Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Culfa rayonunda icbari tibbi sığorta tətbiq edilsin.
2. Culfa Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq etsin və fəaliyyətini təmin etsin;
3.2. icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Culfa Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2020-ci il yanvarın 1-dən 50 faiz artırılmasını təmin etsin.
4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər."