Prezident İlham Əliyev sentyabrın 4-də Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Sərəncamda vurğulanır ki, 2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi tamam olur.
Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirib. Rəngarəng repertuarında eyni zamanda dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirə layiqdir.