Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 26-da Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə qərara alıram:
1. 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilsin.
-Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına;
-Naxçıvan Muxtar Respublika Xəstəxanasına;
-Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına;
-Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə;
-Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə publik hüquqi şəxs statusu verilsin və işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq etsin və 2020-ci il yanvarın 1-dən fəaliyyətlərini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər".