Naxçıvanda Türkiyə Cümhuriyyətinin 96-cı ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil ­edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.

Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 96-cı ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxumuşdur. Sonra Baş konsul çıxış edərək ölkəsinin cümhuriyyət bayramının Naxçıvanda qeyd olunmasının əhəmiyyətini qeyd etmişdir. Azərbaycanla əlaqələrin inkişafını, o cümlədən ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu diqqətə çatdıran Baş konsul əməkdaşlığın ilbəil genişləndiyini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 96-cı ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edərək demişdir: Türkiyə xalqının qəhrəmanlıq və vətənpərvərlik əzmi nəticəsində qazanılmış dövlət müstəqilliyi ötən 96 ildə daha da möhkəmləndirilmişdir. Böyük öndər Mustafa Kamal Atatürkün ideyalarına sədaqət Türkiyə Cümhuriyyətini dünyanın iqtisadi сəhətdən inkişaf etmiş, demokratik vətəndaş cəmiyyətinin bərqərar olunduğu dünyəvi və hüquqi dövlətinə çevirmişdir. Bir millətin iki dövləti olaraq ölkələrimiz arasındakı tarixi və milli bağlılıq, inam və etimad dostluq və qardaşlığımızı daha da möhkəmləndirir. Siyasi və iqtisadi əlaqələrimiz, strateji tərəfdaşlığımız Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı münasibətlərdə də özünü göstərir. İqtisadi-ticarət, nəqliyyat, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq məmnunluq doğurur.

Ali Məclisin Sədri müstəqillik bayramı münasibətilə qardaş Türkiyə xalqını bir daha təbrik etmiş, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikri ilə tamamlamışdır: “Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu, əsas məsələdir və biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: