Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib - FOTOLAR
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev deyib: “Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”.
Müdafiə təhlükəsizliyinin təmin olunması Naxçıvan Muxtar Respublikasının davamlı inkişafının əsasıdır. Muxtar respublikada ordu quruculuğuna diqqətin artırılması, silah və texnika təminatı ilə yanaşı, həm də hərbi hissələrdə müasir xidmət infrastrukturunun və yaşayış şəraitinin yaradılması sahəsində tədbirlər görülür.
NUHÇIXAN xəbər verir ki, dekabrın 7-də Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin Sədri əsgərləri salamlayıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib: Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Xidmətin təşkili və şəxsi heyətin yaşayışı üçün ardıcıl tədbirlər görülür. Muxtar respublikanın ucqar və keçilməz dağlıq ərazilərdə yerləşən bütün hərbi hissələrə yollar çəkilib, müdafiə zolağındakı məntəqələr davamlı elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilib. Bu ilin ötən dövründə Naxçıvan şəhərindəki hərbi şəhərciyin yaşayış binalarında yenidənqurma işləri aparılıb, qarnizon uşaq bağçası və tam orta məktəbin binası təmir olunub, 220 yerlik zabit yataqxanasında müasir sosial-məişət şəraiti yaradılıb. Hərbi hissələr üçün 5 anqar, ön mövqelərdə 2 yataqxana tikilərək istifadəyə verilib, 2 tabor mərkəzi əsaslı təmir olunub. Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit və gizir ailələri üçün 5 mərtəbəli, 44 mənzilli yaşayış binası tikilib və park salınıb. Hazırda Naxçıvan şəhərindəki yeni hərbi şəhərcikdə inşa olunan üçmərtəbəli qərargah binasında son tamamlama işləri aparılır, hər biri üçmərtəbəli 2 yataqxana binasının tikintisi isə davam etdirilir. Kərəm Mustafayev yaradılan şəraitə və göstərilən qayğıya görə Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti, eləcə də zabit-gizir ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni qərargah binasının istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək deyib: “Azərbaycan Ordusu müstəqilliyimizin qarantıdır”, - deyən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir tələblər nəzərə alınmaqla uğurla davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusu inkişaf edərək güclü ordulardan birinə çevrilmişdir. Muxtar respublikamızda da ordu quruculuğu işləri uğurla davam etdirilir. Ötən dövrdə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Naxçıvan Əlahiddə Əməliyyat Briqadası yaradılmış, qısa müddətdə mühüm təşkilatlanma və inkişaf yolu keçilmiş, hərbi hissələrdə geniş quruculuq işləri aparılmışdır.
Ali Məclisin Sədri deyib: Əlahiddə Ümumqoşun Ordunun strukturuna daxil olan hərbi hissələrin təyinatlarına uyğun olaraq yerləşdirilməsi, yeni əsgəri-məişət komplekslərinin tikilməsi, müasir silah-sursatla təminatı qarşıda duran əsas vəzifələrdəndir. Bu gün qərargah binası istifadəyə verilən hərbi hissənin yaradılması və müasir əsgəri-məişət kompleksi ilə təmin olunması da görülən işlərin davamıdır. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərindəki hərbi hissələrlə yanaşı, ən ucqar məntəqələrdəki postlar üçün də müasir əsgəri-məişət kompleksləri tikilərək istifadəyə verilmişdir. Əsgərlərimiz yaradılan şəraitdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini və müdafiəsini etibarlı təmin edirlər.
