Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub.
Ali Məclisin Sədri iclası açaraq deyib ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə yaranmışdır. Müstəqil Azərbaycan dövləti və Yeni Azərbaycan Partiyası ümummilli liderimiz Heydər Əliyevin şah əsərləridir. 1992-ci ildə ölkə ziyalılarının Ulu Öndərə müraciəti əsasında yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük xalq dəstəyi qazanaraq hakim partiyaya çevrilmişdir. “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” - deyən Ümummilli Liderimiz Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmış, müstəqilliyimiz qorunub saxlanılmışdır. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Ulu Öndərin siyasi xəttini uğurla davam etdirir, müstəqilliyimiz daha da möhkəmlənir. Dövlət başçısının “Ölkəmizin ən qiymətli sərvəti onun insanlarıdır” fikri bütün sahələrdə inkişafın əsas istiqamətinə çevrilib.
Ali Məclisin Sədri noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünün tamam olduğunu bildirib, bu münasibətlə partiyanın muxtar respublika təşkilatının üzvlərini, təəssübkeşlərini və bütün muxtar respublika əhalisini təbrik edib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının İcra katibi Anar İbrahimov çıxış edərək deyib ki, 2019-cu ilin ötən dövründə 1337 nəfər partiya sıralarına qəbul olunub. Onların da 91 faizi gənclər, 52 faizi isə qadınlardır. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 39 faizi ali, 21 faizi isə orta-ixtisas təhsillidir. Bu gün partiya uçotunda duranların 27-si elmlər doktoru, 178-i fəlsəfə doktorudur. Partiya təşkilatının geniş sosial nüfuzu onun üzvlərinin muxtar respublikanın seçkili orqanlarında təmsilçiliyinə də öz təsirini göstərib. Üzvlərdən 2-si Azərbaycan Respublikasının Milli Məclisinin, 41-i isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Hazırda muxtar respublikanın şəhər və rayon təşkilatlarının 501 ərazi ilk partiya təşkilatı mövcuddur. Kənd yerlərində ərazi ilk partiya təşkilatları üçün iş otaqlarının ayrılması davam etdirilib, bu ilin ötən dövründə 8 ərazi ilk partiya təşkilatı kənd mərkəzlərində müasir iş otaqları ilə təmin olunub. Cari ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə 51 müxtəlif tədbir keçirilib, 72 İdarə Heyəti, 24 Şura yığıncağı olub. Bu il, həmçinin İcra Katibliyi və rayon təşkilatlarının aparatlarında çalışan işçilərin əmək haqları orta hesabla 30 faiz artırılıb. Anar İbrahimov göstərilən diqqətə görə partiya üzvləri adından minnətdarlığını bildirib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxış edərək deyib ki, muxtar respublikada gənclər üçün mərkəzlərin, elektron kitabxanaların, mədəniyyət evlərinin, ali təhsil müəssisələrində yeni tədris korpuslarının, orta məktəblər üçün yeni binaların, olimpiya idman komplekslərinin, idman mərkəzlərinin və digər obyektlərin istifadəyə verilməsi, Gənclər Fondunun yaradılması, gənclərin dövlət qulluğunda irəli çəkilməsi, istedadlı gənclərə dövlət qayğısı muxtar respublikamızda gənclərlə bağlı aparılan uğurlu siyasətin bariz nümunəsidir. Muxtar respublikada gənc nəslin yetişdirilməsi, intellektual potensialının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait onların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına da yol açır. Yaradılan bu şərait Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin fəaliyyətinə də öz təsirini göstərib. Hazırda təşkilat üzvlərinin 23 min 447-ni gənclər təşkil edir. Üzvlərdən 12-si fəlsəfə doktoru, 3269-u isə tələbədir. Bu ilin ötən dövründə gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onlarda dövlətə sədaqət və dövlət rəmzlərinə hörmət hissinin aşılanması məqsədi ilə 139 tədbir keçirilib. Azad Cabbarov gəncliyin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə Naxçıvan Muxtar Respublikasının gəncləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının üzvü Ülviyyə Həmzəyeva çıxışında bildirib ki, Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti muxtar respublikada uğurla həyata keçirilir. Muxtar respublika əhalisinin 51 faizdən çoxunu təşkil edən qadınların qərar qəbul etmədə, hüquq-mühafizə və icra hakimiyyəti orqanlarında iştirakı genişləndirilir. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsilçiliyi də sürətlə artmaqdadır. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 24 min 662-si qadındır. Onlardan 7205-i təhsil, 3515-i səhiyyə, 2029-u elm, mədəniyyət və incəsənət, 2184-ü idarəetmə, 6309-u isə digər sahələrdə çalışır. Cari ilin 10 ayı ərzində partiya sıralarına 691 qadın qəbul olunub. Partiya üzvü olan qadınlar muxtar respublikanın ictimai həyatında aktiv iştirak edir, öz potensiallarını dövlətimizin inkişafına yönəltməyi bacarırlar. Qadınlar şuralarının üzvləri adından minnətdarlıq edən Ülviyyə Həmzəyeva bundan sonra da göstərilən etimadı doğruldacaqlarına söz verib.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının qərarı oxunub, Siyasi Şuranın və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasına yeni seçilən üzvlər - Rəhman Məmmədov, Elbrus İsayev, Cəbi Quliyev, Ülvi Hüseynli, İsmayıl Qəribli, Mirsənani Seyidov, Nicat Babayev və Natəvan Qədimova göstərilən yüksək etimada görə minnətdarlıq edib, bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqlarını bildiriblər.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Sahil Tahirli Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə partiya üzvləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovu təbrik edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iclasda çıxış edərək deyib: Yeni Azərbaycan Partiyası ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən, sabitlik və inkişaf istəyən, ölkəni parçalayanlara qarşı mübarizə aparan Azərbaycan xalqının arzusu və tələbi ilə yaranmışdır. Partiyanın yaranmasının nə qədər zəruri və ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğu ötən dövrdə tam sübut olunmuşdur. 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası ötən dövrdə mühüm inkişaf yolu keçmiş, xalqımızın mütləq iradəsini ifadə edən siyasi təşkilat kimi formalaşmışdır. Ulu Öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə əsaslandırmışdır: “Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyası Yeni Azərbaycan Partiyasının məramnaməsində öz əksini tapıbdır. Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz işlər bu milli ideologiyanın üzərində qurulur”.
Ali Məclisin Sədri deyib: Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin və inkişafının əsas təminatına çevrilmişdir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan inkişaf və sabitlik Yeni Azərbaycan Partiyasının əsas ideoloji istiqamətlərini təşkil edir. Ötən dövrdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıraları xeyli genişlənmiş, bütün yaşayış məntəqələrində Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatları yaradılmışdır. Hazırda partiyanın muxtar respublika təşkilatının 56 mindən çox üzvü vardır ki, onların da 44 faizi qadınlar, 41 faizi isə gənclərdir. Bu gün partiya üzvləri muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edir. Göründüyü kimi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı mühüm siyasi qüvvə kimi formalaşmış, sıraları həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli zənginləşmişdir. Lakin partiya-təşkilat işini daha da gücləndirmək, partiyamızın cəmiyyətdə tutduğu yüksək mövqeyi qoruyub saxlamaq və daha da möhkəmləndirmək bu gün qarşıda duran əsas vəzifələrdir.
Ali Məclisin Sədri qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verərək deyib: Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş vəzifələr bundan sonra da partiyanın muxtar respublika təşkilatının əsas fəaliyyət istiqaməti olmalıdır. İdeoloji işin təşkili Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının qarşısında duran əsas məsələdir. Ona görə də partiya üzvlərinin nəzəri biliklərinin artırılması üçün tədbirlər görülməli, hər bir partiya üzvü Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları olan müstəqilliyimizin, azərbaycançılığın, sosial rifahın və iqtisadi islahatların möhkəmləndirilməsinə töhfələr verməlidir.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Bu gün muxtar respublikada əldə olunan nailiyyətlər, bütün sahələri əhatə edən davamlı inkişaf Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilir. Ona görə də görülən işlərin mahiyyəti insanlara düzgün izah olunmalı, səmərəli təbliğat mexanizmi qurulmalıdır. Hər bir ölkənin gələcəyi onun gəncləri ilə bağlıdır. Bu gün muxtar respublikada gənclərin hərtərəfli yetişməsi üçün bütün imkanlar vardır. Partiyanın Heydər Əliyev adına Gənclər Birliyi aid dövlət qurumları ilə birlikdə bu işdə fəaliyyətini gücləndirməli, müxtəlif tədbirlər keçirilməli, ulu öndər Heydər Əliyevin irsi, milli və mənəvi dəyərlərimiz gənclərə öyrədilməli, onların potensialından səmərəli və məqsədyönlü istifadə olunmalıdır.
Ulu Öndərimiz deyirdi ki, “Yeni Azərbaycan Partiyasına hər kəs öz könlü, vicdanı, qəlbi ilə gəlməlidir. Hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır”. Partiyanın İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları dahi rəhbərin müəyyənləşdirdiyi prinsiplər əsasında vətənpərvər, intellektli və yaradıcı gənclərin partiyaya üzv qəbul olunmasını diqqətdə saxlamalı, yeni üzvlərlə fərdi işə üstünlük verilməli, onların siyasi bilikləri yoxlanılmalı, təsadüfi şəxslərin partiya sıralarına daxil olmalarına imkan verilməməlidir. Muxtar respublikanın ali təhsil müəssisələrində böyük gənclər ordusu vardır. Ona görə də ali təhsil ocaqlarında fəaliyyət göstərən ərazi ilk təşkilatları tələbələrlə işə üstünlük verməli, partiya üzvü olan tələbələr siyasi cəhətdən tam formalaşdırılmalı, ehtiyat kadr potensialının yaradılmasına buradan başlanılmalıdır.
Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyasına üzvlük işin bir tərəfidirsə, əsas məsələ isə hər bir üzvün partiya işində yaxından iştirakını təmin etməkdir. Üzvlər öz fəaliyyətində partiyanın prinsiplərini əsas götürməli, onun nüfuzunu qorumalı, ideyalarını təbliğ etməli, ictimai-siyasi məsələlərdə aktivlik göstərməlidirlər. Aparılan gəncləşmə siyasəti nəticəsində yerlərdə ərazi təşkilatlarının rəhbər şəxslərinin işə yanaşmasında nəzərəçarpacaq irəliləyiş olsa da, onların aktivliyi istənilən səviyyədə deyil. Hər il muxtar respublikada geniş quruculuq işləri aparılır, kəndlər abadlaşır, yeni sosial obyektlər istifadəyə verilir. Tikilən kənd mərkəzlərində ərazi ilk təşkilatları üçün lazımi iş şəraiti yaradılır. Lakin etiraf edək ki, bəzi ərazi ilk təşkilatları əhatə etdiyi yaşayış məntəqələrinin ictimai həyatında yaxından iştirak etmirlər. Bu sahədə fəaliyyət canlandırılmalı, müxtəlif tədbirlər keçirilməli, dövlət siyasətinin mahiyyəti tam izah olunmalı, tikilənlərin, qurulanların qorunmasına şüurlu münasibət formalaşdırılmalıdır. Partiyanın qadınlar şuralarının fəaliyyətləri də gücləndirilməli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə yeni layihələr üzərində işlənilməli, keçirilən tədbirlərin məzmunu və keyfiyyəti artırılmalıdır.
Diqqətə çatdırılıb ki, müasir dövrdə kütləvi informasiya vasitələri və sosial medianın ictimai rəyin formalaşmasındakı rolunun getdikcə artmasını nəzərə alaraq İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları yeni proqram və layihələr hazırlayıb həyata keçirməli, ictimai fikir düzgün istiqamətləndirilməli, bu işdə partiyanın gənc üzvlərinin potensialından səmərəli istifadə olunmalıdır. 23 dekabr 2019-cu il tarixinə təyin olunmuş Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası üzvlərinin iştirakı və onların dəstəklənməsi üçün müvafiq tədbirlər görülməli, yerlərdə partiya üzvlərinin və təəssübkeşlərinin seçki aktivliyinin təşviq edilməsi ilə bağlı işlər aparılmalıdır. Qarşıya qoyulan vəzifələr Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin, Gənclər Birliyinin, şəhər və rayon təşkilatlarının, qadınlar şuralarının 2020-ci il üçün tədbirlər planına salınmalı, icra vəziyyəti ilə bağlı aidiyyəti üzrə məlumat verilməlidir.
“Bizim vəzifəmiz partiya işini düzgün təşkil etməklə Ulu Öndərin müəyyənləşdirdiyi vəzifələrin reallaşdırılmasına nail olmaqdan ibarətdir. Partiyamızı və ölkəmizi Ümummilli Liderin yolu ilə aparan ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır! Azərbaycanın gələcəyi Heydər Əliyevlə və onun siyasəti ilə bağlıdır”, - deyən Ali Məclisin Sədri bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.