Xələc Kənd Mərkəzi istifadəyə verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dekabrın 9-da Xələcdə kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, klub, o cümlədən Yeni Azərbaycan Partiyası Xələc kənd ərazi ilk təşkilatı, arxiv və 56 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılıb və lazımi avadanlıqlarla təchiz edilib.
Kənd kitabxanasında 2923 kitab vardır ki, onlardan da 970-i latın, 1953-ü kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır.
Yeni Azərbaycan Partiyası Xələc kənd ərazi ilk təşkilatının sədri Cümşüd Zahirli deyib: Xələc müasir inkişaf dövrünü yaşayır. Kənddə istifadəyə verilən sosial obyektlər sakinlərin razılığı ilə qarşılanır. Partiya üzvlərinin sayı ilbəil artır. Hazırda ərazi ilk təşkilatının 187 üzvü vardır ki, onların da 56-sı gənc, 26-sı isə qadındır. Yeni Azərbaycan Partiyasının üzvləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak edərək layiqli namizədlərə səs verəcəklər.
256 nömrə tutumlu yeni nəsil ATS Xələc kəndində 140 abonentə xidmət edir. Kənddə 44 internet istifadəçisi vardır. Yeni poçt şöbəsi də sakinlərin istifadəsinə verilib.
Həyətdə abadlıq işləri aparılıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.
Binanın birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılıb. Məntəqə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, tərəzi, boyölçən, soyuducu və tibbi ləvazimatlarla təmin edilib.
Tibb işçisi Aygün Ələsgərli yaradılan müasir iş şəraitinə görə minnətdarlıq edib, insanların sağlamlığının qorunmasında səylərini artıracaqlarını bildirib.
Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.