Ali Məclisin Sədri muxtar respublikanın müdafiəsində və təhlükəsizliyində xidməti olanlara təşəkkür edərək deyib: Bu gün qarşıda duran əsas vəzifə hərbi hissələrin təyinatına uyğun olaraq hazırlıqların davam etdirilməsidir. Əlahiddə Ümumqoşun Ordunun strukturuna daxil olan hər bir hərbi hissə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməli, şəxsi heyət hərb sənətinə mükəmməl yiyələnməlidir. Əgər bundan sonra da yaradılan şəraitdən düzgün istifadə olunsa, o zaman nəticə də yaxşı olacaqdır. Əlahiddə Ümumqoşun Ordu yaradılarkən qarşıda duran əsas vəzifələrdən biri peşəkar ordunun formalaşdırılması idi. Ona görə də bu gün hər bir hərbi hissənin təyinatına uyğun peşəkar şəxsi heyətlə təmin olunması, əsgərlərin müddətdən artıq xidmət edən hərbi qulluqçularla, gizir və zabitlərlə əvəzlənməsi uğurla aparılır.
Qeyd olunub ki, aparılan quruculuq işləri yalnız Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrini əhatə etmir. Eyni zamanda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası üçün əsgəri-məişət komplekslərinin qurulması, lazımi xidmət şəraitin yaradılması, müasir texnika, silah və avadanlıqlarla təminat uğurla həyata keçirilir. Bu ilin ötən dövründə bir zastava yenidənqurmadan sonra istifadəyə verilmiş, iki zastavada isə yenidənqurma işləri davam etdirilir. Həmçinin Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının Şərur taboru üçün yeni kompleks, Naxçıvan Qarnizonu üçün müasir tələblərə cavab verən hərbi hospital inşa olunur. Bütün bunlar muxtar respublikamızda hərbi xidmətin nümunəvi təşkilinə hesablanmışdır. Qarşıda isə bir vəzifə durur: təyinat üzrə vəzifə borcunu yaxşı öyrənmək və xidməti lazımi səviyyədə icra etmək.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.
Zabit Orxan Mustafayev çıxış edərək deyib: Əlahiddə Ümumqoşun Ordunun hər bir bölməsi göstərilən qayğı nəticəsində öz döyüş qabiliyyətini daha da artırır, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılır. Ali Məclis Sədrinin müəyyənləşdirdiyi “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı hər bir zabit və əsgər üçün işdə və əməldə birlik, qardaşlıq rəmzinə çevrilib. Orxan Mustafayev bütün şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Hərbi qulluqçu Ayxan Fətullayev deyib: “Naxçıvan Muxtar Respublikasında hərbi qulluqçuların sosial-məişət və xidməti şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlər hər birimizi sevindirir, daha yaxşı xidmət etməyə səfərbər edir. Yeni yaradılan xidmət yerləri orduya cəlb olunan mənim kimi yüzlərlə hərbi qulluqçunun məişət şəraitinin ailə vəziyyətinin və sosial-rifahının yaxşılaşdırılmasına hesablanıb. Ayxan Fətullayev çıxışını şeirlə yekunlaşdırıb:
Günnütü fəth edən müzəffər ordu,
Bizim qürurumuz, vüqarımızdır.
Bir nəfər hamıdır, hamı bir nəfər,
Bu bizim əməldə şüarımızdır!
Hərbi hissənin şəxsi heyəti “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.
Ali Məclisin Sədri qərargah binasının açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, üçmərtəbəli qərargahın birinci mərtəbəsində bölmə komandirlərinin iş otaqları və məxfi hissə, növbətçi və istirahət otağı vardır. İkinci mərtəbədə siniflər, zabitlər üçün xidməti otaqlar, üçüncü mərtəbədə isə hərbi hissənin idarə heyəti üçün xidməti otaqlar və əməliyyatın planlaşdırılması mərkəzi yerləşir. Sinif otaqlarında proyektor quraşdırılıb, nəzəri hazırlıq üçün lazımi şərait yaradılıb.
Hərbi hissədə müddətdən artıq xidmət edənlər üçün 44 yerlik yataqxana da yaradılıb, avtomobil saxlancları qurulub, ətraf abadlaşdırılıb və yaşıllıqlar salınıb.
Ali Məclisin Sədri xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.