Xidmət mərkəzində lazımi şərait yaradılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, həmin gün yeni xidmət mərkəzinin də açılışı olub.
Məlumat verilib ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada əsasən yerli sənaye və ərzaq məhsulları, o cümlədən ailə təsərrüfatlarında istehsal olunmuş 60 adda məhsul satışa çıxarılıb.
Mağaza sahibi Coşqun Eyvazov minnətdarlıq edərək deyib: Hər iki kəndin çətin günləri olub. Lakin muxtar respublikanın inkişafı, aparılan quruculuq işləri nəticəsində hazırda qayğısız yaşayırıq. Kəndimizdə iş sahibinə çevrilmişik. Bu, dövlətin vətəndaşına verdiyi dəyərin ifadəsidir.
Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Aparılan quruculuq işlərindən sonra Yeni Havuş və Xətai müasir Azərbaycan kəndlərinə çevrilmişdir. Kənddə sakinlərin rahat yaşayışı üçün bütün şərait yaradılmışdır. Sabah ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunacaqdır. 1990-cı il noyabrın 17-də Azərbaycanın üçrəngli bayrağı ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılmış və Azərbaycan Respublikasının Ali Sovetinə dövlət bayrağı kimi qəbul olunması tövsiyə olunmuşdur.
Ali Məclisin Sədri əlamətdar gün və aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Ölkəmizin bügunkü inkişafının əsası ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən etibarən Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda inkişafa kəndlərdən, sərhəd rayonlarından başlanılmışdır. Qısa müddətdə Azərbaycan keçmiş Sovetlər Birliyi ölkələri içərisində inkişaf etmiş respublikaya çevrilmişdir. O dövrdə Ulu Öndərin həyata keçirdiyi tədbirlərin davamı olaraq Azərbaycan müstəqillik illərində də hərtərəfli inkişaf etmişdir. Hazırda Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Ölkəmizin hər bir yaşayış məntəqəsi müasirliyə, inkişafa qovuşmuş, insanların rahat və təhlükəsiz yaşayışı təmin edilmişdir. Aparılan quruculuq işləri Yeni Havuş və Xətai kəndlərində də inkişafa səbəb olmuşdur. Kəndlərdə təsərrüfatların genişləndirilməsi, maldarlıq, heyvandarlıq, arıçılıq meyvəçilik və tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar vardır. Torpaqların su təminatının yaxşılaşdırılması, istehsal olunan məhsulların bazarda satışının təşkil edilməsi bu sahəyə marağı artırmışdır. Eyni zamanda kəndlərin yolları, rabitə, qaz, elektrik xətləri yenidən qurulmuş, poçt xidməti yaradılmış, əhaliyə nümunəvi tibbi xidmətin göstərilməsi təmin edilmiş, müasir tədrisin tələblərinə cavab verən məktəb istifadəyə verilmişdir. Əhalinin tələbatının ödənilməsi üçün xidmət mərkəzi, dövlət qurumlarının səmərəli fəaliyyəti üçün kənd mərkəzi tikilmişdir.
Ali Məclisin Sədri əminliyini bildirib ki, yaradılan şəraitdən səmərəli istifadə olunacaq, qurulanlar qorunub saxlanılacaqdır.
Kənd ağsaqqalı Məmməd Məmmədov minnətdarlıq edərək deyib: “Muxtar respublikanın hər yerində olduğu kimi bizim kəndimizdə də böyük quruculuq işləri aparılıb. Bu işlər ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Yeni məktəb binaları gənc nəslin elmli, savadlı və dünyagörüşlü formalaşmasına böyük təsir edir. Bu gün bizim də kəndimizdə müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzinin, yolun istifadəyə verilməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanır. Əvvəlcə bizim yollarımız çox pis vəziyyətdə idi. Rayona gedib-gəlmək çətin idi. Kənd sakinləri çox əziyyət çəkirdi. İndi isə yollarımız abadlaşıb, asfalt örtük salınıb. Bir sözlə, kəndimiz öz simasını tamamilə dəyişərək şəhər görkəmi alıb. Kəndimizin sakinləri maldarlıqla, əkinçiliklə və arıçılıqla məşğul olurlar. Əldə etdikləri məhsulları həm bazara, həm də keçirilən festival və yarmarkalara çıxararaq yaxşı qazanc əldə edirlər. Söz veririk ki, bundan sonra da təsərrüfatlarımızı genişləndirəcək, torpaqlarımızı əkib-becərib kənd təsərrüfatının inkişaf etdirilməsində əlimizdən gələni əsirgəməyəcəyik”.
***
Yeni Havuş və Xətai kəndlərində abadlıq işləri də aparılıb, 4954 metr fiber-optik, 8050 metr rabitə xətləri, 1200 metr izolyasiyalı hava elektrik xətti çəkilib, kəndlərdəki transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılıb. 4747 poqonmetr qaz xəttində isə yerdəyişmə və təmir-bərpa işləri görülüb. Həmçinin Xətai kəndinin içməli su xətti təmir olunub, yeni subartezian quyusu qazılıb.