə siz Azərbaycan Respublikasında daha çox laoslu tələbəni qəbul edəcəksiniz. Həmçinin əvvəlki dövrdə burada təhsil almış bir çox tələbəyə göstərilən dəstəyin və təqaüd sayının bərpası məsələsinə yenidən baxılması gələcək nəsillərimiz üçün son dərəcə faydalı olacaq.
Biz, həmçinin bir çox digər sahələrdə də araşdırma və müzakirələri davam etdirəcəyik. Bu rəsmi səfər çərçivəsində bizim Azərbaycan Milli Məclisinin spikeri ilə görüşmək imkanımız olacaq. Biz ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın davam etdirilməsini təşviq edəcəyik. Əlbəttə ki, hökumətlər bizim bu gün burada keçirdiyimiz görüşlərdə əldə edilən razılaşmaların reallaşdırılmasında əsas hərəkətverici qüvvə olacaq. Mən, həmçinin Azərbaycanın Baş naziri ilə görüşəcəyəm. Mən ona müvafiq sahələr üzrə əməkdaşlığı davam etdirməyi təklif edəcəyəm. Mən investisiya, təhsil, enerji sahələrinin və Azərbaycan üçün maraq kəsb edən digər sahələrin genişləndirilməsində mühüm rol oynaya biləcək daha çox nazir göndərəcəyəm ki, ətraflı müzakirələr davam etdirilsin və gələcəkdə əməkdaşlığımız həyata keçirilsin.
Mənə və nümayəndə heyətinə göstərdiyi səmimi qarşılanmaya görə bir daha Zati-aliləri Azərbaycan Prezidentinə, Hökumətinə və xalqına minnətdarlığımı bildirmək istəyirəm. Çox qonaqpərvərsiniz, bu, bizim qardaşlığımızın və dostluğumuzun təcəssümüdür. Mən bundan qabaq Bakıda 44 il əvvəl olmuşam. Bu gün yenidən buradayam. Bakının, Azərbaycanın sürətli inkişafının şahidi oldum. Mənim üçün hər şey yenidir. Mən 44 il bundan əvvəl səfər etdiyim Azərbaycanı güclə tanıdım. Bununla belə, Azərbaycan xalqı mədəniyyətinə və ənənələrinə xas mehribanlığını qoruyub saxlayıb. Azərbaycan xalqı əvvəl olduğu kimi sevimlidir. Bu məndə olduqca xoş təəssürat yaratdı.
Cənab Prezident, bir daha təşəkkür edirəm.