Prezident İlham Əliyev dekabrın 21-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,7 milyon (səkkiz milyon yeddi yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".