Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev yanvarın 16-da Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".