Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb.
NUHÇIXAN-ın məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Şimali Makedoniyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm".
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:
"Hörmətli Emoməli Şərifoviç,
Tacikistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün dost Tacikistan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması yolu ilə inamla irəliləyir. Ölkəniz dünyada və regionda sülhün və sabitliyin bərqərar olmasına, beynəlxalq təhlükəsizliyə və dialoqa mühüm töhfələr verir.
İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı atdığımız addımlar daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Hörmətli Emoməli Şərifoviç, bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram".