Neftçalanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev dekabrın 11-də Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Neftçala şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılması məqsədilə qərara alıram:
1. Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".