Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Ordubad Rayon Uşaq Xəstəxanasının yaradılması haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Muxtar respublikada uşaqların sağlam böyüməsi üçün tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərin davamıdır.
Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi uşaq xəstəxanasının yaradılmasını zəruri etmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Publik hüquqi şəxs statuslu Ordubad Rayon Uşaq Xəstəxanası yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamla yaradılan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər".