Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib - YENİLƏNİB - FOTOLAR
***
Onu da deyək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təhsil ocağında builki məzun gününün mövzusu “100 ilin təfəkkürü, maarifi və dəyərləri”dir. Tədbirdə ADA məzunlarına həsr olunan videoçarx nümayiş olundu.***
Sonra universitetin məzunu, biznes fakültəsinin iqtisadiyyat üzrə bakalavrı Azər Əliyev çıxış etdi. O, bu tədbirdə bütün məzunlar adından çıxış etməkdən şərəf hissi keçirdiyini dedi. Qeyd etdi ki, onun və digər məzunların ADA Universitetində keçirdiyi tələbəlik illəri çox maraqlı, sevincli və həyəcanlı olub. “Mən 4 il əvvəl həyatımın ən önəmli qərarını verməklə təhsil almaq üçün ADA Universitetini seçdim”, - deyən Azər Əliyev bu təhsil ocağında oxuduğu dövrdə innovativ və akademik mühitin şahidi olduğunu bildirdi. O, bütün məzunlar adından ADA Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlığını bildirərək dedi: -Həyatımızın bu çətin mərhələsində bizə dəstək olan insanlara hamımız minnətdar olmalıyıq. Burada çıxış etməyimin əsas səbəblərindən biri odur ki, universitetimizin professor-müəllim heyətinə minnətdarlıq edim. Əziz professorlar, mən məzunlar adından sizə bizə təhsil vermək üçün göstərdiyiniz səylərə görə minnətdarlığımı bildirirəm. Sizin bilik və təşəbbüsləriniz sayəsində mənim və bir çox digərlərinin öz ixtisaslarına maraqlarını artırıbsınız. Tələbəlik illəri, təhsil-tədris və imtahan proseslərindən xoş təəssüratlarla danışan Azər Əliyev qeyd etdi ki, ADA-da vətənpərvər, bilikli və peşəkar kadr kimi yetişmək üçün hərtərəfli şərait var. O dedi: - Sonda bildirmək istəyirəm ki, ADA Universiteti həyatımızın ən yüksək zirvəsinə çatmaq üçün bizə möhkəm əsas verib. İndi sabahın qlobal liderlərinə çevrilmək üçün bizim böyük potensialımız var. Bizdə, həmçinin məsuliyyətli vətəndaş olmaq üçün güclü bir hiss formalaşıb.***
Daha sonra ADA-nın tədris işləri üzrə prorektoru Vəfa Kazdal çıxış edərək dedi: -Cənab Prezident, bu gün bizimlə ən sevincli günümüzü bölüşməyiniz, əslində, bir daha onun sübutudur ki, Siz daim bizə öz dəstəyinizi, qayğınızı və etimadınızı göstərmisiniz. Əslində, ADA Universiteti məhz bu dəstəyə və bu qayğıya arxalanaraq təhsil sahəsində bir neçə mühüm islahatlara imza atıb və imza atmaqda davam edəcək. Mən hər birimizin adından bizə göstərilən bu etimada, qayğıya və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Vəfa Kazdal ADA Universitetinin və tələbələrin uğurlarından danışdı, ADA-da təhsil aldıqları vaxtda tələbələrin fikirlərini bölüşərək bildirdi: -ADA tələbələri, bizim uğurumuz sizsiniz, sizə inamımız sonsuzdur. Biz çox sevinirik ki, siz ADA Universitetinin əsas missiyasını anlayır, ona dəyər verirsiniz. Mən hətta deyərdim ki, siz onu artıq təmsil etməyə başlamısınız. Universitetimizin müəllim və tələbələrini bütöv edən məhz ADA-nın missiyası və dəyərləridir. Çünki bütün bunları tələbələrə öz nümunələrində aşılayan bizim müəllimlərimizdir. ADA Universitetinin çox gözəl bir ənənəsi var. Hər il may ayının əvvəlində bizdə sosial məsuliyyət və vətəndaşlıq günü keçirilir. Burada tələbələr özləri sosial məsuliyyət layihələri hazırlayır və həyata keçirir. Sosial məsuliyyət günündə o layihələrdən 3 ən əhəmiyyətlisi qalib elan olunur və mükafatlandırılır. Bu il çox maraqlı bir istiqamət var idi. Tələbələrin təqdim etdikləri