Naxçıvan Muxtar Respublikası Ali Məclisində media nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbiri açaraq deyib ki, 2019-cu il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, fondun nizamnaməsi və müşahidə şurasının üzvləri təsdiq olunub. Ali Məclisin Sədri müşahidə şurasının üzvlərini media nümayəndələrinə təqdim edib və üzvlər arasından müşahidə şurasına sədr seçilməsi üçün Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hüseynli Ülvi Mötəbər oğlunun təklif olunduğunu bildirib. Təklif müşahidə şurası üzvləri tərəfindən qəbul olunub.

Ali Məclisin Sədri deyib ki, mətbuat hər bir ölkənin həyatında vacib sahədir. Muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı görülən işlər mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da zamanın tələbi idi. Görülən işlər onu deməyə əsas verir ki, bu gün muxtar respublikada sağlam mətbuat formalaşıb. İstər yaradılan maddi-texniki baza, istərsə də jurnalist kadrların hazırlanması sahəsində görülən işlər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş imkanlar açır. Bu gün blokada şəraitində yaşayan muxtar respublikanın inkişafı, zəngin tarixi-mədəni irsi və turizm potensialı ümumilikdə Naxçıvan həqiqətləri kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə təqdim olunur. Çünki düzgün informasiyaların yayılması, səmərəli təbliğat və təşviqat mexanizminin müəyyənləşdirilməsi medianın əsas fəaliyyət istiqamətidir. Bu gün muxtar respublikanın inkişafını təmin edənlər və bu işin təbliğatçısı olan media nümayəndələrinin birgə fəaliyyəti Naxçıvanın müasir inkişaf tarixini yaradır.

Ali Məclisin Sədri səmərəli fəaliyyətlərinə görə muxtar respublikanın kütləvi informasiya vasitələrinin əməkdaşlarına təşəkkür edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək deyib ki, muxtar respublikada kütləvi informasiya vasitələrinin maddi-texniki bazalarının gücləndirilməsi tədbirləri hər il diqqət mərkəzində saxlanılır. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınıb. 2019-cu ildə də muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyətinin təşkili sahəsində mühüm işlər görülüb, teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilib. Naxçıvan Dövlət Televiziyasının “Xəbərlər” redaksiyasının çəkiliş studiyası yenidən qurularaq istifadəyə verilib. Həmçinin Naxçıvan Dövlət Televiziyasına yeni çəkiliş avadanlıqlarının alınması məqsədilə müqavilə imzalanıb. Nuhçıxan İnformasiya Agentliyinin və “Şərq qapısı” qəzetinin internet saytları yenidən işlənilib, “Kanal 35” televiziyasında yeni avadanlıq quraşdırılıb, kütləvi informasiya vasitələrinin yüz minlərlə izləyicisi olan aktiv sosial şəbəkə hesabları yaradılıb. Ülvi Hüseynli göstərilən diqqətə və etimada görə muxtar respublikanın kütləvi informasiya vasitələrinin əməkdaşları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli deyib: Naxçıvan mediası bu gün nəinki region, hətta dünya təcrübəsində də nümunəvi bir modeldir. Ona görə də Naxçıvanın iqtisadiyyatı, ordusu, idarəetmə sistemi, ictimai-mədəni mühiti kimi onun mediası da bu gün nümunə göstərilir. Ötən müddətdə jurnalistlərlə dəfələrlə görüşən, onları mükafatlandıran, qayğı və problemlərini həll edən, kütləvi informasiya orqanlarının inkişafı ilə əlaqədar müşavirələr keçirən, tapşırıq və tövsiyələrini verən Ali Məclisin Sədri həm də bu sahədə yüzlərlə qələm sahibinin yetişib formalaşmasının əsas səbəbkarı və himayədarıdır. Naxçıvan mediasının, eləcə də Naxçıvan teleradiosunun inkişafı tam planlı şəkildə və uğurla həyata keçirilir. Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində zəif olan mediamız həyata keçirilən bu qətiyyətli tədbirlər nəticəsində öz gücünü xeyli artıraraq vacib bir ideoloji vasitəyə çevrilib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova deyib: Bu gün “Şərq qapısı” qəzetinin maddi-texniki bazası xeyli gücləndirilib. Əməkdaşlar üçün yaradılan şərait daha oxunaqlı qəzet nəşrinə imkan verir. Çalışırıq ki, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilsin, mətbuat ictimai fikrin əsas vasitəsinə çevrilsin. İstər müasir avadanlıqlar, istərsə də geniş yaradıcılıq imkanları jurnalistlərə muxtar respublikanın bugünkü inkişafının təbliğatçısı olmağa əsas verir. Qəzetdə yeni rubrikaların açılması, gənc əməkdaşların işə qəbul olunması, internet saytının yenilənməsi oxucuların sayını xeyli artırıb.

Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İnformasiya təminatı və saytlarla iş redaksiyasının baş redaktoru Səməd Canbaxşıyev minnətdarlıq edərək deyib ki, Naxçıvanda istər teleradio və qəzet, istərsə də internet jurnalistikası sahəsində böyük təcrübə vardır. Bir zamanlar çəkilişlərdə kamera və digər avadanlıqlar çatışmırdı. Lakin bu gün Naxçıvan televiziyasında çəkilişlər ən yüksək keyfiyyətlə aparılır. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının üzvü kimi təklif edirəm ki, 2020-ci ildə milli mətbuatımızın yaranmasının 145 illiyi münasibətilə jurnalistlər arasında yaradıcılıq müsabiqəsi keçirilsin.

Televiziya və Radio Şurasının üzvü Sara Əzimova deyib: Ötən əsrin 90-cı illərinin əvvəllərinə nəzər salsaq görərik ki, o zamanın jurnalistləri Naxçıvanın problemlərini mətbuat səhifələrində daha çox qabardırdılar. Bu gün isə jurnalistlər Naxçıvanın inkişafını, tərəqqisini təbliğ edirlər. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər də muxtar respublikanın inkişafından ürəkdolusu söz açırlar. Təbii ki, bütün bunların səbəbi yaradılan müasir şəraitdir.

Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Müəllif proqramları və xüsusi layihələr redaksiyasının baş redaktoru Ruhiyyə Rəsulova deyib: Bu gün televiziyada çalışanların əksəriyyətini gənclər təşkil edir. Fəaliyyət göstərdiyim redaksiya bu il efirə milli dəyərlərimiz, tariximiz, turizm potensialımız və digər mövzularda 6 yeni layihə təqdim edibr. Bugünkü görüş də yeni layihələrin başlanğıcı kimi mühüm əhəmiyyət kəsb edir. Çalışacağıq ki, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilsin.  

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov mətbuata göstərilən qayğıdan danışıb, muxtar respublikada bütün sahələrdə qazanılan inkişafı “Vətən oğlu” şeiri ilə ifadə edib.     

 

Vətənim yetirib bir oğul daha,

Yaşayır qəlbində el məhəbbəti.

Onun çağırışı ilə xalqım bir olub,

Göylərə qaldırıb bu məmləkəti.

 

Naxçıvan memarlıq məktəbimizin,

Ən böyük memarı, ustadı odur.

Onun tutduğu yol ulu Heydərin,

Nurlu ideyası, nurlu yoludur.

 

Bu yolda çox şeylər qazanmışıq biz,

Əmək meydanında uğur, qələbə,

Tikdiyi, qurduğu yadigarları

Xoş gəlir ürəyə, xoş gəlir qəlbə.

 

Bu qədim diyarın hər guşəsində,

Onun öz ilməsi, naxışları var.

Tikdiyi körpülər, tikdiyi yollar,

Sənət incisi tək könüllər oxşar.

 

“Nuh yurdu” qəzetinin redaktoru Qafar Qənbərov deyib ki, Naxçıvan mətbuatı böyük inkişaf yoluna qədəm qoyub, biz jurnalistlər üçün hər bir şərait yaradılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da bu qayğının bariz nümunəsidir. Fondun müşahidə şurasının üzvü kimi təklif vermək istəyirəm ki, mətbuatda ziyalı sözünə, ziyalı fikrinə böyük ehtiyac var. Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları ilə ziyalıların görüşünü təşkil etmək bu baxımdan səmərəli olar.

Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Sənədli filmlər və dublyaj redaksiyasının baş redaktoru Müzəffər Əsgərov deyib: Dövlət Televiziya və Radio Verilişləri Komitəsində yaradılan şərait işimizin səmərəsini xeyli artırır. Son dövrlər televiziyada yüzdən çox film istehsal olunub ki, bunların əksəriyyəti ölkəmizin və dünyanın müxtəlif telekanallarında yayımlanır. Bu il Naxçıvan təbiəti ilə bağlı hazırladığımız “Zəngəzur dağları” filmini Amerika Birləşmiş Ştatlarının və Türkiyənin məşhur kanallarına təqdim etməyi nəzərdə tuturuq.

“Şərq qapısı” qəzetinin baş redaktor müavini Rauf Əliyev minnətdarlıq edib və bildirib ki, qəzetlərdə təcrübəli jurnalistlərin iştirakı ilə seminar-treninqlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, bu gün muxtar respublika dünya əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm informasiya məkanına çevrilib. Türk dünyasının mərkəzi sayılan qədim və müasir Naxçıvanın davamlı inkişafı jurnalistlər üçün tükənməz mövzu mənbəyidir. 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri Qahirə Hüseynova deyib: Muxtar respublika mətbuatı çətin inkişaf dövründən keçib. Lakin Ulu Öndərin Naxçıvandan başlatdığı xilaskarlıq missiyası digər sahələrlə yanaşı, mətbuatı da əhatə edib. Bu gün həyata keçirilən tədbirlər kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliklərinin yaranması ilə müşahidə olunur. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da bu sahədə görülən işlərin davamı kimi böyük əhəmiyyətə malikdir.

“Şərqin səhəri” qəzetinin redaktoru Muxtar Rzazadə deyib: Naxçıvan mətbuatının bugünkü inkişafı şəhər və rayon qəzetləri üçün də geniş fəaliyyət imkanları açıb. “Şərqin səhəri” qəzeti də hər cür şəraiti olan müasir binada yerləşir. Mətbuata qayğı gənc jurnalistlərin yetişməsi sahəsində də uğurların qazanılmasına səbəb olub. Ali Məclis Sədrinin  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması barədə imzaladığı müvafiq Fərman uzaq gələcəyə hesablanmış mühüm dövlət sənədidir. Muxtar Rzazadə göstərilən qayğıya görə gənc jurnalistlər adından minnətdarlıq edib.

Ali Məclisin Sədri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurası tərəfindən təkliflərin nəzərə alınması və icrası barədə tapşırıqlar verib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə kütləvi informasiya vasitələrinin inkişafına böyük qayğı göstərmişdir. Teleradio və qəzetlərin maddi-texniki bazası gücləndirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmış, jurnalistlərin sərbəst yaradıcılıq imkanları təmin edilmişdir. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi mətbuata dövlət qayğısı ənənəsi bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Naxçıvan Muxtar Respublikasında da kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, informasiya təhlükəsizliyi təmin olunmuşdur. Güclü maddi-texniki baza və hərtərəfli yaradıcılıq imkanı, bütün yaşayış məntəqələrinin fiber-optik kabel xətti və sürətli internetlə, İP televiziya və rəqəmsal yayımla təmin olunması  informasiya-məlumatlandırma işinin səmərəliliyini xeyli artırmışdır. Bu gün muxtar respublikada universitet televiziyası və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio, “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, Nuhçıxan İnformasiya Agentliyi, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir, ümumilikdə kütləvi informasiya vasitələrində çalışanların sayı 400-ə yaxındır. Jurnalistlərin sosial məişət şəraiti yaxşılaşdırılır, əməkhaqları artırılır.

Ali Məclisin Sədri deyib: Sosial-iqtisadi inkişaf, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsini, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini zəruri edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da muxtar respublikanın mətbuat tarixində yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Fondun fəaliyyətinin təmin olunması kütləvi informasiya vasitələrində keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmalıdır. Qarşıda mühüm vəzifələr durur.

Ali Məclisin Sədri kütləvi informasiya vasitələrinin qarşısında duran vəzifələrdən danışaraq deyib: Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu dövlət müstəqilliyimizi möhkəmləndirmək, Azərbaycanımızın və muxtar respublikamızın inkişafında yaxından iştirak etmək hər bir jurnalistin birinci vəzifəsidir. Kütləvi informasiya vasitələri öz işlərini bu tələblərə uyğunlaşdırmalı, vətənpərvərlik əsas fəaliyyət istiqaməti olmalıdır. Həyata keçirilən islahatların, yaradılan güclü maddi-texniki bazanın əsas məqsədi tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdən, oxunaqlı qəzet nəşrinə nail olmaqdan ibarətdir. Auditoriyanın marağının nəzərə alınması, balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, hadisələrə operativ və obyektiv münasibət bildirmək hər bir əməkdaşın qarşısında duran başlıca vəzifədir. Normativ-hüquqi aktların, qəbul olunmuş dövlət proqramlarının icrası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı”, şəhər və rayon qəzetləri tərəfindən mütəmadi izlənməli, bununla bağlı maarifləndirici və analitik materiallar hazırlanmalıdır.

        Ali Məclisin Sədri deyib: Bu gün Naxçıvan Dövlət Televiziyası və Radiosu, eləcə də “Şərq qapısı” qəzeti həm də internetdə yayımlanır. Nuhçıxan İnformasiya Agentliyinin saytında gün ərzində davamlı informasiyalar, video materiallar və müəllif yazıları yerləşdirilir. Bu, informasiyaların daha geniş kütləyə çatdırılması baxımından əhəmiyyətli olsa da, eyni zamanda böyük məsuliyyət deməkdir. Təqdim olunan materiallar elə hazırlanmalıdır ki, onlar oxucu, tamaşaçı, dinləyici və izləyici toplaya bilsin. Naxçıvan Dövlət Televiziyasının, Nuhçıxan İnformasiya Agentliyinin və "Şərq qapısı" qəzetinin saytları, eləcə də rayon qəzetlərinin sosial şəbəkələrdəki səhifələri mütəmadi yenilənməli, informasiya yükü artırılmalı, Naxçıvanın təbliği və tanıdılması sahəsindəki fəaliyyət gücləndirilməlidir. Hər bir xalqın milli kimliyini təsdiq edən onun folkloru, min illər ərzində formalaşan adət-ənənələridir. Kütləvi informasiya vasitələrində hər fəsilə uyğun folklor və etnoqrafik materialların hazırlanması diqqətdə saxlanılmalı, milli dəyərlərimiz təbliğ edilməli, bu məqsədlə yeni telelayihələr işlənilməli və qəzet rubrikaları açılmalıdır.

Mətbuatın inkişafından danışarkən kadr hazırlığı məsələsi xüsusilə qeyd olunmalıdır. Çünki keyfiyyət dəyişikliyinə yalnız peşəkar kadr təminatı yaratmaqla nail olmaq mümkündür. Bu səbəbdən də Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, eləcə də “Şərq qapısı” qəzeti jurnalistika ixtisası tələbələrinin teleradio və qəzetlərdə fəaliyyətinə hərtərəfli şərait yaratmalı, istedadlı gənclər seçilərək işə götürülməli, hamiliklə bağlı verilən tapşırıqlar icra olunmalı, təkmilləşdirmə kursları və ustad dərsləri keçirilməlidir. Naxçıvan Dövlət Universitetinin Media Mərkəzinin imkanlarından səmərəli istifadə olunmalı, nəzəri biliklərlə yanaşı, praktik işə də diqqət artırılmalı, tələbə-jurnalistlərdə ilkin peşə vərdişləri formalaşdırılmalıdır.

