Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib - FOTOLAR
Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, səhiyyə sistemi də müasirləşdirilib, əhali keyfiyyətli tibbi xidmətlə təmin olunub. Bu gün muxtar respublikada yaradılan ən müasir səhiyyə infrastrukturu da insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Görülən işlər içərisində icbari tibbi sığortanın tətbiqi və təcili tibbi yardım xidmətinin təşkili xüsusi yer tutur.
NUHÇIXAN xəbər verir ki, oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması, ixtisaslı kadrların hazırlanması, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması əhalinin bütün təbəqələrinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. Səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin və səhiyyə tibbi informasiya sisteminin yaradılması səhiyyə xidmətinin səviyyəsini xeyli yüksəldib. Yeni təcili tibbi yardım avtomobillərinin təqdim olunması da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Niyazi Novruzov yaradılan şəraitə görə muxtar respublikanın səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobillərinin verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Bu gün ölkəmizdə icbari tibbi sığortanın tətbiqi, həkimlərin peşə hazırlığının və səhiyyə xidmətinin keyfiyyətinin artırılması istiqamətində lazımi tədbirlər görülür. Muxtar respublikada da bu işlər uğurla həyata keçirilir, səhiyyə müəssisələri yenidən qurulur, müasir tibbi avadanlıqlarla təmin olunur. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həkim hazırlığı aparılır. Artıq muxtar respublikanın bir sıra səhiyyə müəssisələrində icbari tibbi sığorta tətbiq olunur, digər səhiyyə müəssisələrində bu işlər davam etdirilir. İcbari tibbi sığortanın tətbiqi isə müasir avadanlıqların alınması və həkim hazırlığını zəruri edir.
Ali Məclisin Sədri deyib: Həyata keçirilən tədbirlər muxtar respublika səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarmışdır. Bütün bunlara isə dövlətin və səhiyyə işçilərinin birgə səyi nəticəsində nail olunmuşdur. Səhiyyənin əsas sahələrindən biri də təcili tibbi yardım xidmətinin təşkilidir. Ona görə də muxtar respublikada səhiyyə müəssisələri qurularkən ilkin tibbi yardımın həyata keçirilməsinə xüsusi diqqət yetirilir. İstər mərkəzi xəstəxanalarda, istərsə də kəndlərdə qurulan həkim ambulatoriyalarında ilkin tibbi yardımın göstərilməsi üçün lazımi şərait yaradılır, avadanlıqlar qoyulur, əhalinin keyfiyyətli tibbi xidmətlə təminatı diqqətdə saxlanılır.
Ali Məclisin Sədri deyib: Muxtar respublikada 457 mindən artıq əhali yaşayır. Bütün yaş qrupları üzrə əhali keyfiyyətli tibbi xidmətlə təmin olunub. İcbari tibbi sığortanın baza zərfinə daxil olan ilkin tibbi xidmətin təşkili məsələsi bu baxımdan mühüm əhəmiyyətə malikdir. Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobillərinin təqdim olunması da bu sahədə xidmətin səviyyəsini xeyli artıracaqdır.
Ali Məclisin Sədri muxtar respublikada infeksion xəstəliklərin, eləcə də ana və uşaq ölümlərinin qarşısının alındığını, həmçinin təcili tibbi yardımın təşkili zamanı ölüm hallarının qeydə alınmadığını bildirib, bütün bunlara görə səhiyyə işçilərinə təşəkkür edib.
Şərur rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanov minnətdarlıq edərək deyib ki, aparılan səhiyyə islahatları, o cümlədən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi sakinlər tərəfindən razılıqla qarşılanır, tibb işçilərinin əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması isə məsuliyyətimizi artırır. Bu gün Şərur rayon Mərkəzi Xəstəxanasına da yeni təcili tibbi yardım avtomobili verilir. Çalışacağıq ki, göstərilən etimadı doğruldaq, əhaliyə nümunəvi səhiyyə xidməti göstərək.
Sonra Ali Məclisin Sədri təcili tibbi yardım avtomobillərinin açarlarını təqdim edib.
Türkiyə istehsalı olan təcili tibbi yardım avtomobillərində oksigen balonları, hərəkətli araba və xərəklər, ilkin tibbi yardım çantaları, dərman vasitələri və digər avadanlıqlar qoyulub. Həmçinin avtomobillərin salonu havalandırma, isitmə, soyutma və işıqlandırma sistemləri ilə də təchiz olunub. Bu da xəstələrin təxliyəsi zamanı ilkin tibbi müdaxilə və reanimasiya tədbirlərinin aparılmasına imkan verəcəkdir.
Yeni təcili tibbi yardım avtomobilləri Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzə, Təcili Tibbi Yardım Mərkəzinə və rayon mərkəzi xəstəxanalarına təqdim edilib.