Kültəpə Kənd Mərkəzi istifadəyə verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpədə kənd mərkəzinin açılışını edib.
Bildirilib ki, kənd mərkəzində rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, poçt bölməsi, arxiv və 66 yerlik zal yerləşir. Kitabxanada 4426 ədəbiyyat vardır. Onlardan 1666-sı latın, 2760-ı isə kiril əlifbası ilə çap olunmuş kitablardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb. Yeni Azərbaycan Partiyası Kültəpə kənd ərazi ilk təşkilatının 106 partiya üzvü vardır. Onlardan 25-i gənc, 45-i isə qadındır.
Rabitə evindəki 384 nömrə tutumlu ATS Kültəpə kəndində 192 abonentə xidmət edir. Hazırda kənddə 84 internet istifadəçisi vardır.
Kənd yaşayış məntəqələrində baytarlıq xidmətinin nümunəvi təşkili ərzaq təhlükəsizliyinin təminatında və sağlam məhsul istehsalında mühüm amildir. Ona görə də kənd mərkəzində baytarlıq məntəqəsi üçün lazımi şərait yaradılıb.
Ali Məclisin Sədri tikilənlərin qorunub saxlanılmasında və yaşıllıqların artırılmasında kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, müvafiq tapşırıqlar verib.
Həyətdə abadlıq işləri aparılıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.