Naxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir - VİDEO
Naxçıvanın qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti və müasir inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərir. Bu gün muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşası da bu sahədə görülən işlərin tərkib hissəsidir.
NUHÇIXAN xəbər verir ki, sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məscid kompleksində aparılan inşaat işləri ilə tanış olub.
Məlumat verilib ki, 6400 kvadratmetr sahədə inşa olunan kompleksdə məscidlə yanaşı, Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün inzibati bina və mərasim evi yerləşəcəkdir. Məscid binasının fasadında və daxilində işlər milli nəqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək aparılır. İslam dəyərlərinə və Naxçıvan memarlıq üslubuna uyğun tərtibat verilir, pəncərələr şəbəkə formasında yığılır. Havalandırma, işıqlandırma və istilik sistemləri ilə təchiz olunacaq məscidin 40 metrlik iki minarəsində və 12 metrlik 15 günbəzində də son tamamlama işləri görülür. Məsciddə qadın və kişilər üçün ayrıca ibadət zalları, mədrəsə, həyətdə isə dəstəmaz yerləri istifadəyə veriləcəkdir.
Ali Məclisin Sədri məscidin daxilində və fasadında işlərin keyfiyyətlə aparılması, xüsusilə mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar verib.