Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi - müasir Sədərək - FOTOLAR

Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sədərək rayonuna səfəri zamanı deyib: “Biz güclü dövlət qururuq. Bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan böyük zirvələri fəth etməyə nail olub”.

Sədərək rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlayıb, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunub. Milli Qurtuluşdan başlanan yol müstəqillik illərində rayonu müasir yaşayış məntəqəsinə çevirib. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin edib, Heydərabad qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənib, məskunlaşma artıb.

NUHÇIXAN xəbər verir ki, iyulun 2-də - ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov muxtar respublikada əhalinin rahat yaşayışı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq Heydərabad qəsəbəsində yeni yaşayış binasının inşa olunduğunu bildirib, tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırıldığını qeyd edib. Rayonda aparılan quruculuq işləri haqqında məlumat verən Hicran Rüstəmov bundan sonra da tapşırıqların icrası üçün səylə çalışacaqlarını qeyd edib, inşaatçılar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda yeni yaşayış binasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, binanın tikintisində əməyi olanlara təşəkkürünü bildirərək deyib: İyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 ili tamam olur. Ulu Öndərin ölkəmizə birinci rəhbərliyi dövrünün nəticəsi olaraq Azərbaycan müstəqil dövlətə çevrildi. Müstəqilliyin ilk illərində Azərbaycanın Ümummilli Liderimizin siyasi xəttindən uzaqlaşması faciələrə səbəb oldu. Ulu Öndərin xalqın tələbi ilə yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra isə bütün sahələrdə inkişaf təmin edildi, müstəqilliyimiz qorundu, Azərbaycan güclü və qüdrətli dövlətə çevrildi. Bu gün ölkə Prezidenti Ümummilli Liderimizin siyasi xəttini uğurla davam etdirir. Nəticə isə ondan ibarətdir ki, işğalçı ölkə ilə sərhəddə yerləşən Sədərək rayonunda hər cür şəraiti olan 48 mənzilli yeni yaşayış binası istifadəyə verilir. Bu, ölkəmizin inkişafının, dövlətin vətəndaşlara qayğısının, ən əsası isə dövlət-xalq birliyinin göstəricisidir.

Qeyd olunub ki, yeni yaşayış binasının ilk sakinləri də dövlət qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş vətəndaşlardır. Həmin şəxslərin mənzillərlə təmin olunması həm də dövlətin bu kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Çünki ölkəmizdə sosial sahənin inkişafı daim diqqətdə saxlanılır. Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş, sağlamlığını itirmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Dövlətçilik yolunda öz xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslərə göstərilən qayğı, eyni zamanda digər vətəndaşlar üçün də nümunədir.

Ali Məclisin Sədri deyib: Ötən dövrdə həyata keçirilən tədbirlər rayonun simasını tamamilə dəyişmiş, Sədərək müasir və abad yaşayış məntəqəsinə çevrilmişdir. Sədərək rayonunun inkişafına, abadlaşmasına bundan sonra da diqqət yetirilməlidir. Yaşayış binasının tikilməsində məqsəd də ondan ibarət idi ki, həm ailələr rahat yaşasın, həm də Sədərəyin bərəkətli torpaqları qorunub gələcək nəsillərə çatdırılsın.

Ali Məclisin Sədri yaşayış binasının istifadəyə verilməsi münasibətilə bir daha sakinləri təbrik edib, onlara yeni mənzillərində rahat və firavan həyat arzulayıb.

Heydərabad qəsəbə sakini, ziyalı Sultan Rzayev minnətdarlıq edərək deyib: “Sədərək son illər kompleks inkişaf edib. Rayonda icbari tibbi sığortanın tətbiqi sakinlərin sağlamlığının daha etibarlı qorunmasına şərait yaradıb. Mədəniyyət Sarayında insanların asudə vaxtları səmərəli təşkil olunur. Bu gün yeni yaşayış binasının istifadəyə verilməsi isə tarixi hadisədir. Çünki bina Ulu Öndərimizin Azərbaycanda rəhbərliyə gəlişinin 50-ci ildönümü ərəfəsində istifadəyə verilir. Sakinlər daim bu günü xatırlayacaqlar. Heydərabad qəsəbəsi Ulu Öndərin rəhbərliyi ilə yaradılıb. İşğalçı ölkənin ötən əsrin 90-cı illərində Sədərəyə hücumu zamanı dağılan evlər yenidən qurulub, yeni binalar tikilib. Sərhəd bölgəsi Sədərəkdə 48 mənzilli yaşayış binasının tikilməsi düşmənə göz dağı, bizə sevincdir. Bu, muxtar respublikada Ulu Öndərin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir:

Ulu Öndər yolu haqqın yoludur,

Xalqın istəyidir, xalqın yoludur.

Bu yol sülhün, azadlığın yoludur,

Neçə kənd əməyi, şəhər əməyi,

Bu millət unutmaz Heydər əməyin.

Qanımız bayrağı göyə qaldırdı,

Vətənin yolunda çıraq yandırdı.

Neçə kənd saldırdı, şəhər saldırdı,

Neçə kənd əməyi, şəhər əməyi,

Bu millət unutmaz Heydər əməyin.

Sədərəklilər bundan sonra da Ulu Öndərin yolu ilə gedəcək, rayonumuz inkişaf edəcək, qəsəbəmiz şəhərə çevriləcəkdir”.

Sonra binaya baxış olub. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan bina 48 mənzillidir. Mənzillərdən 24-ü üçotaqlı, 24-ü isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 86 və 97, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 63 və 75 kvadratmetrdir. Fərdi istilik sistemi ilə qızdırılacaq mənzillərdə müasir kommunal məişət şəraiti yaradılıb, mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb.

Binanın həyətində abadlıq işləri görülüb, istirahət guşəsi yaradılıb, müasir işıqlandırma və suvarma sistemləri qurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: