Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".