Sədərək Gömrük İdarəsi üçün müasir kompleks qurulur - FOTOLAR
Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur.
NUHÇIXAN xəbər verir ki, iyulun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksin inşası ilə maraqlanıb.
Məlumat verilib ki, 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin olunması üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət olacaqdır. Kompleksdə əsas tikinti işləri başa çatdırılıb. Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla avtobus və minik nəqliyyat vasitələri, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcəkdir. Bir zolaq isə sürətli keçid üçün istifadə olunacaqdır.
Sərnişin keçid zalında gömrük əməliyyatları və sərhəd nəzarətinin həyata keçirilməsi üçün xidməti otaqlar, eləcə də yerli məhsullar satılan “DUTY FREE” və kafe yerləşəcəkdir. Avtonəqliyyat vasitələrinin və sərnişinlərin keçidi üçün nəzərdə tutulan binanın ikinci və üçüncü mərtəbələrində xidməti otaqlar yaradılıb. Hazırda inzibati binada və keçid xətlərində son tamamlama işləri həyata keçirilir. Gələcəkdə kompleksdə sərnişin və yük qatarlarının gömrük nəzarətindən keçməsi üçün də lazımi şərait yaradılacaq, kinoloji xidmət fəaliyyət göstərəcəkdir.
Yeni gömrük kompleksinin istifadəyə verilməsi gömrük nəzarəti və rəsmiləşdirilməsinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə imkan verəcəkdir. Bu da iqtisadi-ticarət əlaqələrini genişləndirməklə yanaşı, həm də muxtar respublikanın əlverişli tranzit imkanlarından və turizm potensialından səmərəli istifadəyə şərait yaradacaqdır.
Ali Məclisin Sədri kompleksin gömrük xidmətinin tələblərinə uyğun qurulması və işıqlandırılması, keyfiyyətə ciddi diqqət yetirilməsi, təcili tibbi yardım və yanğından mühafizə xidmətlərinin təşkil olunması barədə tapşırıqlar verib.