Ali Məclisin Sədri deyib: Teleradio və qəzetlər yalnız jurnalistlərin yaradıcılıq sahəsi olmamalıdır. Çünki kənar müəllif imzası, ziyalı sözü yoxdursa, onda mətbuatın, televiziyanın ictimai tribuna kimi funksiyasından da danışmaq olmaz. Kənar müəlliflərin qəzet və teleradiolarla əməkdaşlığa cəlbi diqqətdə saxlanılmalı, müsahibələrə, ziyalı sözünə geniş yer verilməli, ictimaiyyət düzgün istiqamətləndirilməlidir. Media ictimai fikrə təsir göstərən qüdrətli vasitədir. Ona görə də teleradio və qəzetlər vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməlidirlər. Jurnalistlər ictimai nəzarətçi kimi öz fəaliyyətləri ilə cəmiyyətin inkişafına töhfə verməli, seçilən mövzu və hazırlanan materiallar ümumi işə kömək göstərməlidir. Müasir informasiya cəmiyyəti quruculuğunda qarşıda duran əsas məsələlərdən biri də dövlət orqanlarının mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin yaradılmasıdır. Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi mətbuat xidmətləri ilə işə diqqəti daha da artırmalı, onların fəaliyyəti təhlil olunmalı, mətbuat xidmətləri tərəfindən aylıq və rüblük arayışlar, analitik materiallar hazırlanaraq kütləvi informasiya vasitələrinə təqdim edilməli, qurumların internet saytları mütəmadi yenilənməli və informasiya yükü artırılmalıdır.

Qeyd olunub ki, yaşadığımız dövrdə kütləvi informasiya vasitələrinin maarifləndirmə funksiyasının gücləndirilməsi zərurətə çevrilib. Bu səbəbdən də maarifləndirici materialların həcmi və keyfiyyəti daim diqqətdə saxlanılmalıdır. Gənclik böyük qüvvədir. Sağlam gənclik isə həm də ölkənin gələcək təminatıdır. Bu mənada kütləvi informasiya vasitələrində gənclərin milli mənlik şüurunun inkişafına, ən əsası isə onlarda hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət edən veriliş və yazıların həcmi artırılmalı, tədrisyönümlü proqramların keyfiyyətinə diqqət yetirilməli, oxunması zəruri olan kitablar geniş təbliğ olunmalıdır. Muxtar respublikanın hər bir rayonunda ailə təsərrüfatları fəaliyyət göstərir. Bu gün onların fəaliyyətinin təbliğ olunması və nümunə gücündə verilməsi vacib məsələdir. Teleradio və qəzetlərdə, informasiya agentliyində və sosial şəbəkələrdə ailə təsərrüfatları barədə yazılar verilməli, müsahibələr alınmalı, nümunəvi ailə təsərrüfatlarının fəaliyyəti təbliğ olunmalıdır.

Diqqətə çatdırılıb ki, qədim və zəngin tarixi-mədəni irsi, dünya əhəmiyyətli abidələri, təbii müalicə mərkəzləri, müasir inkişafı və mövcud sabitlik Naxçıvana marağı artırıb, turizmin inkişafı üçün geniş imkanlar açıb. Turist təşviqi isə informasiya-məlumatlandırma və təbliğat işinin düzgün qurulmasından asılıdır. Bu işdə teleradio və qəzetlərin, eləcə də Nuhçıxan İnformasiya Agentliyinin və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməli, jurnalistlər tarixi-mədəni irsimizin, milli dəyərlərimizin və Naxçıvanın müasir inkişafının təbliğatçısı olmalıdırlar. Gələcək tədqiqatçılar üçün bugünkü mətbuat əsas mənbələrdən biri olacaqdır. Odur ki, qəzetlərdə bu günümüzün tarixi olduğu kimi yazılmalı, muxtar respublikada gedən quruculuq işləri, aparılan sosial-iqtisadi islahatlar geniş əksini tapmalıdır. Jurnalistlər Naxçıvanın müasir quruculuq salnaməsini yaratmalı, kəndlərdən verilişlər,  teleetüdlər hazırlanaraq təqdim olunmalıdır. Müasir dövrdə internet mediası və sosial şəbəkələr istənilən sahədə ictimai fikri yönləndirən əsas vasitəyə çevrilib. Sosial şəbəkələrdə yayılan məlumatlar qısa müddətdə böyük ictimai rəy formalaşdırır. Ona görə də jurnalistlər sosial şəbəkələrin imkanlarından məqsədyönlü istifadə etməlidirlər.

