Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 8-də Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin
STRUKTURU
1. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin aparatı (şöbələr və sektorlar).
2. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yerli idarələri.
Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti haqqında
ƏSASNAMƏ
I. Ümumi müddəalar
1. Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti (bundan sonra - Xidmət) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 4 noyabr tarixli 411-05/S nömrəli Sərəncamına əsasən yaradılmışdır.
2. Xidmət muxtar respublikaya idxal edilən təbii qazın qəbul edilməsi, nəqli, paylanması və satışı sahəsində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
3. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştampa və blanka malikdir.
6. Xidmətin aparatının, qurumlarının saxlanması və maddi-texniki təminatı xərcləri təbii qazın satışından daxil olan vəsait və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
7. Xidmət Naxçıvan şəhərində yerləşir.
II. Xidmətin fəaliyyət istiqamətləri
8. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
8.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
8.2. təbii qazdan səmərəli istifadə edilməsini, qaz təchizatı sisteminin təkmilləşdirilməsini və genişləndirilməsini, qaz təchizatında problemlərin aradan qaldırılması sahəsində çevik təşkilatçılıq göstərilməsini təmin edir;
8.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Xidmətin vəzifələri
9. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
9.1. müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda normativ tənzimləməni həyata keçirmək;
9.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
9.3. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
9.4. qaz təchizatı sahəsində müəyyən olunmuş dövlət siyasətini həyata keçirmək;
9.5. mülkiyyət formasından asılı olmayaraq bütün qaz istehlakçılarını təbii qazla təmin etmək;
9.6. muxtar respublikada təbii qazdan səmərəli və qənaətlə istifadə olunmasına nəzarət etmək;
9.7. istehlakçılara paylanılan qazın dəyərinin maksimum səviyyədə toplanmasına nail olmaq;
9.8. muxtar respublika ərazisində mövcud olan qazpaylayıcı şəbəkələrin saz vəziyyətdə saxlanmasını təmin etmək;
9.9. müvafiq sahə üzrə proqramları hazırlamaq və həyata keçirmək;
9.10. müvafiq sahədə islahatların həyata keçirilməsini təmin etmək, sahənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək, qaz təchizatı sahəsində mövcud norma və qaydalara riayət olunmasını təmin etmək;
9.11. qaz təchizatı üçün avadanlıqların və qaz nəqli qurğularının istismarına nəzarət etmək, qaz qurğularının təmirini təşkil etmək;
9.12. qaz təchizatı obyektlərinin layihələşdirilməsinin dövlət ekspertizasını aparmaq, onları təsdiq etmək;
9.13. qaz təchizatı obyektlərinin vəziyyəti və onlarda fövqəladə hallar yaranarkən ehtimal olunan nəticələrin proqnozlaşdırılması və qiymətləndirilməsində iştirak etmək;
9.14. Xidmətin balansında olan qaz təchizatı sistemlərinin istismarında təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etmək;
9.15. qaz təchizatı sahəsində əsaslı tikinti, yenidənqurma, təmir və istismar işlərini yerinə yetirmək;
9.16. kadrların hazırlanmasında və əlavə təhsilində iştirak etmək və onların seçilib yerləşdirilməsini təmin etmək;
9.17. Xidmətdə işçilərin sosial-məişət və əmək şəraitlərini yaxşılaşdırmaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat-sanitariya qaydalarına riayət olunmasını təmin etmək;
9.18. qazın nəqli və paylanılmasında itkilərin azaldılması üçün lazımi texniki-təşkilati tədbirlərin işlənib hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
9.19. qabaqcıl təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
9.20. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
9.21. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
9.22. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
9.23. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
9.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Xidmətin hüquqları
10. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsinin hazırlanmasında iştirak etmək;
10.2. qaz təchizatı sahəsində fəaliyyəti təşkil etmək;
10.3. bütün hüquqi və fiziki şəxslər tərəfindən təbii qazdan istifadə qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, bu norma və qaydaları pozan şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək;
10.4. təbii qazdan istifadə edən hüquqi və fiziki şəxslərdən qazdan istifadəni yaxşılaşdırmaq üçün müvafiq tədbirlərin yerinə yetirilməsini tələb etmək;
10.5. qaz təchizatı sahəsində planlaşdırılmış təmir-istismar işlərinin aparılması ilə əlaqədar qaz təchizatında yarana biləcək fasilələr haqqında istehlakçılara məlumat vermək;
10.6. təbii qazdan istifadə qaydalarını pozan, qaz avadanlıqlarını, qaz xətlərini zədələyən, mühafizə zonasında müvafiq icazə olmadan tikinti işləri aparan şəxsləri inzibati məsuliyyətə cəlb etmək;
10.7. müvafiq qanunvericiliyin tələblərinə uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırmaq;
10.8. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
10.9. qanunvericiliklə müəyyən edilmiş qaydada xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müsbət təcrübəsini öyrənmək;
10.10. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
10.11. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
10.12. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Xidmətin fəaliyyətinin təşkili
11. Xidmətin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Xidmətin sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
12. Xidmətin strukturunun təsdiq edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilir. Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
13. Xidmətin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
14. Rəisin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Rəisin müavini ona Rəis tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
15. Rəis:
15.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
15.2. müavinin, habelə Xidmətin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
15.3. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Xidmətin aparatının strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) əsasnamələrini (nizamnamələrini) təsdiq edir;
15.4. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının, qurumlarının ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
15.5. Xidmətin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir;
15.6. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
15.7. Xidmətdə ilkin uçot və hesabatı təşkil edir, hesabat balanslarını təsdiq edir, mühasibat uçotunun və hesabat işlərinin aparılmasına nəzarət edir;
15.8. Xidmətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
15.9. Xidməti təmsil edir.
16. Xidmətdə Rəisdən (kollegiyanın sədri), onun müavinindən və Xidmətin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Xidmətin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
17. Xidmətin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
18. Xidmətin kollegiyası öz iclaslarında Xidmətin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
19. Xidmətin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Xidmətin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Xidmətin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
20. Xidmətin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Rəis tərəfindən təsdiq edilir.
21. Xidmətin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Rəis bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Xidmətin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
22. Xidmətin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.