Darkənd su dəyirmanı yenidən qurulub - FOTOLAR

A- A A+

Naxçıvanda tarixən su dəyirmanlarından geniş istifadə olunub. Ruzi-bərəkət rəmzi kimi məişət mədəniyyətimizin ayrılmaz parçası olan su dəyirmanları həm də taxılçılığın inkişafının təzahürüdür. Taxılın su dəyirmanlarında üyüdülməsi ilə bağlı yaranan adət-ənənələr onun əhəmiyyətini bu günədək qoruyub saxlayıb. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların sağlam həyat tərzinə hesablanıb.

NUHÇIXAN xəbər verir ki, yanvarın 13-də Ordubad rayonunun Darkəndində su dəyirmanı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinləri ilə görüşüb, onları təbrik edərək deyib: Vaxtilə su dəyirmanından bu ərazidə yaşayan insanlar istifadə etmişdir. Ötən əsrin 90-cı illərin acı nəticələri bu cür abidələrimizə də təsir etmiş, su dəyirmanlarının fəaliyyəti dayanmışdır. Lakin bir neçə ildir ki, muxtar respublikamızda su dəyirmanlarının bərpasına başlanılıb. Bu gün isə Darkənd Su Dəyirmanı yenidənqurmadan sonra istifadəyə verilir. Muxtar respublikamızın bütün ərazisində müasir dəyirmanlar fəaliyyət göstərir. Lakin su dəyirmanlarında istehsal olunan una ehtiyacı olan insanlar var. Ona görə də su dəyirmanlarının bərpası diqqətdə saxlanılır.

Kənd sakini Qədim Sultanov deyib: Ordubad rayonunun Azadkənd, Darkənd və Aza kəndlərində taxılçılıq inkişaf edir. Əvvəllər çox çətinliklər yaranırdı. Taxılı qonşu kəndlərə apararaq üyüdürdük. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində su dəyirmanının yenidən qurulması bu çətinliyi də aradan qaldırdı. Qədim Sultanov sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra açılışı bildirən lent kəsilib. Məlumat verilib ki, bu dəyirman muxtar respublikada bərpa olunan beşinci su dəyirmanıdır. Sahəsi 69 kvadratmetr olan Darkənd Su Dəyirmanının gündəlik istehsal gücü 1 tondur. Dəyirmana 157 metr məsafədən su kanalı çəkilib, ətrafı abadlaşdırılıb, kənddaxili 500 metr yol təmir olunaraq qum-çınqıl qatı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: