Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verdi
2019-cu il dekabrın 23-ü ölkəmizdə növbəti bələdiyyə seçkiləri günüdür. Muxtar respublikada bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi yaradılıb, 2122 namizəd qeydə alınıb. Bələdiyyə seçkilərində 170 bələdiyyəyə 1452 üzv seçilməsi nəzərdə tutulur.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verdi.
Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. 1490 seçicinin qeydə alındığı məntəqədə fərdi qaydada və siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən 29 namizəddən 17-si bələdiyyələrə seçiləcəkdir.