Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR
Mayın 29-da Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə iftar süfrəsi açılıb.
NUHÇIXAN xəbər verir ki, iftar mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov milli mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşan ümummilli liderimiz Heydər Əliyevin “Xalqımızın dini-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim milli sərvətimizdir” fikrini xatırladaraq deyib: Ən ali dini dəyərlərimizdən biri də mübarək Ramazan ayıdır. İlahi hikmətlər xəzinəsi olan “Qurani-Kərim”in nazil olduğu bu müqəddəs ay insanları əmin-amanlığa, bərabərliyə və savab işlərə dəvət edir. Dini dəyərlərə göstərilən ehtiramın nəticəsidir ki, muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir.
Ali Məclisin Sədri müqəddəs dəyərlərimizin daim uca tutulması diləyi ilə müqəddəs Ramazan ayında duaların və niyyətlərin qəbul olunmasını arzulayıb.
Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.
Naxçıvan Muxtar Respublikası Ağciyər və Psixi xəstəliklər dispanserlərində, Naxçıvan Muxtar Respublikası Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində, eləcə də Hərbi hospitalda müalicə alan xəstələr üçün də iftar süfrələri açılıb.