Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb - FOTOLAR
Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasını diqqətdə saxlayır. Ölkəmizin iqtisadi qüdrətinin artması səhiyyənin davamlı inkişafına səbəb olmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqi və bu sahədə idarəetmə sisteminin formalaşdırılması da görülən işlərin davamıdır.
NUHÇIXAN xəbər verir ki, dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinin tərkib hissəsidir. Görülən ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Rayon mərkəzi və kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri müasir tələblər səviyyəsində qurulmuş, tibbi avadanlıqlarla təchiz edilmiş, ixtisaslı kadr potensialı yaradılmışdır. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından minnətdarlıq etmişdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov demişdir ki, muxtar respublikada icbari tibbi sığorta mərhələli şəkildə həyata keçirilir. Ötən dövrdə icbari tibbi sığortanın tətbiq olunduğu rayonlarda 148 ürək əməliyyatı və invaziv müdaxilə, 55 göz, 17 ginekoloji, 55 doğum, 15 keysəriyyə, 15 travmatoloji, 141 ümumi cərrahi əməliyyat və 54 terapevtik stasionar müalicə olmaqla ümumilikdə 500 həyatı vacib dəyəri yüksək tibbi müdaxilə icra edilmişdir. Babək rayonunda da icbari tibbi sığortanın tətbiqi sahəsində lazımi tədbirlər görülmüş, keçirilən təlim və seminarlarda tibb işçilərinə “Səhiyyə informasiya idarəetmə sistemi”, sığortaolunanların qeydiyyatı, onlara göstəriləcək tibbi xidmətlər, göstərilən tibbi xidmətlərə dair aylıq hesabatların tərtibolunma qaydaları barədə məlumat verilmiş, nümunəvi hesabat formaları təqdim edilmişdir. Samiq Sadıxov muxtar respublikada icbari tibbi sığortanın tətbiqi istiqamətində aparılan işlərə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Tibb bacısı Həmidə Quliyeva minnətdarlıq edərək demişdir ki, 2014-cü ildə Babək rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmiş, müasir tibbi avadanlıqlar qurulmuş, əhaliyə nümunəvi tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır. İcbari tibbi sığorta sisteminin tətbiq olunması isə tibbi xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edərək demişdir: İcbari tibbi sığortanı qısa vaxtda tətbiq etmək mümkün deyil. Muxtar respublikada bu işə müasir tibbi avadanlıqlarla təmin olunmuş səhiyyə müəssisələrinin istifadəyə verilməsi ilə başlanılmış, tələbata uyğun ştat strukturu təsdiq edilmiş, ixtisaslı kadr hazırlığı diqqətdə saxlanılmışdır. Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsində müasir tədris şəraiti yaradılmış, xəstəxana istifadəyə verilmiş, Naxçıvan Tibb Kolleci yenidən qurulmuşdur. Həmçinin muxtar respublikada beynəlxalq təcrübə öyrənilmiş və icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Artıq muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində nailiyyətlər əldə olunur. Muxtar respublika sakinləri icbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 adda tibbi xidmətdən yararlanırlar. Babək Rayon Mərkəzi Xəstəxanasında isə bu tibbi xidmətlərdən 641-i tətbiq olunacaqdır. Yaradılan şərait və peşəkar tibbi heyətin formalaşması bu işlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Babək rayonunda 76 mindən artıq əhali yaşayır. Əhaliyə rayon mərkəzi xəstəxanası, 2 sahə xəstəxanası, 13 həkim ambulatoriyası və 18 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. 500-ə yaxın tibbi heyət əhalinin sağlamlığı keşiyində dayanır. Babək Rayon Mərkəzi Xəstəxanasında 25 adda 46 ədəd yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılmışdır ki, bu da icbari tibbi sığortanın uğurla həyata keçirilməsinə imkan verəcəkdir. Ümumilikdə isə Babək rayonundakı bütün səhiyyə müəssisələrində icbari tibbi sığortanın tətbiqi mümkündür. Bu sahədə işlər müasir tələblər nəzərə alınmaqla davam etdiriləcəkdir.
Ali Məclisin Sədri əhaliyə lazımi səviyyədə tibbi xidmətin göstəriləcəyinə əminliyini bildirmiş, kollektivə uğurlar arzulamış və yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, xəstəxanada yenidənqurma işləri aparılmış, palatalar mərkəzi oksigen sistemi ilə təmin edilmiş, təcili tibbi yardım şöbəsi yenidən təşkil edilmişdir. Göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədilə yeni ultrasəslə müayinə cihazı, spirometr, portativ süni tənəffüs aparatı, transport küvez, oftalmoloji proyektor və digər tibbi avadanlıqlar quraşdırılmışdır. Sürətli internetlə təmin olunan mərkəzi xəstəxanada, kənd sahə xəstəxanalarında və ambulatoriyalarda 50 kompüter qurulmuş, mərkəzi serverə qoşulmuş "Medisoft" Səhiyyə informasiya idarəetmə sistemi yaradılmışdır. Hazırda xəstələrin qeydiyyatı Səhiyyə informasiya idarəetmə sistemi vasitəsi ilə aparılır. Xəstəxanada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də qeydiyyat məntəqəsi fəaliyyət göstərir.