layihələrin əksəriyyəti onların universitetdə öyrəndiklərini orta məktəblərdə bölüşməklə bağlı idi. ADA-nın missiyası beynəlxalq səviyyəli universitet olmaqla, milli ruhlu, savadlı və səriştəli, bəşəri vətəndaşlar yetişdirməkdir. Akademik mükəmməllik, cavabdehlik, şərəf, şəffaflıq, müxtəliflik, əməkdaşlıq, ünsiyyət və sosial məsuliyyət ADA Universitetinin missiyasının müəyyən olunmuş çox mühüm dəyərləridir. Ümumilikdə, bu fəlsəfə və dəyərlərimiz irsimizin, milli mənlik şüurumuzun və müasirliyimizin vəhdətini özündə əks etdirir. Bizim tələbələrimiz ADA-nın missiya və dəyərlərini, həmçinin pedaqoji fəlsəfəsini orta məktəblərdə yayırdılar. Bu, ilk növbədə, bizim alim və müəllimlərimizin öz işlərinə vəzifə kimi deyil, bir sənət kimi yanaşmalarının nəticəsidir. Bu, bir pedaqoq kimi tələbəyə inanaraq, onun təşəbbüs və yaradıcılığını önə çəkərək həvəsləndirilməsinin nəticəsidir. Bizim ADA-nın alim və müəllimləri Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə, Türkiyə, İtaliya kimi ölkələrin qabaqcıl təhsil ocaqlarında bilik və təcrübə əldə etdilər. Lakin onlar bu gün burada, Azərbaycanda öz gənclərimizlə o təcrübəni bölüşürlər. Onların tədqiqat işləri bu gün dünya miqyaslı jurnallarda nəşr olunur. Bizim müəllim və alimlərimiz Sabir, Zərdabi, Mirzə Cəlil kimi maarifpərvər təfəkkürlü və dəyərlərə sadiq tələbələrimizə nümunədirlər. Müəllim heyətimizin bir hissəsi də əcnəbi professorlardır. Gənclərimizin savadlı, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsində onların da xüsusi rolu var. Onlar bizim universitetə xüsusi bir ruh qatırlar. Biz qürurla deyə bilərik ki, bu gün ADA-nın müəllim və alim heyəti ölkəmizdə prioritet olan müasir düşüncəli və bacarıqlı insan kapitalı yetişdirir. Xalqımızın böyük oğlu Heydər Əliyev deyirdi: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Əziz tələbələrim, mən bilirəm və bir neçə dəfə də şahidi olmuşam ki, siz gözəl keçən dərsi alqışlamısınız. Amma mən istərdim ki, siz son dəfə öz müəllimlərinizi bir daha səmimi qəlbdən alqışlayasınız. ADA-nın tədris işləri üzrə prorektoru gənclərin savadlı və cəmiyyətə faydalı yetişməsi üçün ADA-nın müəllim və professor heyətinin əməyini vurğulayaraq, onların müasir düşüncəli insan kapitalı yetişdirdiklərini bildirdi.***
ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev məzun günündə dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Bunun hər bir məzunun həyatında unudulmaz xatirə kimi qalacağına əminliyini ifadə etdi. Dövlətimizin başçısının 2012-ci ildə ilk dəfə ADA-ya gəldiyini və burada yeni kampusun açılışında iştirak etdiyini, təhsil ocağının fəaliyyət istiqamətlərinin genişləndirilməsi ilə bağlı tövsiyələrini verdiyini bildirən rektor dedi: - Həmin gün Prezidentimiz cəmi bir ixtisas üzrə 14 məzunu təbrik etmişdi. Bu gün isə o, təbrik sözlərini 11 ixtisas üzrə bitirən 530 məzuna ünvanladı. O zamanla müqayisədə tələbələrimizin sayını 115-dən 2200-ə çatdırmışıq. Bunların arasında 380 tələbə qaçqın və məcburi köçkün ailələrindəndir, 500 tələbəmiz isə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş gənclərdir. Biz əsl beynəlmiləl ali məktəb yarada bilmişik – dünyanın 41 ölkəsinin nümayəndəsi burada təhsil alır. Mübadilə proqramı ilə tələbələrimiz ADA-nın 60-dan çox xarici tərəfdaş universitetlərinə gedə bilirlər. Biz fəxr edirik ki, dövlətimizin başçısının etimadını doğrultmaqdayıq. ADA Universitetinin tələbə və məzunlarının məşğulluq göstəricisi 90 faizdən çoxdur. Xüsusilə qeyd etmək istərdim ki, bu gün informasiya texnologiyaları və mühəndislik fakültələrini bitirən ilk məzunlar Azərkosmos, ASAN İnnovasiyalar Mərkəzi, Azercell və digər dövlət və özəl qurumlarda artıq öz biliklərini tətbiq edirlər. Bu statistikadan kənar qalanlar isə ölkəmizdə və dünyanın mötəbər universitetlərində ali təhsillərini davam etdirəcəklər. Rektor Hafiz Paşayev əmin olduğunu bildirdi ki, universitetin məzunları bilik və bacarıqlarını Vətən uğrunda şərəf və ləyaqətlə tətbiq edəcək, Azərbaycanın ərazi bütövlüyü naminə dövlətimizin başçısının apardığı qətiyyətli siyasətə güc qatacaqlar. Təhsil müəssisəsinin infrastrukturunun genişləndiyini, yeni akademik proqramların üzərində iş getdiyini, növbəti tədris ilindən hüquqşünaslıq üzrə bakalavr təhsilinə başlanılacağını deyən Hafiz Paşayev son illərdə universitetdəki elmi mərkəzlərin sayının artdığını, Xəzər Enerji və Ətraf Mühit Mərkəzi ilə yanaşı, Data Təhlilinin Tədqiqat Mərkəzinin, Avropa İttifaqı üzrə Bilik Mərkəzinin, ADA İnnovasiya və Start-up Mərkəzinin tələbələrə ölkədə strateji sahələri daha yaxından öyrənməyə imkan yaratdığını bildirdi. Bu il universiteti bakalavr pilləsinin dörd ixtisası, magistr pilləsinin isə bir ixtisası üzrə məzunların bitirdiyini diqqətə çatdırdı. Tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ərəfəsində keçirildiyini və “100 ilin təfəkkürü, maarifi və dəyərləri” mövzusuna həsr olunduğunu deyən rektor ötən əsrin əvvəlində Azərbaycan mütəfəkkirlərinin və maarifçilərinin azad demokratik dövlət qurmaq yolunda səylər göstərdiyini bildirdi, milli kadrların hazırlanması üçün 1919-cu ildə ilk universitetin təsis edildiyini, 100-ə yaxın tələbənin ali təhsil almaq üçün Avropa və Rusiya universitetlərinə göndərildiyini vurğuladı. “1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi təkcə onun rəmzlərini qəbul etmədi, həm də bu müstəqilliyi daimi edəcək dövlət quruculuğu siyasətini yürütməyə başladı”, - deyən Hafiz Paşayev müstəqil ölkəmizin inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayaraq bildirdi: -Azərbaycanın ictimai-siyasi və iqtisadi intibahının memarı Heydər Əliyev elm və təhsilin inkişafı üçün hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ciddi addımlar atmışdı. O zaman ölkədə beş yeni ali təhsil müəssisəsi açıldı, ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artdı. Respublikaya rəhbərlik etdiyi illərdə Heydər Əliyevin himayəsi ilə dünyanın qabaqcıl məktəblərində minlərlə kadr yetişdi. Bu gün Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev də təhsilin müasirləşməsinə və inkişafına böyük diqqət yetirir. Onun təşəbbüsü ilə xüsusi Dövlət Proqramı həyata keçirilib. 2007-2015-ci illərdə minlərlə gənc Dövlət Neft Fondu hesabına xaricdə təhsil alıb. Bu proqramın məzunlarından bəziləri ADA Universitetində akademik fəaliyyətə cəlb edilərək müəllim kimi çalışırlar. Məhz bu Dövlət Proqramı hesabına ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təklif etdiyi biznesin idarə edilməsi ixtisasında tələbələrimiz hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomunu almaqdadırlar. Cənab Prezident, 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasını yaradarkən Siz yeni təhsil ocağında təkcə humanitar elmləri deyil, digər istiqamətləri, xüsusilə də dəqiq elmləri inkişaf etdirməyi bizə tapşırmışdınız. Buna cavab olaraq, ilk addım 2013-cü ildə informasiya texnologiyaları və mühəndislik fakültəsinin yaradılması oldu. Universitetin rektoru Hafiz Paşayev onu da qeyd etdi ki, hər bir ali məktəbin müvəffəqiyyəti onun müəllimlərinin keyfiyyətindən asılıdır. Bu isə “Xaricdə təhsil” Dövlət Proqramını yeni formada bərpa etmək zərurətini ortaya qoyur. Belə ki, istedadlı gənclərin dünyanın ən aparıcı universitetlərində magistr və doktorantura pillələrində təhsil alıb alim və müəllim kimi Vətənə dönmələri ölkə universitetlərinin uğurlu gələcəyini təmin edə bilər. Daha sonra rektor valideynlərə müraciət edərək dedi: Bilirəm ki, tələbələrimizin bugünkü uğurlarının arxasında həm də valideynlərin dəstəyi, yuxusuz gecələri, imtahan nəticələrini övladları ilə birgə gözləmək həyəcanı dururdu. Prezident İlham Əliyev bu gün burada yalnız mötəbər qonaq qismində iştirak etmir. O, Mehriban xanımla birlikdə həm də bir valideyn kimi buradadır. İcazə verin, Heydərin bugünkü akademik zirvəsi münasibətilə Sizi, cənab Prezident, Mehriban xanımı və bütün ailənizi universitetimiz adından təbrik edim. Valideynlərin sevincinə şərik oluruq. Sizi təbrik edərək, eyni zamanda, sizə təşəkkürümü bildirmək istəyirəm ki, bizə inanıb, övladlarınızı universitetimizə etibar etmisiniz. Əminəm ki, əziz valideynlər, övladlarınız sizin və bizim ümidlərimizi həyat boyunca həmişə doğruldacaqlar. Valideynlərin sevincindən heç də az olmayan sevinc hisslərini müəllimlərimiz də keçirir. Əziz müəllimlər, günbəgün sinif otaqlarına girib bilik və təcrübənizi tələbələrlə bölüşdüyünüzə, fədakar əməyinizə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, ADA Universitetinə yarandığı gündən göstərdiyiniz etimada, Azərbaycanın istedadlı gənclərinə Vətəni tərk etmədən müasir ali təhsil almağa imkan verən məktəb qurmaqda bizə dəstək olduğunuza görə Sizə minnətdarıq. Diqqətinizə görə sağ olun. İndi isə məzun günümüzün ən həyəcanlı hissəsinə keçirik - diplomların təqdim olunmasına. Bu mərasimi başlamaq üçün mən səhnəyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəvət edirəm.***
Sonra diplomların təqdim edilməsi mərasimi başladı. Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim etdi. Qeyd edək ki, bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb. Bu il ilk məzunlarını buraxan ixtisaslar isə bakalavr pilləsi üzrə dövlət və ictimai münasibətlər, iqtisadiyyat, informasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, magistr pilləsində isə təhsil üzrə menecment fakültələridir. Fəaliyyət göstərdiyi illər ərzində ADA Universiteti yüksək səviyyədə təhsil verməklə yanaşı, tələbələr arasında sıx münasibətlərin qurulması, müəllim-tələbə münasibətləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmək baxımından da nümunəvi fəaliyyəti ilə seçilir. Bu təhsil ocağının məzunları yüksək ixtisaslı peşəkarlar kimi yetişməklə yanaşı, çalışdıqları sahələrdə əsl vətənpərvər şəxsiyyət kimi ölkəmizin ümumi inkişafına təkan verir, Azərbaycanın tərəqqisinin davamlılığını təmin etmək üçün əllərindən gələni edirlər. Universitetin məzunları hökumət və ictimai qurumlarda, biznes və konsaltinq xidmətlərində, maliyyə və bank, neft və qaz, QHT sektorlarında və istehsal sənayesi sahələrində çalışırlar.