Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 24-də Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan milli istiqlaliyyət tariximizdə xüsusi yer tutur. XX əsrin əvvəllərində Naxçıvanın ağır tarixi-siyasi şəraitdə erməni təcavüzü və soyqırım siyasəti ilə üz-üzə qalması, burada güclü dövlət idarəçiliyi və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdır. 1918-ci ildə tarixi zərurətdən yaranan Araz-Türk Cümhuriyyətinin uğurlu hərbi və diplomatik fəaliyyəti Naxçıvanı erməni təcavüzündən qorumuş və bununla da dövlət müstəqilliyi uğrunda mübarizədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur.
Araz-Türk Cümhuriyyətinin müstəqillik tariximizdəki müstəsna xidmətlərini və siyasi əhəmiyyətini nəzərə alıb, fəaliyyətinin elmi əsaslarla tədqiq edilməsi və öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə “Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupu yaratsın.
2. Tədqiqatın nəticələri əsasında elmi nəşr hazırlansın".