Ali Məclisin Sədri Sərəncam imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 2-də Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Beş min illik tarixə malik qədim mədəniyyət mərkəzi Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur.

1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində qurulan ilk Tarix-Etnoqrafiya Muzeyinin maddi-mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyəti olmuşdur. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoymuşdur. Tarix-Etnoqrafiya Muzeyinin təşəkkülündə 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olmuşdur. Bu cəmiyyətin arxeoloqlarla birgə muxtar respublika ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində əldə etdiyi maddimədəniyyət nümunələri muzeyin ekspozisiyasını zənginləşdirmişdir. Bu mədəniyyət ocağı sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilmiş və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilmişdir. Muzey 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərir.

Bu gün Naxçıvan Dövlət Tarix Muzeyində on şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır.

Naxçıvan Dövlət Tarix Muzeyinin xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi geniş qeyd edilsin.

2. “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: