Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi” istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış tədbirində iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək deyib: Yeni məscidin istifadəyə verilməsi Naxçıvanda dini dəyərlərə göstərilən qayğının nümunəsidir. Bu yol ulu öndər Heydər Əliyev yoludur. Bu yol Azərbaycanı daha işıqlı sabahlara aparır. İlk dəfə adım bir məsciddə əbədiləşir. Bu mənim üçün böyük qürur və iftixardır. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Allah doğma Azərbaycanımızı, Naxçıvanımızı qorusun”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Allahşükür məscidinin istifadəyə verilməsi münasibətilə dindarları və kənd sakinlərini təbrik edərək deyib: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Şeyx Həzrətlərinin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ölkəmizdə qeyd olunur. İnsanın dəyəri onun əməyindədir. Zəhmət insanı şəxsiyyətə, ölkələri isə qüdrətli dövlətə çevirir. Şeyx Həzrətlərinin də bu illər ərzində zəhməti onun şəxsiyyət kimi formalaşmasına səbəb olmuşdur. Şeyxülislam Allahşükür Paşazadə Naxçıvanın qazısı olmuş, SSRİ Ali Sovetinin və Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir. Naxçıvanda onun adının əbədiləşdirilməsi Şeyxülislama göstərilən ehtiramın ifadəsidir. Çünki Allahşükür Paşazadə kimi dəyərli insanların fəaliyyəti nəticəsində bu gün ölkəmizdə dini sabitlik hökm sürür.
Ali Məclisin Sədri Allahşükür Paşazadəyə uzun ömür, cansağlığı arzulayıb, məscidin tikilməsində əməyi olanlara təşəkkürünü bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə məsciddə yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, məsciddə axund otağı, qadın və kişi ibadət zalları, eləcə də digər otaqlar yerləşir. Minarəsinin hündürlüyü 19 metr olan məscidin həyətində dəstəmaz yeri tikilib, geniş abadlıq işləri aparılıb, işıqlandırma və suvarma sistemləri qurulub, istilik sistemi ilə təmin edilib.
Sonra məsciddə ilk namaz qılınıb, dualar oxunub.
Ali Məclisin Sədri sakinlərlə görüşüb.
Sakinlərdən Adil Möhsümov və Rza Allahyarov yaradılan şəraitə, göstərilən diqqətə görə kənd əhalisi adından minnətdarlıq ediblər. Rza Allahyarov deyib: “Naxçıvanda geniş quruculuq işləri aparılır. Bütün kəndlərimiz abadlaşır. Vaxtilə biz kənddə çox çətinliklərlə üzləşirdik. Lakin Ulu Öndərimizin siyasi xətti Azərbaycanı, onun hər bir guşəsini xoş günlərə qovuşdurdu. Artıq kəndlərimizdə sosial obyektlərlə yanaşı, məscidlər də tikilir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edir. Biz sakinlər, xalqımız ölkə Prezidentinin yanındayıq, onun siyasətini dəstəkləyirik”.
Dindar Ağəli İsaqov deyib: “Ali Məclis Sədrinin hər gəlişi rayonumuza yenilik gətirir. Yeni binalar, xəstəxanalar tikilir, yollar çəkilir. Bu gün ən ucqar kəndlərimiz belə elektrik enerjisi və təbii qazla təmin olunub. Muxtar respublikanın hansı guşəsinə ayaq qoysan, orada yeniliyin, abadlığın, səliqə-sahmanın şahidi olursan. Bu gün kənd məscidinin istifadəyə verilməsi də dindarlara və kənd sakinlərinə hədiyyədir. Dövlətimizin gündən-günə qüdrətlənməsi üçün namazımızda dualar edirik. Elmlə din vəhdət təşkil etməlidir. Əgər elm dindən ayrıdırsa uçurum, din elmdən ayrıdırsa xurafatdır. Muxtar respublikamızda başqa sahələr kimi, dinimizə də xüsusi qayğı ilə yanaşılır, məscidlər tikilir. Hər bir kənddən, şəhərdən azan səsi gəlir. Azan səsi gələn yerdə isə xeyir-bərəkət, birlik və rifah olar”.
Ali Məclisin Sədri deyib ki, bu gün ölkəmizdə sabitlik və inkişaf vardır. Bunlar olan yerdə isə insanlara qayğı göstərilir, onların yaşayışı üçün hərtərəfli şərait yaradılır. Sakinlər də bu imkanlardan düzgün istifadə etməli, tikilənlər qorunub saxlanılmalıdır.
***
Tikinti işləri aparılarkən məscidə 550 metr uzunluğunda yeni asfalt yol salınıb, 1 körpü tikilib, 110 metr beton su kanalı çəkilib, 19 su keçidi qoyulub. Həmçinin 220 metr məsafədə sahilbərkitmə işləri aparılıb, 100 metr istinad divarı tikilib.