 Ali Məclisin Sədri deyib: İctimaiyyətə çatdırılan hər bir informasiya dəqiq və əsaslı olmalıdır. Jurnalist peşəkarlığının əsas şərti də onun mötəbər mənbələrə istinad etməsindədir. Muxtar respublikada tarix, mədəniyyət, sosial-iqtisadi inkişaf və milli dəyərlərlə bağlı yüzlərlə kitab və ensiklopediya nəşr olunub. Jurnalistlər hər hansı mövzuya müraciət edərkən etibarlı mənbə kimi bu kitablara əsaslanmalı, yeri gəldikdə aid qurumlara sorğular göndərilməli, mütəxəssis rəyi öyrənilməli, ictimaiyyətə düzgün məlumatlar təqdim edilməlidir. “Şərq qapısı”, şəhər və rayon qəzetləri, eləcə də Nuhçıxan İnformasiya Agentliyi ən müasir fotoaparatlarla təmin olunublar. Lakin etiraf edək ki, fotojurnalistika işi hələ də tələb olunan səviyyədə deyil. Bu sahədəki nöqsanlar qısa müddətdə aradan qaldırılmalı, yaradıcı əməkdaşlar işə cəlb olunmalıdır. Təcrübə göstərir ki, qarşılıqlı yaradıcılıq əlaqələri teleradio və qəzetlərin fəaliyyətinə müsbət təsir göstərir. Muxtar respublikanın kütləvi informasiya vasitələri bu ənənəni davam etdirməli, ölkə və dünya mediası ilə səmərəli əməkdaşlıq qurulmalıdır.    

Qeyd olunub ki, Televiziya və Radio Şurası və Naxçıvan Mətbuat Şurası müəyyənləşdirilən vəzifələrin teleradio və qəzetlərdə icrasına nəzarət etməli, təhlilli monitorinq məlumatları və hesabatlar hazırlamalı, səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməli, yaradıcı işə köməklik göstərməlidirlər. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yaradılan müasir texniki imkanlardan, quraşdırılan çap avadanlıqlarından səmərəli istifadə olunmalıdır. Çap işinin keyfiyyəti və çeşidi artırılmalı, nəşriyyat-poliqrafiya işi ilə bağlı yeni təkliflər verilməlidir.

Ali Məclisin Sədri deyib: Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti qısa müddətdə təmin edilməli, yeni layihələr hazırlanmalı və müsabiqələr keçirilməli, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq gücləndirilməlidir. Jurnalistlərin peşə davranış qaydaları ilə bağlı tövsiyələr hazırlanmalı, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələri haqqında informasiya bankı yaradılmalıdır. Fondun müşahidə şurası qanunvericiliyə uyğun olaraq ona həvalə edilmiş vəzifələrin icrasında məsuliyyəti artırmalı, teleradio və qəzetlərin fəaliyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat verməlidir.

“Bu gün qarşıda duran əsas vəzifə ondan ibarətdir ki, kütləvi informasiya vasitələrinin yaradıcı gücü ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafına yönəlsin”, - deyən Ali Məclisin Sədri dahi rəhbərin “Hər bir kütləvi informasiya vasitəsi müstəqil dövlət, vətəndaş cəmiyyəti quruculuğu, milli və dünyəvi dəyərlərin bərqərar olunması, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsi prosesində effektiv iştirak etməli, həyatın güzgüsü, həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə çağırmalı və səfərbər etməlidir”, - fikirlərini diqqətə çatdırıb, bu yolda kütləvi informasiya vasitələrinin əməkdaşlarına uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: