Naxçıvanda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvləri ilə görüş olub - FOTOLAR
İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı çərçivəsində muxtar respublikaya səfər edən gənclərlə görüşüb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək deyib ki, “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı Ümummilli Liderin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi münasibətilə keçirilir. Proqram çərçivəsində iştirak edən 50 gənc internet vasitəsilə seçilib. Proqram çərçivəsində keçirilən görüşləri diqqətə çatdıran Azad Rəhimov Ali Məclis Sədrinin gənclərlə görüşünün mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov gəncləri salamlayıb, səfərin təşkilatçılarına təşəkkürünü bildirərək deyib: Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyət, böyük dövlət xadimi, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik rəhbər, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolundan danışmaq üçün bütöv bir xalqın, bütöv bir ölkənin tarixindən danışmaq lazımdır. Möhtərəm Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Onun mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilmişdir. Bu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük. Bu, səbəbsiz deyil. Azərbaycanın 50 ilə yaxın bir dövrünü əhatə edən tarixi və siyasi taleyi, bu illər ərzində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş vermiş dirçəliş, inkişaf və tərəqqi möhtərəm Heydər Əliyevin adı ilə bağlıdır.
Ali Məclisin Sədri deyib: Ümummilli Liderimizin bütün həyatını göz önünə gətirsək, keçdiyi mənalı ömür yolunu nəzərdən keçirsək, böyük ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu – Azərbaycandır. Ulu Öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışmış, mübarizə aparmış və qalib gəlmişdir. Böyük ömrün Azərbaycan naminə fəaliyyətinin birinci mərhələsi ötən əsrin 40-cı illərindən 1969-cu ilə qədərki dövrü əhatə edir. Bu dövrdə möhtərəm Heydər Əliyev xalq üçün xidməti hər şeydən uca tutan, dövlət təhlükəsizliyi maraqlarını milli maraqlara tabe etdirməyi bacaran istedadlı hərbi xadim kimi parlamışdır. Təhlükəsizlik xidməti leytenantından həmin xidmətin general-mayoru ali hərbi rütbəsinədək böyük bir yol keçən xalqımızın böyük oğlu 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə həmin Komitənin sədri təyin olunmuşdur. Azərbaycan tarixində həmin dövrədək bu idarəyə azərbaycanlı başçılıq etməmişdi. Möhtərəm Heydər Əliyev təhlükəsizlik sisteminin generalı və rəhbəri vəzifəsinə yüksələn ilk azərbaycanlı idi.
Milli Liderimiz mövcud rejimin çətinliklərinə baxmayaraq bu idarədə gənc azərbaycanlı kadrların yetişdirilərək irəli çəkilməsinə, təhlükəsizlik orqanının azərbaycanlaşdırılmasına və xalqa yad ünsürlərdən təmizlənməsinə nail olmuş, son dərəcə çətin və həmin dövr üçün təhlükəli olan bu tədbirlər hesabına keçmiş Sovetlər Birliyinin digər respublikalarından fərqli olaraq Azərbaycanda dissident hərəkatı baş verməmişdi. Milli düşüncəli kadrların, yaradıcı ziyalıların Sovet rejiminin təhlükəsindən qorunması, xalqın həqiqi maraqlarına xidmət edən yaradıcı mühitin formalaşması Ulu Öndərimizin bu dövrdə Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri idi. Qədim dünyanın müdrikləri deyirdilər ki, insanların bir qismi tarix yazır, digərləri tarixi hadisələrin adi iştirakçısına çevrilir, üçüncülər isə bu tarixi yaradaraq onu irəli aparırlar. 1969-cu il iyulun 14-də möhtərəm Heydər Əliyevin Azərbaycan rəhbəri seçilməsi ilə ölkə tarixinin yeni səhifəsi yazıldı. Bu dövrün mahiyyətini başa düşmək üçün ondan əvvəlki Azərbaycanın ictimai-siyasi və iqtisadi vəziyyətinə nəzər salmaq lazımdır.
Qeyd olunub ki, ötən əsrin 60-cı illərində ölkəmizdə iqtisadi vəziyyət o qədər də sadə deyildi. Azərbaycan bütün əsas göstəricilərə görə digər respublikalardan geridə qalırdı. Sənaye və kənd təsərrüfatı strukturları günün tələblərinə cavab vermirdi. Əhalinin güzəranı getdikcə pisləşirdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 2 faiz olmuşdu. Bu göstərici çox böyük fərqlə bütün müttəfiq respublikalar içərisində ən aşağı hədd idi. Ümummilli Liderimizin siyasi hakimiyyətə gəlişi ilə ölkəmiz onu gözləyən bəlalardan xilas oldu. Ulu Öndərimizin Azərbaycan naminə fəaliyyətinin ikinci mərhələsi olan 1969-1982-ci illər tarixdə şəxsiyyətin rolunun nəyə qadir olduğunun əyani ifadəsinə çevrildi.
Ali Məclisin Sədri deyib: 1969-cu ilin 14 iyulu sadəcə respublika rəhbərinin seçim günü yox, bundan daha çox milli liderin rəhbərliyə gəlişi günü idi. Məhz bu tarixdən başlayaraq Azərbaycan ətalətin, geriliyin daşını atdı, öz tarixi taleyinin sahibi oldu. Ümummilli Liderimizin siyasi rəhbərliyinin birinci dövründə Azərbaycan başqa müttəfiq respublikaların 50 ildə keçdiyi inkişaf yolunu 14 ilə qət etdi. Möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə o zamankı SSRİ hökuməti Azərbaycanda xalq təsərrüfatının intensiv inkişafı ilə əlaqədar 5 xüsusi qərar qəbul etmişdi. Bu, böyük maliyyə və iqtisadi resurslar deməkdi. Görülən bütün tədbirlər hesabına ölkəmizin həyatında ciddi dəyişiklik baş verdi. Bu dəyişikliklərin miqyasını təsəvvür etmək üçün o dövrün statistikasına nəzər yetirmək kifayətdir. 14 il ərzində Azərbaycanda 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verilmişdi. Nəhəng işlər görülmüş, kimya və neft maşınqayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuşdu. Azərbaycan 14 milyon tona qədər neft istehsal etdiyi halda, Bakıda 30 milyon ton neft emalı gücünə malik sənaye kompleksi yaradılmışdı. Belə incə və uzaqgörən siyasət digər sahələrdə də planlaşdırılmışdı. Qısa müddətdə mərkəzləşmiş vəsait hesabına elektronika, radiotexnika, kosmos, aviasiya, hesablama texnikası istiqamətli obyektlərin yaradılması Azərbaycanın gələcəyinə istiqamətlənmiş müdrik siyasətin nəticəsi idi. O dövrün kiçik Azərbaycanı böyük Sovetlər Birliyinin əsas neft maşınqayırma sənayesi, üzümçülük bazası, yeganə məişət kondisionerləri istehsalı mərkəzinə çevrilmişdi. Azərbaycanın ittifaq miqyasında xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdı. Respublikamızda istehsal olunan 350 adda məhsul dünyanın 65-dən çox ölkəsinə ixrac olunurdu.
Bu dövrdə ilk dəfə olaraq Azərbaycanın enerji təhlükəsizliyinin də əsası qoyulmuşdu. 14 il ərzində 11 böyük elektrik stansiyası, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində, Araz çayı üzərində 22 meqavat gücündə su elektrik stansiyası tikilərək istifadəyə verildi. Respublikanın bütün yaşayış məntəqələri, hər bir ev elektrik enerjisi ilə təmin olundu. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi alan respublika idisə, 1982-ci ildə artıq elektrik enerjisi satan respublikaya çevrilmişdi. Həmin dövrün Azərbaycanı böyük bir tikinti meydançasını xatırladırdı. Bakı şəhərinin ümumi yaşayış fonduna bərabər həcmdə yeni yaşayış binaları tikilmiş, mikrorayonlar, qəsəbələr, şəhərlər salınmış, respublikada “İkinci Bakı” yaradılmışdı. Bu hesaba 2 milyondan çox adam öz yaşayış şəraitini yaxşılaşdırmışdı. Bakı ilə yanaşı, regionların da inkişafı diqqət mərkəzində saxlanmış, rayon mərkəzləri, dağ və sərhəd kəndləri yeni quruculuq ab-havası ilə əhatə olunmuşdu. Bu dövrün kəndləri öz simasını kökündən dəyişmiş, köhnə, palçıq möhrədən tikilmiş komaların yerində ağ daşdan aynabəndli evlər ucaldılmışdı. Rayon mərkəzlərində tarix-diyarşünaslıq muzeyləri, mədəniyyət sarayları, kəndlərdə klub müəssisələri, kitabxanalar istifadəyə verilmiş, həkim məntəqələri, xəstəxanalar inşa olunmuşdu. Əhali sağlamlığı sahəsində həyata keçirilən tədbirləri o dövrün nüfuzlu “Pravda” qəzeti də etiraf edərək yazırdı ki, “70-ci illərə qədər Azərbaycanda bir neçə köhnə xəstəxana binası olmuşdur. Bunlar milyonçular, mesenatlar tərəfindən tikilmişdir. Lakin təkcə 1970-80-ci illərdə yüzlərlə iri səhiyyə obyektləri inşa edilərək istifadəyə verilmişdir”.
Bildirilib ki, bu gün ölkəmizdə prioritet sahəyə çevrilən təhsilin inkişafına göstərilən qayğı və diqqətin əsası da ötən əsrin 70-ci illərində qoyulmuşdur. Məktəb tikintisi ilə bağlı böyük işlər görülmüş, 1969-1982-ci illərdə Azərbaycanda 419 min şagird yerlik 792 ümumtəhsil məktəbi, 67 min yerlik 414 məktəbəqədər tərbiyə müəssisəsi tikilib istifadəyə verilmişdi. Əgər 1965-ci ildə 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Bu dövrdə yüksək inkişaf müstəvisinə çıxan iqtisadiyyatın tələblərinə uyğun olaraq ali məktəblərin strukturunda da müəyyən dəyişikliklər aparılmış, milli kadr hazırlığına diqqət artırılmışdı. 14 il ərzində respublikanın ali məktəblərində 100-dən artıq yeni ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdı. “Azərbaycandan kənarda təhsil” adı ilə formalaşan və işlək mexanizmə çevrilən təhsil sistemi sayəsində hər il 1000-ə yaxın gənc ölkəmizdən kənarda təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdı. Həmin mütəxəssisləri Ulu Öndər “Azərbaycanın milli sərvəti” adlandıraraq yüksək dəyərləndirirdi. Ümummilli Liderimizin bu dövrdəki ən böyük xidmətlərindən biri də Cəmşid Naxçıvanski adına Hərbi məktəbi yaratması idi. Bununla yanaşı, Bakı Ali Ümumqoşun komandirləri məktəbinə daxil olan azərbaycanlı gənclərin sayı da ildən-ilə artırılırdı. Hər il 800-900 azərbaycanlı gənc hərb sənətinə daha yaxından cəlb olunaraq keçmiş Sovetlər Birliyində mövcud olan 54 ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsilə göndərilirdi. Peyğəmbər müdrikliyi və uzaqgörənliklə atılan bu addımlar hesabına 30 il sonra müstəqil Azərbaycan Ordusu yaranmış, onun komanda-zabit heyəti formalaşmışdır.
