Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb - FOTOLAR
Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan quruculuq işləri səhiyyə müəssisələrini də əhatə edib. Səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Bu ilin noyabr ayından etibarən Ordubad rayonunda icbari tibbi sığortaya keçidlə bağlı işlərə başlanılıb. Əhaliyə rayon mərkəzi xəstəxanası, 12 həkim ambulatoriyası və 27 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. İcbari tibbi sığortaya keçid rayon əhalisinin sağlamlıq göstəricilərinin yüksəlməsində mühüm rol oynayacaqdır. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılmasına töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına əsasən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi təkamül yolu ilə aparılıb, tələb olunan kadr, avadanlıq, təlim, resurs və infrastruktur təminatı uğurla həyata keçirilib. Artıq muxtar respublikanın Sədərək, Şərur, Kəngərli və Şahbuz rayonlarında bu iş başa çatdırılıb. 2019-cu ilin ötən dövründə həmin rayonlarda yaşayan əhali tərəfindən ümumilikdə tibb müəssisələrinə 23 min 314 müraciət edilib. Müraciət edənlərə 58 min 978 adda tibbi xidmət göstərilib. İcbari Tibbi Sığortanın baza zərfinə daxil olan rayon mərkəzi xəstəxanaları tərəfindən həyata keçirilməsi mümkün olmayan tibbi xidmətlər üçün icbari tibbi sığortanın tətbiqində iştirak edən digər xəstəxanalara Sədərək, Şərur, Kəngərli və Şahbuz rayonlarından, ümumilikdə, 1395 göndəriş olub. Samiq Sadıxov Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi məqsədi ilə görülən işləri diqqətə çatdırıb.
Tibb bacısı Elnarə Həmdiyeva minnətdarlıq edərək deyib ki, muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğı göz önündədir. Bu gün Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi rayon əhalisinə nümunəvi tibbi xidmət göstərməyə imkan verəcəkdir. Elnarə Həmdiyeva yaradılan şəraitdən istifadə edərək əhaliyə hərtərəfli səhiyyə xidməti göstərəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edərək deyib: Azərbaycan bu gün inkişaf etmiş ölkələr sırasındadır. Ölkəmizdə insan amilinə yüksək qiymət verilir. İnsanların sağlamlıqlarının qorunması isə müasir səhiyyə sisteminin qurulmasından asılıdır.
Ali Məclis Sədri deyib: Əhaliyə keyfiyyətli səhiyyə xidməti göstərilməsinin müasir yolu icbari tibbi sığortanın tətbiqidir. Lakin lazımi səhiyyə infrastrukturu yaratmadan bu işi həyata keçirmək mümkün deyil. Ona görə də xəstəxanalara kompüter proqramı təminatı üçün fiberoptik kabel çəkilmiş, internetlə təmin olunmuşdur. Səhiyyə müəssisələri - rayon mərkəzi xəstəxanaları, sahə xəstəxanaları, həkim ambulatoriyaları və feldşer mama məntəqələri yenidən qurulmuş, müasir tibbi avadanlıqlarla təmin olunmuş, yeni texnologiyalar tətbiq edilmişdir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada səhiyyə xidmətinin səviyyəsi yüksəlmişdir. Ordubad rayonunda da bu sahədə əhəmiyyətli tədbirlər görülmüş, səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulmuşdur. Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 tibbi xidmətin 700-ə yaxını Ordubad rayonundakı səhiyyə müəssisələri tərəfindən həyata keçiriləcəkdir. Rayonda yaradılan müasir səhiyyə infrastrukturu, görülən işlər gələcəkdə göstərilən tibbi xidmətlərin sayının artmasına və əhalinin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək, 50 mindən artıq rayon əhalisi öz yaşadıqları ərazidə bu xidmətlərdən faydalanacaqdır.
“Bu gün muxtar respublikada həkim hazırlığı işi də uğurla həyata keçirilir. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci muxtar respublikanın səhiyyə müəssisələrinin həkim və orta tibb işçilərinə olan tələbatını ödəyir”, - deyən Ali Məclisin Sədri icbari tibbi sığortanın tətbiqini vacib işlərdən hesab edib. Qeyd olunub ki, insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir. İcbari tibbi sığortanın tətbiqi həm də həkimlərin formalaşmasına mühüm təsir göstərəcək. Ona görə də xəstəxanada həkim-xəstə münasibətləri düzgün qurulmalı, dəqiq diaqnozlar qoyulmalı və müayinələr aparılmalıdır. Kollektiv yaradılanları qorumalı, tibb işçiləri alınan avadanlıqları öyrənməli və onlardan səmərəli istifadə olunmalı, rayonda icbari tibbi sığortanın tətbiqi uğurla həyata keçirilməlidir.
“İcbari tibbi sığortanın tətbiqi ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərinin əməkhaqları 50 faiz artırılacaqdır. Yeni tibbi avadanlıqların alınması və əməkhaqların artırılması kollektiv qarşısında bir vəzifə qoyur: o da sakinlərə keyfiyyətli səhiyyə xidməti göstərməkdən ibarətdir”, - deyən Ali Məclisin Sədri kollektivə fəaliyyətlərində uğurlar arzulayıb, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, icbari tibbi sığortanın tətbiqi məqsədi ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılıb, təcili tibbi yardım şöbəsi yenidən təşkil edilib, ilkin səhiyyə xidməti müasir tələblərə uyğun qurulub. Poliklinika şöbəsində, Burun-qulaq-boğaz, Oftalmoloji və Stomatoloji kabinələrdə, Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində, Laboratoriyada, Ginekoloji və doğuş bölməsində 50 adda yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılıb, palatalar mərkəzi oksigen sistemi ilə təmin edilib.
Xəstəxanada sürətli internet şəbəkəsi yaradılıb, 46 kompüter alınıb, mərkəzi server vasitəsilə “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələri ilə qarşılıqlı əlaqə təmin olunub. Hazırda xəstələrin qeydiyyatı “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə həyata keçirilir. Agentliyin Ordubad Rayon Mərkəzi Xəstəxanası üzrə qeydiyyat məntəqəsi və elektron məlumat bazası yaradılıb.