Tovuzda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 19 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev noyabrın 4-də Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 19 255 000 (on doqquz milyon iki yüz əlli beş min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".