Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır - VİDEO
Naxçıvan Muxtar Respublikasında bu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkilib. İyunun 10-dan etibarən taxıl biçininə başlanılıb. Yaradılan şərait, texnika və kombayn təminatı biçin kompaniyasının itkisiz aparılmasına imkan verir.
NUHÇIXAN xəbər verir ki, iyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, toxumçuluq təsərrüfatı tərəfindən bu ilin məhsulu üçün 1037 hektar sahədə taxıl əkilib. Əkin şırım üsulu ilə aparılıb, yerli iqlim şəraitinə uyğunlaşdırılmış yüksək məhsuldar “Qobustan”, “Quality” və “Bezost” toxum sortlarından istifadə olunub. Əraziyə normalara uyğun gübrə verilməsi taxılın vegetasiya dövründə daha yaxşı inkişafına səbəb olub. Biçinə təsərrüfatın 6 kombaynı cəlb edilib, mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılıb. Bu günə qədər 173 hektar sahə biçilib. Biçilən ərazi ardıcıl şəkildə şumlanır ki, bu da növbəti ilin məhsuldarlığına mühüm təsir göstərir. Hazırda ərazidə məhsuldarlıq 30 sentnerə yaxındır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər öz nəticəsini verir. Daxili bazarın qorunması, mütərəqqi suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, texnika və gübrə təminatı, istehsal olunmuş məhsulun satışı üçün hərtərəfli şəraitin yaradılması taxılçılığın inkişafına səbəb olmuşdur. Hazırda muxtar respublikada taxıl biçini aparılır. Biçinə 100-ə yaxın kombayn cəlb olunmuşdur. Yaradılan şərait, xüsusilə taxıl və qarğıdalının alış qiymətlərinin artırılması həm məhsul istehsalına, həm də bu yolla əhalinin məşğulluğunun təmin olunmasına stimul verir.
Ali Məclisin Sədri deyib: Muxtar respublikada taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, taxıl əkini sahələri və məhsuldarlıq artırılmalı, tələbat 100 faiz yerli istehsal hesabına ödənilməlidir. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahəsi də vaxtilə istifadə olunmayan torpaqlardı. Lakin yaradılan şərait, qapalı suvarma şəbəkəsinin qurulması uzun illər istifadəsiz qalmış bu torpaqlarda bol məhsul istehsal etməyə imkan verir. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su və texnika təminatı sahəsində işlər bundan sonra da davam etdiriləcəkdir.
Ali Məclisin Sədri “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə təşəkkürünü bildirib, muxtar respublikanın toxuma olan tələbatının yerli istehsal hesabına ödəniləcəyinə əminliyini ifadə edib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov rayonda əkinçiliyin, o cümlədən taxılçılığın inkişafı üçün ardıcıl tədbirlərin görüldüyünü bildirib, yaradılan şəraitə görə rayonun torpaq mülkiyyətçiləri və bütün sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Muxtar respublikada taxıl biçinində iştirak edən kombayn, maşın və mexanizmlərin davamlı işləməsi təmin edilib, zəruri ehtiyat hissələri alınıb, texniki xidmət təşkil olunub. Həmçinin taxıl zəmilərində yanğın təhlükəsizliyi tədbirləri də diqqətdə saxlanılıb.
Ali Məclisin Sədri taxıl biçininin iyulun 25-dək başa çatdırılması, növbəti əkin mövsümündə dəmyə əkininə daha çox üstünlük verilməsi, eləcə də torpaq mülkiyyətçilərinin sifarişlərinə uyğun texnikaların alınıb gətirilməsi barədə tapşırıqlar verib.