Ali Məclisin Sədri deyib: Liderin böyüklüyünü başa düşmək üçün vaxtın ucalığında dayanmaq lazımdır. Aradan keçən zaman məsafəsi 1970-ci illərdə atılan addımların əsl mahiyyətini başa düşməyə imkan verir. Ümummilli Liderimiz həmin dövrdə görülən işləri belə qiymətləndirirdi: “Biz bu işləri başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi: Azərbaycanın gələcəyinə baxış idi. Bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaqdır”. Bu fikirlər 1970-1982-ci illərdə Heydər Əliyev quruculuq siyasətinin istiqamətini və fəlsəfəsini özündə əks etdirir. O zaman SSRİ kimi böyük dövlətin ərazisinin və əhalisinin cəmi 3 faizini təşkil edən kiçik Azərbaycanda uzaq perspektivə hesablanmış taleyüklü işlər görülür, respublikanın maddi sərvətləri, karbohidrogen ehtiyatları gələcək nəsillər, müstə-qillik dövrü üçün qorunub saxlanır, bununla yanaşı, ittifaq büdcəsindən mərkəzləşmiş maliyyə və maddi resursların artan həcmdə Azərbaycanın inkişafına yönəldilməsi təmin edilirdi. Azərbaycanın Sovet dövründə inkişafının ən mühüm göstəricisi budur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdı.
İkinci ən mühüm göstərici bundan ibarətdir ki, bu dövrdə 1920-1929-cu illərdən başlayaraq Azərbaycan torpaqlarının qeyri-qanuni yolla və hissə-hissə Ermənistana güzəştə gedilməsi siyasətinə son qoyuldu. Buna isə regionların geniş inkişaf yoluna çıxarılması ilə nail olundu. Tarixi şəxsiyyətlərə qiymət verərkən belə bir prinsip əsas götürülməlidir ki, onlar öz dövrünün imkanları ilə müqayisədə nələri edə bilmişlər. Ümummilli Liderimizin Azərbaycana rəhbərliyinin birinci dövrünün bütün siyasi gedişlərini nəzərə alaraq tam qətiyyətlə demək mümkündür ki, xalqımızın böyük oğlu zamanın və şəraitin diqtə etdiyi çərçivələrdən çıxaraq öz dövrünü qabaqlamış, həlli mümkün olmayan problemləri reallaşdırmışdır. Möhtərəm Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biri də milli ruhun yüksəlişi, millətin tarixi yaddaşının özünə qaytarılması kimi fundamental məsələləri özündə əks etdirirdi. Totalitar sistemin ağır təzyiqlərinə baxmayaraq, o zaman Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atılmış, milli ruhun və mənəviyyatın daşıyıcıları olan elm, sənət və düşüncə adamları, bədii söz ustaları himayə edilmiş, elmi və bədii yaradıcılığa geniş şərait yaradılmışdı. Ölkəmizin tarixi keçmişində, mədəniyyətində dərin izlər qoymuş görkəmli şəxslərin yubileylərinin keçirilməsi, xatirəsinin əbədiləşdirilməsi, heykəllərinin ucaldılması milli şüurun bərpasına, müstəqillik duyğularının güclənməsinə əhəmiyyətli təsir göstərmişdir.
Ali Məclisin Sədri deyib: Əgər 1951-ci ildə Azərbaycan Kommunist Partiyasının on yeddinci qurultayına hesabat məruzəsində ”Kitabi-Dədə Qorqud” dastanı əsassız tənqid edilərək qadağan olunmuşdursa, ötən əsrin 70-ci illərində dastana ikinci ömür verildi, “Dədə Qorqud” filmi yaradıldı. “Xalq düşməni” elan olunmuş Hüseyn Cavidin cənazəsinin qalıqları uzaq Sibirdən Naxçıvana, vətəninə gətirildi. Milli şüurun inkişafında belə bir fakt da təsirsiz qalmırdı ki, Azərbaycanda yeni yaradılmış obyektlərə mərkəzin iradəsinin əksinə olaraq “Gülüstan”, “Təbriz”, yeni yaradılmış rayonlara Babək, Gəncə adları verilirdi. Burada sual olunur: Sovet rejiminin qadağan etdiyi atributlara, tarixi yer adlarına, repressiya qurbanlarına ikinci həyatın verilməsi, geridə qalmış əyalət respublikasının qısa müddətdə lider respublikaya çevirməsi necə mümkün olurdu? Mümkün olmayanları mümkün etməyin bir yolu vardı: Heydər Əliyev kimi xalqa, vətənə bağlı lider olmaq lazım idi. Məhz bu yolla gedərək, Sovet rejiminin keçilməz sədlərini aşaraq möhtərəm Heydər Əliyev xalqa ləyaqətli xidmətin canlı nümunəsini yaratdı. Azərbaycanı geniş inkişaf yoluna çıxardı. Ən vacibi isə odur ki, bu dövrdə Ümummilli Liderimizin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər ölkəmizin sonrakı müstəqillik dövrü üçün çox mühüm əsas olmuşdur. Bu gün tam əminliklə demək mümkündür ki, müstəqil Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına daha dərindən inteqrasiyası 1970-1982-ci illərdə təməli qoyulmuş güclü xalq təsərrüfatı potensialına əsaslanır. Həmin dövrlərdə inkişaf etmiş, elmi, mədəni və sosial strukturu formalaşmış, möhkəm milli kadr bazası yaradılmış Azərbaycan olmasaydı, müstəqillik dövrünün Azərbaycanı onu gözləyən problemlərin öhdəsindən bu qədər asanlıqla gələ bilməz, tam müstəqil ölkə kimi inkişaf və tərəqqiyə qovuşa bilməzdi. Bu, Ümummilli Liderimizin Azərbaycan naminə fəaliyyətinin ikinci mərhələsinin ən mühüm siyasi yekunu, ulu rəhbərin xalq qarşısında tarixi xidmətlərinin daha bir ifadəsidir.
Böyük ömrün üçüncü mərhələsi 1982-1987-ci illəri əhatə edir. Bu dövr Heydər Əliyev şəxsiyyətinin keçmiş Sovetlər Birliyi və bütün dünya miqyasında bir daha təsdiq olunduğu dövrdür. Hələ Azərbaycana rəhbərlik etdiyi illərdən başlayaraq Ümummilli Liderimiz Sovet İttifaqının beynəlxalq əlaqələrinin inkişafında fəal iştirak etmiş, xaricə səfər edən bir sıra hökumət nümayəndə heyətlərinə başçılıq etmişdi. Sovetlər Birliyinin rəhbərliyinə keçəndən sonra isə o, dəfələrlə Avropa, Asiya və Afrika ölkələrinə rəsmi səfərlərdə SSRİ hökumətini təmsil etmiş, ölkənin xarici və daxili siyasətinin bir sıra istiqamətlərinin formalaşmasında mühüm xidmətlər göstərmişdir. SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla xalqımızın böyük oğlu misilsiz dövlət idarəçiliyi və bacarığı nümayiş etdirmişdir. O, bu dövrdə Sovetlər Birliyi həyatının ən vacib strateji əhəmiyyətli sahələrinə, o cümlədən 15 nazirliyə birbaşa rəhbərlik edirdi. Bura xarici siyasət məsələlərindən tutmuş elm, səhiyyə, təhsil, gənclərlə iş, nəqliyyat və digər vacib sosial-iqtisadi sahələr daxil idi. Görkəmli dövlət xadiminin həyatının bu dövründə onun gündəlik iş qrafikinə daxil olan ən vacib sahə isə, şübhəsiz ki, Azərbaycan və onun problemlərinin həlli idi. Ümummilli Liderimiz bütün varlığı ilə Azərbaycana bağlı şəxsiyyət olmuşdur. “Azərbaycan” kəlməsini qürurla səsləndirən, azərbaycanlı olması ilə fəxr edən Ulu Öndər dünyanın qapılarını azərbaycanlıların üzünə açmışdı, Vətəninin, millətinin adını hər yerdə uca tuturdu, xalqını öndə görmək, doğma respublikasını inkişaf etdirmək üçün bütün imkanlardan istifadə edirdi.
Qeyd olunub ki, möhtərəm Heydər Əliyevin həyatının bu dövründə yüksək rəhbərlik keyfiyyətlərinin Sovetlər Birliyi xalqları tərəfindən də birmənalı şəkildə təsdiq və etiraf olunması, onu özünə siyasi rəqib kimi görən bacarıqsız Kreml rəhbərliyi tərəfindən şəxsi qısqanclıq hissi ilə qarşılanır, rejimin ayrı-seçkilik siyasəti tam gücü ilə işə salınırdı. Bu dövrdə xalqımızın böyük oğluna qarşı şəxsi zəmində yönəlmiş kampaniyanın mühüm istiqamətlərindən biri də Heydər Əliyev şəxsiyyətinin Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçiləri və onların Kremldəki havadarları qarşısında qüdrətli maneə, keçilməz sədd olması idi. Azərbaycana qarşı yönəlmiş siyasi irticanın, bu ölkəni yenidən parçalamaq, inkişafın qarşısını almaq və təsir altında saxlamaq siyasətinin kökündə məhz bir amil dayanırdı: Heydər Əliyev – Azərbaycan bağlılığını aradan qaldırmaq, Azərbaycanı milli liderdən məhrum etmək. İstər Moskvadan, istərsə də Azərbaycandakı milli dönüklərin qərəzli təzyiqləri 1987-ci il oktyabrın 21-də dahi rəhbərimizin siyasi hakimiyyətdən uzaqlaşması ilə nəticələndi. Bu istefadan 15 gün sonra əvvəlcədən planlaşdırılmış ssenari işə salındı və Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi gündəliyə gətirildi.
Ali Məclisin Sədri deyib: Tarixdə qüdrətli şəxsiyyətlərin yaradıcı enerjisi xalqının təkamülünə və intibahına səbəb olmuşdursa, onların hadisələrin qaynar mənbəyindən uzaq düşməsi bütün hallarda mənsub olduqları xalqın məhrumiyyəti ilə nəticələnmişdir. Azərbaycan siyasi mühitində də belə bir faciəli dövr yaşanmış, xalqımızın böyük oğlunun siyasi rəhbərliyinin birinci dövrü ilə siyasi hakimiyyətə ikinci qayıdışı arasındakı mərhələ tariximizə faciə və tənəzzül dövrü kimi daxil olmuşdur. Böyük ömrün Azərbaycan naminə fəaliyyətinin dördüncü mərhələsi olan 1987-1990-cı illər Kreml rejiminin bu böyük şəxsiyyətə qarşı həyata keçirdiyi ağır təqib illəridir. Göstərilən təzyiqlərə, şəxsi əlaqələrinin, telefon danışıqlarının izlənməsinə baxmayaraq, Ulu Öndərimiz sıravi vətəndaş kimi Azərbaycan üçün çalışmış, Sovet dövlətinin dağılmaqda olduğu bir şəraitdə vətəni üçün çıxış yolları axtarmış, özünün zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhəti ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etmişdir. Lakin o zaman Azərbaycana rəhbərlik edən səriştəsiz rəhbərlərin Moskva qarşısında mütiliyi və xəyanətkar siyasəti nəticəsində xalq öz liderindən, lider isə öz xalqından təcrid edilmişdi.
Bu dövr nəyi göstərdi? Onu göstərdi ki, Azərbaycanın nicatı Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Xalqın bundan kənarda özünü təsdiqi, ölkənin bundan kənarda inkişafı mümkün deyil. Bu fikrin ən sadə izahı kimi həmin dövrdə xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə torpaqları işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, biri digərini əvəz edən səriştəsiz rəhbərlər Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır, bu yola alternativ olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni də, özlərini də uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar. Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə xalqımız qarşısında xidmətlərini davam etdirmiş, həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə o zamankı Sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmişdi. Bundan sonra milli liderimizin Moskvada yaşaması mümkün olmadı. Kremlin təqiblərindən yaxa qurtararaq 1990-cı il iyulun 20-də Bakıya döndü. Lakin burada – vaxtilə qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən o, iki gün sonra, iyulun 22-də doğma Naxçıvana gəldi. Və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı.
