Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb. Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə də təsdiqlənib.
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsi, dövlət zəmanətlərinin verilməsini təmin etmək və dövlət borclarının ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək, habelə Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcu və maliyyə öhdəlikləri idarə olunacaq. Agentlik vasitəsilə dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstəriləcək. Ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim ediləcək.
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə xüsusi maliyyələşmə prinsipləri, o cümlədən dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilməsi təklif edilən layihələr və təşəbbüslər üzrə dövlətin maliyyə öhdəliklərini hesablamaq, riskləri və onların bölgüsünü qiymətləndirmək, maliyyə təminatına dair rəy vermək və rəylə razılaşmayan tərəflərə onların yuxarı icra hakimiyyəti orqanına müraciət etmə imkanı barədə hüquqları izah olunacaq.