“1990-1993-cü illər tarixə Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü kimi düşmüşdür. Azərbaycan naminə mübarizənin beşinci mərhələsi olan bu tarixi dövr Ulu Öndərimizin siyasi və dövlətçilik fəaliyyətində xüsusi yer tutur”, - deyən Ali Məclisin Sədri bildirib ki, ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi bir vaxtda səsini qaldıran, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran Heydər Əliyev və xalq amili bir daha fəal siyasi müstəvidə birləşdi. Xalqımızın böyük oğlunun qayıdışı Azərbaycan adlı parçalanmış, qan içində olan, 20 Yanvar faciəsinin məhrumiyyətindən özünə gəlməyə macal tapmayan, erməni yaraqlılarının hərbi müdaxiləsi, daxildə isə səriştəsiz rəhbərlərin xəyanəti ilə üzləşən yarımcan bədənə mənəvi ruh, bütövlük və tamlıq gətirdi. Lakin bu da taleyin işi idi ki, Azərbaycanın Azərbaycana qayıdışı kimi məsul tarixi vəzifə, xilaskarlıq missiyası Azərbaycanın paytaxtından yox, blokada və təhlükə qarşısında olan Naxçıvandan başlandı. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası tələbkar və olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan möhtərəm Heydər Əliyevin dediyi kimi, “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Azərbaycanın əsas əraziləri ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən sonra iqtisadi və siyasi böhran içində boğulan, adamların son ümidi olan ov tüfəngləri də yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvan, düşdüyü vəziyyətə SSRİ-nin tərkibindən çıxması barədə qərarı ilə etirazını bildirəndən sonra o vaxtkı hakimiyyətin qəzəbinə düçar olmuş, “kor bağırsaq” kimi kəsilib atılması zəruri bilinmişdi.
Tale Ulu Öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən Ulu Öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Üçrəngli bayrağımız ilk dəfə olaraq milli liderin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı. Keçmiş Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar atılaraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanılması şərti ilə Naxçıvandan yola salındılar. Onların bazasında Naxçıvanda ilk milli ordu hissələri yaradıldı. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi qeyd olunması, Dünya azərbaycanlılarının Birlik və Həmrəylik gününün təsis edilməsi qərara alındı. İlk dəfə olaraq Naxçıvan parlamentində aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edildi. Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi model də formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında İstilik Elektrik Stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkildi.
Qeyd olunub ki, 1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən Ümummilli Liderimizin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın, tərəqqinin Heydər Əliyev yoluna qayıdan ilk region olmaqla Azərbaycanda böyük nümunə gücünə malik idi. Bütün bunların nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əhalidə əmin-amanlıq yaranmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdı. Böyük Öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nümunəsi idi. Möhtərəm Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə xalqın fəal təşkilatlanmasının mühüm əlamətlərindən biri də lider ətrafında birliyin mühüm forması olan Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Xalqın öz təşəbbüsü ilə meydana çıxan bu təşkilat o dövrün siyasi hərəkatında fəal nümunə gücünə malik idi.
Xalqın gücü Heydər Əliyevdə olduğu kimi, Heydər Əliyevin də gücü xalqda idi. “Xalq–Heydər Əliyev”, “Heydər Əliyev–xalq” anlayışları bir-birindən ayrılmazdır. Bu mətləbin ilk sübuta yetirildiyi tarix isə bir qədər əvvələ –1992-ci ilə gedib çıxır. Bu, o dövr idi ki, xalqın adından hakimiyyətə sahiblənən Xalq Cəbhəsi özündən əvvəlki rəhbərliyin yarıtmaz siyasətini davam etdirir, xalqımızın böyük oğluna qarşı kampaniyanı gücləndirir, siyasi qısqanclığa və şəxsi mülahizələrə görə Naxçıvan Muxtar Respublikasının beynəlxalq müqavilələrlə təsbit olunmuş muxtariyyət statusunu ləğv etmək planını gizlətmirdi. Təsadüfi deyil ki, Xalq Cəbhəsi hakimiyyətinin təhriki ilə 1992-ci il oktyabrın 24-də bu təşkilatın Naxçıvandakı silahlı dəstələri muxtar respublikada ilk dövlət çevrilişi cəhdinə əl atdılar. Sonrakı çevriliş cəhdləri kimi, bu çevriliş cəhdi də xalqın ciddi müqaviməti nəticəsində tam iflasa uğradı. Çünki həmin dövrdən etibarən siyasi orientasiyasını müəyyənləşdirən xalq, artıq kütləvi şəkildə öz milli lideri ilə həmrəylik nümayiş etdirməyə başlamışdı. Bu dövrdə böyük siyasətçinin dövlətçilik təcrübəsinə gətirdiyi yenilik ondan ibarət idi ki, hakimiyyət xalq tərəfindən dəstək, möhkəm müdafiə təminatı almalıdır. Bundan kənarda rəhbərlik, bundan kənarda dövlət idarəçiliyi yoxdur və ola da bilməz. Ötən əsrin 90-cı illərində Azərbaycan hakimiyyəti xalq tərəfindən müdafiə olunmayan qurum vəziyyətinə düşmüşdü. Ölkənin üzləşdiyi böhran və fəlakət xalqda sabahkı günə ümidsizlik yaratmışdı. Hakimiyyət isə bu vəziyyətdən çıxış yolunu tapa bilmirdi. Qarabağ cəbhəsində bir-birini əvəz edən məğlubiyyətlər, ittifaq rəhbərliyinin antiazərbaycan mövqeyi daha acınacaqlı nəticələrlə – hakimiyyətdə təmsil olunanların öz xalqına qarşı xəyanətkar münasibəti ilə davam etdirilirdi. Nə Vəzirov-Mütəllibov hakimiyyəti, nə də Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı düşdüyü ağır siyasi durumdan xilas etmək iqtidarında deyildi. Müharibə şəraitində olan ölkədə 15 ayda 4 dəfə dövlət başçısının və 5 dəfə müdafiə nazirinin dəyişilməsi siyasi mühitdə qeyri-sabitliyin mühüm göstəricisi idi.
Ali Məclisin Sədri deyib: 1990-1993-cü illərin Azərbaycanı məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması, quberniyalara və əyalətlərə bölünməsi planı artıq çoxdan cızılmışdı və işə salınmışdı. Belə bir şəraitdə xalq yeganə nicatını, ölkənin siyasi və iqtisadi böhrandan qurtulmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, dövlət müstəqilliyinin daimi və əbədi olmasının yolunu ümummilli lider Heydər Əliyevdə görürdü. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını böyük xilaskarın ali hakimiyyətə qayıdışında tapdı. Təsadüfi deyil ki, milli liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün – 1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş günü kimi daxil olmuşdur. Ümummilli Liderimiz Azərbaycanı ikinci dəfə xilas etməklə özünə Azərbaycan boyda abidə ucaltdı.
Möhtərəm Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin altıncı mərhələsi olan 1993-2003-cü illər kifayət qədər tələbkar, iqtisadiyyatın dirçəldilməsi, islahatların aparılması və milli dövlət quruculuğu baxımından taleyüklü bir dövrdür. Bəzən Ulu Öndərin ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə Azərbaycan iqtisadiyyatını mürəkkəb və dərin böhrandan çıxarmasını Franklin Ruzveltin Amerika Birləşmiş Ştatlarında “böyük depressiya”nın nəticələrinin aradan qaldırılması üçün göstərdiyi fəaliyyətlə müqayisə edirlər. Nəzərə almaq lazımdır ki, möhtərəm Heydər Əliyev yalnız iqtisadi sahədə yaranmış böhranı aradan qaldırmırdı. Onun taleyinə milli dövləti yenidən qurmaq, Azərbaycanı özünə qaytarmaq kimi ağır və şərəfli missiya yazılmışdı. 1993-cü ildə Ümummilli Liderimiz deyirdi: “İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. O ki qaldı ictimai-siyasi vəziyyətə, bundan da pisini ağıla gətirmək olmaz. Suveren dövlətin ərazisinin 20 faizi işğal olunmuşdur”. Xalqımızın böyük oğlu ümummilli olduğu qədər də ümumbəşəridir. O, əhali sayına və ərazisinə görə kiçik bir dövlətin rəhbəri olmasına baxmayaraq şəxsiyyət kimi tarixin böyük dühaları sırasına daxildir. Onun nəzəri, siyasi baxışları, tükənməz dövlətçilik irsi bütün dünyaya məxsusdur. Belə bir fikir var: bir xalqın böyüklüyü onun sayca və ya ərazicə böyüklüyü ilə deyil, bəşər tarixinə verdiyi qüdrətli şəxsiyyətləri ilə ölçülür. Bu mənada Azərbaycan xalqı böyük xalqdır ki, bəşər tarixinə Heydər Əliyev kimi dahi siyasətçi, qüdrətli dövlət xadimi bəxş etmişdir. Tarixdə tək-tək şəxsiyyətlərə qismət olubdur ki, xalqının sonsuz və dərin məhəbbətini bu qədər qazana bilsin; həyatı, əməlləri öz ölkəsinin həyatı ilə bağlı olsun, vəhdət təşkil etsin. Möhtərəm Heydər Əliyevin daim xalqının milli maraqlarından çıxış etməsi, beynəlxalq sistemdə cüzi dəyişikliyi belə nəzərə almağı bacaran planetar təfəkkür sahibi olması onu nəinki iyirminci yüzilliyin, eyni zamanda iyirmi birinci yüzilliyin də dahi şəxsiyyəti kimi bütün dünyaya tanıtmışdır. Amerika Birləşmiş Ştatlarında Heydər Əliyevi Corc Vaşinqton ilə, Böyük Britaniyada Uinston Çörçil ilə müqayisə edirlər. Qardaş türk xalqı onda Atatürkün, fransızlar Şarl de-Qollun, almanlar Otto Bismarkın qətiyyətini görürlər. Ulu Öndərimizi bu şəxsiyyətlərlə bir sırada qoyan üstün keyfiyyət odur ki, o da sadalanan şəxsiyyətlər kimi öz xalqına arxa oldu, ölkəsinin dünya xəritəsindən silinməsinə imkan vermədi. Lakin Ümummilli Liderimizin fərqli keyfiyyətləri də var. O da bundan ibarətdir ki, Heydər Əliyev şəxsiyyəti konkret olaraq heç bir siyasi sistemə və ya ideologiyaya sığmır. Müəyyən siyasi sistem çərçivəsində və konkret dövr mərhələsində yetişən tarixi şəxsiyyətlərdən fərqli olaraq o, müxtəlif siyasi sistemlərdə öz xalqının əvəzolunmaz lideri kimi fəaliyyət göstərmişdir.
Ali Məclisin Sədri deyib: Azərbaycana 30 ildən artıq rəhbərlik etmiş böyük dövlət xadiminin fəaliyyəti əsl dövlətçilik və vətəndaşlıq məktəbidir. Bu məktəbin özünəməxsusluğu ondadır ki, ideoloji və iqtisadi əsaslarına görə əks qütbdə dayanan iki ictimai-siyasi quruluşda formalaşsa da, onun banisi hər iki dövrün çətinliklərinə baxmayaraq, bütün hallarda lider səviyyəsinə yüksələ bilmişdir. Ulu Öndər tarixin sınağından çıxmış idarəçilik üsulları, eləcə də müasir bəşəri dəyərləri və prinsipləri mənimsəyərək, özünəməxsus dövlət idarəçiliyi modelini yaratmağa müvəffəq olmuşdur. Bu modelin səciyyəvi cəhətləri – dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik, xalqın etimadına arxalanmaq, milli mentaliteti nəzərə almaqla güclü nizam-intizamın, daxili siyasi sabitliyin və sosial tarazlığın təmin edilməsi, demokratiya və humanizm prinsipləri ilə ciddi idarəetmə üsullarının uzlaşmasıdır. Milli liderimizin canından əziz sevdiyi müstəqil, qüdrətli Azərbaycan Heydər Əliyev yolu ilə gedərək yaşayır, gündən-günə inkişaf edir, tərəqqiyə qovuşur və Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin işi və əməlləri bu gün də yaşayır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır. Çünki bu yolu Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan hörmətli İlham Əliyev davam etdirir. 2003-cü ildə Prezident kimi and içən hörmətli İlham Əliyev demişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox iş görmək lazımdır.
Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
“Azərbaycanın inkişafı milli lider Heydər Əliyev siyasətinin davamındadır. Məhz bu siyasətin davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan bu gün müstəqil dövlət kimi yaşayaraq inkişaf edir. Əgər Ulu Öndərimiz ötən əsrin 70-ci illərində Azərbaycanı müttəfiq respublikalar içərisində özü-özünü maliyyələşdirən iki respublikadan birinə çevirmişdirsə, Ümummilli Liderimizin quruculuq xəttinin davamçısı hörmətli İlham Əliyev Azərbaycanı regionda lider dövlətə çevirmişdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu gün xalqımız əmindir ki, Ümummilli Liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən ölkə rəhbəri nəinki regionda, bütövlükdə dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı, onunla birlikdə Heydər Əliyev kursunu yaşadır, ölkəmizi inamla daha xoşbəxt gələcəyə aparır. Müstəqil Azərbaycan cəmiyyətində inkişafın bir hərəkətverici qüvvəsi var: bu – Heydər Əliyev ideyalarıdır. Heydər Əliyev yoluna sadiq qalan xalqımız özünün milli liderinin ideyalarını yaşatdıqca, onun zəngin xəzinəsindən bəhrələndikcə, daim irəliyə gedəcək, yaşayacaq və rifaha qovuşacaqdır. Varlığı qədər sevdiyi, inkişafı üçün bütün həyatını həsr etdiyi Azərbaycan, Ulu Öndərimiz üçün əsl məbədgah olduğu üçün ümummilli liderimiz Heydər Əliyev Azərbaycan adlı abidə yaratdı. Ulu Öndərimiz “Azərbaycan” kəlməsini qürurla, iftixarla səsləndirir və deyirdi: “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”.
Sonra Ali Məclisin Sədri gənclərin suallarını cavablandırıb.
Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının Gənclər Birliyinin sədri Nuranə Məmmədova: Naxçıvan Muxtar Respublikası ən çətin dövrlərini geridə qoyub. Bu gün Naxçıvanda iqtisadiyyat inkişaf edir. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, yeni istehsal müəssisələri, mədəniyyət, təhsil və digər obyektlər istifadəyə verilib. Bütün bu uğurlara blokada şəraitində necə nail olunub?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov: Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz Heydər Əliyevin əsəridir. Muxtar respublikada bütün uğurlara Heydər Əliyev yolunun davam etdirilməsi, ölkə Prezidentinin Azərbaycanın bütün regionları kimi Naxçıvana da göstərdiyi diqqət və naxçıvanlıların zəhməti sayəsində nail olunmuşdur. Naxçıvanda blokada sözü unudulub. Çalışmaq, zəhmət çəkmək və məqsədə nail olmaq blokadanın bütün çətinliklərini arxada qoyub. Naxçıvanda ərzaq və enerji təhlükəsizliyi təmin olunub, 354 adda məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. İstehsal olunan elektrik enerjisinin təxminən 70 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. Ordubad rayonunda 32 meqavatlıq Su Elektrik Stansiyasının tikintisindən sonra tələbat 100 faiz bərpa olunan enerji ilə ödəniləcəkdir. Əhalinin məşğulluğu təmin olunub. Təhsil müəssisələri tamamilə yenidən qurulub, kompüterlə, internetlə, elektron lövhələrlə təmin olunub. Bunlar hamısı blokada şəraitində olan müasir Naxçıvanın reallıqlarıdır.
Bakı Dövlət Universitetinin məzunu Sabir Rüstəmov: Ötən il Naxçıvanda Günnüt əməliyyatı keçirilib, işğal altında olan Günnüt kəndi azad olunub. Günnüt əməliyyatı necə keçirildi və bunun əhəmiyyəti nədən ibarətdir?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov: Günnüt əməliyyatının uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin gücünü göstərdi. Birincisi, Günnüt əməliyyatı ölkə Prezidentinin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin nəticəsidir. Çünki muxtar respublikadakı ordu, birləşmə və hissələrin silah və texnika təminatı, şəxsi heyətin döyüş hazırılığının artırılması daim diqqətdə saxlanılır. İkincisi, bu əməliyyat Azərbaycan əsgərinin şücaətidir. Üçüncü səbəb isə əməliyyat planının dəqiq hazırlanması idi. Əməliyyatın hazırlanmasına bir il öncədən başlanıldı, ərazi öyrənildi, hərəkət marşrutları müəyyənləşdirildi, düzgün zaman seçildi və 2018-ci ilin aprel ayında əməliyyatın keçirilməsi üçün qərar qəbul olundu. Əməliyyat may ayında uğurla başa çatdırıldı, Günnüt kəndi tam nəzarətə götürüldü, ərazi minalardan təmizləndi, səngərlər qazıldı, postlar quruldu. Bununla da həm mühüm strateji yüksəkliklər, həm də Gorus - Laçın yolu Azərbaycan əsgərinin nəzarətinə keçdi. Bir çox ölkələrdən olan hərbi ekspertlər də təsdiq etdilər ki, Günnüt əməliyyatı hərb tarixində hazırlanmış ən mükəmməl əməliyyatlardandır.
Gənclər Mərkəzi İctimai Birliyinin sədr müavini Elvin Hüseynov: Azərbaycanda gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan nadir dövlətlərdəndir ki, gənclərə dövlət səviyyəsində bu cür diqqət və qayğı göstərilir. Muxtar respublikada da gənclərlə bağlı mühüm işlər görülür. Bir təklifim var. Belə ki, Naxçıvanda gənclərlə bağlı beynəlxalq forum keçirmək, dünyanın müxtəlif ölkələrinin gənclərinin iştirakı ilə müzakirələr və fikir mübadilələri aparmaq, Naxçıvanı beynəlxalq səviyyədə gənclərin əməkdaşlıq mərkəzinə çevirmək mümkündürmü?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov: Artıq Naxçıvanda bu ənənə formalaşıb və Naxçıvan 2003-cü ildən gənclərlə bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir. İlk böyük tədbir 18-23 yaş gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatı olmuşdur. Bundan sonra ənənəvi olaraq hər il 1-10 may tarixlərində Naxçıvanda gənclər arasında beynəlxalq şahmat festivalı keçirilir, dünyanın müxtəlif ölkələrindən şahmatçılar həmin festivalda iştirak edir. Naxçıvanın ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı da böyük tədbirlər keçirilmişdir. Eyni zamanda Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi də mühüm əhəmiyyətə malik olmuşdur. Artıq Naxçıvanda qeyd olunan məsələ ilə bağlı təcrübə vardır. Təklifi müsbət qiymətləndirir və bildirirəm ki, Naxçıvanda belə bir tədbirin keçirilməsi əhəmiyyətli olar.
ASAN könüllüsü Dmitriy Yermakov: Cənab Sədr, Siz Heydər Əliyevin yaxın silahdaşı olmusunuz. Gənclər üçün maraqlıdır ki, Ulu Öndər çətin vəziyyətdə necə qərarlar qəbul edirdi?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov: Ümummilli lider Ali Məclisin Sədri işlədiyi dövrdə Naxçıvanda dövlət çevrilişinə cəhd olundu. Həmin gün Naxçıvan Televiziyası, Rabitə və Daxili İşlər nazirlikləri nəzarətə götürüldü. Lakin Ulu Öndər öz təhlükəsizliyini yox, xalqı və dövləti düşünərək dedi: “Məni xalq seçib, mənim borcum xalqı və hakimiyyəti qorumaqdır”. Həmin dövrdə Naxçıvan çox ağır günlər yaşayırdı. Lakin Heydər Əliyev-xalq birliyi Naxçıvanı, onunla birlikdə isə Azərbaycanı qorudu. Ulu Öndər ən çətin anlarda belə öz qətiyyətini qoruyub saxlayar, hadisələrə təmkinlə yanaşar və ən düzgün qərarları qəbul edərdi. Ölkəmizə rəhbərliyi dövründə - 1994-cü ildə də Azərbaycanda dövlət çevrilişinə cəhd oldu. Lakin Ümummilli Liderin qətiyyəti, xalqı ilə bir yerdə olması yenidən dövlətçiliyimizi xilas etdi.
İqtisad Universitetinin tələbəsi Əli Məmmədzadə: Cənab Sədr, gənclərlə görüşə vaxt ayırdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Gələcəkdə lider və şəxsiyyət kimi formalaşmaq, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak etmək üçün nələr etməliyik?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov: Dünyada ikinci bir ölkə tapmaq çətindir ki, Azərbaycan qədər gəncliyin inkişafına diqqət göstərsin. Ulu öndər Heydər Əliyevin yolu ilə gedən Azərbaycanda bu gün gənclər üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən gənclər siyasəti, sabitlik, müasir təhsil və idman infrastrukturu, insan amilinə verilən yüksək dəyər hər bir gənc üçün geniş imkanlar açır. İlk növbədə, yaradılan bu şəraitdən, mövcud sabitlikdən səmərəli istifadə etmək lazımdır. İkinci ən mühüm məsələ, seçdiyiniz peşəni mükəmməl öyrənməlisiniz. Böyük şairimiz Nizami Gəncəvi deyirdi ki, “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Çin filosofu Konfutsi isə yazırdı ki, “Həyatda müvəffəq olmaq üçün heç də hər şeyi bilmək vacib deyil. Amma lazım olanı bilmək mütləq vacibdir”. Ona görə də peşəni mükəmməl öyrənmək lazımdır. Çünki peşə sahibi olan hər bir gənc Azərbaycanın milli sərvətidir.
Naxçıvan Dövlət Universitetinin müəllimi Aidə Cəlilzadə gənclər adından minnətdarlıq edərək deyib: Naxçıvanda gənclər qayğı ilə əhatə olunub. Yaradılan şərait sağlam gəncliyin yetişməsinə hesablanıb. Hər bir gənc Naxçıvanın inkişafı və tərəqqisi ilə fəxr edir, qürurlanır. Bütün bunlar böyük zəhmət, ən əsası isə rəhbər qayğısının nəticəsidir. Gənclərin qarşısında duran vəzifə də Naxçıvanı, ölkəmizi daha yüksəklərə qaldırmaq üçün çalışmaqdan ibarətdir. Naxçıvanlı gənclər hər zaman Heydər Əliyev siyasi xəttini dəstəkləyir.
Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilərkən bəyan etmişdim ki, mənim yolum Heydər Əliyev yoludur. Bu yol davam etdirilərək Naxçıvanda, ilk növbədə ordu quruculuğu və təhsilə diqqət göstərildi. Nəticə isə göz önündədir. O dövrdə Naxçıvan Dövlət Universiteti 37 ali məktəb arasında 36-cı idi. Bu gün Naxçıvan Dövlət Universiteti Azərbaycan təhsilində ilk üçlükdədir. İki dəfə ali təhsil məktəblərinin reytinqində birinci yerə çıxmışdır. Təhsilə göstərilən qayğı muxtar respublikada istedadlı gənclərin də yetişməsinə səbəb olmuşdur.
Ali Məclisin Sədri Naxçıvanın qədim tarixinin öyrənilməsi və müasir inkişafının təmin olunması sahəsində görülən işlər barədə gənclərə ətraflı məlumat verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri gənclərlə xatirə şəkli çəkdirib, onlara hədiyyələr təqdim edib.