Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub - FOTOLAR
1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı üzləşdiyi bəlalardan xilas edib, müstəqilliyimizi qoruyub saxlayıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoyub. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğurlar qazanılır.
NUHÇIXAN xəbər verir ki, iyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi dram əsəri əsasında hazırlanmış tamaşanın təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin təqdimatı keçirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 fevral, 9 mart, 16 mart, 26 mart, 4 may, 18 may, 22 may, 24 may və 31 may tarixli Sərəncamları ilə muxtar respublikada 15 nəfər “Tərəqqi”, 2 nəfər “Vətən uğrunda”, 4 nəfər “Hərbi xidmətlər görə”, 1 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, 2 nəfər isə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalları ilə təltif olunmuş, 2 nəfərə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 may tarixli Sərəncamı ilə isə 1 nəfər Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə təltif olunub.
Ali Məclisin Sədri təltiflərin vəsiqə və döş nişanlarını təqdim edib.
Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunan Akif Hacıyev minnətdarlıq edərək deyib: Müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə qürur duyuruq. Gözlərimizin önündə 20 il bundan əvvəlki Naxçıvanı canlandırarkən Milli Qurtuluşun, ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsini daha aydın görürük. Naxçıvan tarixdə iki dəfə müqəddəsləşib: birinci dəfə Nuh peyğəmbər bu torpağa ayaq basarkən, ikinci dəfə isə ulu öndərimiz Heydər Əliyev 1990-cı ildə Naxçıvana gələrək buradan ölkəmizin xilasına başlayarkən. Ümummilli Liderimiz Naxçıvanı qorudu, bu qədim diyarda başladığı tədbirlər nəticəsində xalqımızı həqiqi müstəqilliyə qovuşdurdu. Bu siyasətin davamı ölkəmizi və doğma Naxçıvanımızı daha uca zirvələrə qaldırır. Muxtar respublikada aparılan geniş quruculuq işləri bütün sahələri və yaşayış məntəqələrini əhatə edib. Yeni səhiyyə, təhsil, mədəniyyət müəssisələri, rahat və müasir yollar, istehsal sahələri tikilib istifadəyə verilir, hər bir sakinə qayğı göstərilir. Qeyd olunanlar yaşadığım Nehrəm kəndinin timsalında da özünü göstərir. Yaradılan şərait, xüsusilə Nehrəmdə Heydər Parkının istifadəyə verilməsi sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Biz ulu öndər Heydər Əliyev siyasətinə sadiq və vətənpərvər gənclər böyüdürük. Qarşımızda bir məqsəd var: o da əldə olunan inkişafa öz töhfəmizi vermək, muxtar respublika rəhbərinin etimadını layiqincə doğrultmaqdır.
Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə təltif olunan Ülkər Bayramova minnətdarlıq edərək deyib ki, göstərilən bu etimad kollektivimizin əməyinə verilən yüksək qiymətdir. Bu, məsuliyyətimizi daha da artırır. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “İnsan hüquqları bəşəriyyətin ən ali dəyəridir”. Dahi rəhbərin bu sahədə müəyyənləşdirdiyi siyasət muxtar respublikada uğurla reallaşdırılır. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) fəaliyyəti üçün hər cür şərait yaradılıb. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqdır.
Sonra “Qılınc və qələm” tarixi dramı əsasında hazırlanmış tamaşaya baxış olub.
Məmməd Səid Ordubadi ədəbiyyat tariximizin görkəmli simalarından biridir. O bütün yaradıcılığı boyu xalqımızın keçmişini, qəhrəmanlıq səhifələrini, inkişaf və azadlıq mübarizələrini ardıcıl olaraq tədqiq və təsvir edib, romanlar yazıb. Dövlətçilik tariximizdən bəhs edən “Qılınc və qələm” romanı da Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfə səhnələşdirilib.
Tarixi faktlarla bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi tamaşada ölkənin xarici əlaqələri, dövrün ədəbiyyat və incəsənəti, sənətkarları, dövlət xadimləri, xalqın azadlıq mübarizəsi əks olunub. Zəngin obrazlar yaradılmış tamaşada Azərbaycanın dövlətçilik tarixinin ən böyük səhifələrindən birini - Atabəylər dövrünün hərtərəfli mənzərəsi əks olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaşadığı dövr, Azərbaycanın XII əsrdə işğalçılara qarşı mübarizəsi, xalq azadlıq hərəkatı ustalıqla səhnələşdirilib. Tamaşada iki qəhrəmana daha geniş yer verilib. Bunlardan biri dahi şairimiz Nizami, digəri isə Fəxrəddindir. Nizami xalq qəhrəmanı Fəxrəddinin müdrik məsləhətçisidir. Səhnə əsərində Nizami qələm, Fəxrəddin isə qılınc simvolu kimi rəmzləşdirilib.
Azərbaycan Respublikasının “Əməkdar artisti” Tofiq Seyidovun quruluş verdiyi tamaşada aktyorlardan Nəsimi Məmmədzadə, Səyyad Məmmədov, Nazlı Hüseynquliyeva, Nurbəniz Niftəliyeva, Azərbaycan Respublikasının Xalq artistləri Həsən Ağasoy, Rövşən Hüseynov, Azərbaycan Respublikasının “Əməkdar artist”ləri Bəhruz Haqverdiyev, Əbülfəz İmanov və digərləri uğurlu səhnə həllinə nail olublar.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.
Ali Məclisin Sədri uğurlu tamaşaya görə kollektivə təşəkkürünü bildirərək deyib: Azərbaycan ərazisində tarixən mövcud olan dövlətlər həm də dövlətçilik tariximizlə bağlı əsərlərin yaranmasına səbəb olmuşdur. Naxçıvan teatrında dövlətçilik tariximizlə bağlı yazılmış əsərlər - Nəriman Həsənzadənin “Atabəylər”, Nəriman Nərimanovun “Nadir şah”, Həmid Arzulunun “Əlincə qalası” əsərləri tamaşaya qoyulmuşdur. Bu gün isə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı Naxçıvan teatrında ustalıqla səhnələşdirilmişdir.
Ali Məclisin Sədri deyib: Dövlətçiliklə bağlı səhnə əsərlərinin yaradılması istedad tələb edir. Bunun üçün gərək böyük yazıçı, dramaturq olasan, öz ölkənin, xalqının tarixini və əsərin əhatə etdiyi dövrü yaxşı biləsən. “Qılınc və qələm” tamaşasında aktyor seçimindən tutmuş səhnə tərtibatına qədər bütün işlər ustalıqla görülmüşdür. Hər tamaşada bir obraz daha çox diqqəti cəlb edir. Bu tamaşada da Qətibə xatın obrazı mükəmməl yaradılmışdır. Bu cür obrazların yaradılması üçün gərək aktyorda istedad olsun. Tamaşada hər bir aktyorun istedadı görünürdü. Zəhmət çəkiləndə istənilən uğura nail olmaq mümkündür. Ancaq çəkilən zəhmətə, o tamaşaya, o rola ürəklə bağlananda isə həmin obraz təkcə oynanılmır, həm də yaradılır və yaşadılır. “Qılınc və qələm” tamaşasında da obrazları yaradan hər bir aktyor həm də öz vətəndaş sevgisini ortaya qoymuşdu.
Ali Məclisin Sədri kollektivi təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulaylb.
Tamaşanın rejissoru, Azərbaycan Respublikasının “Əməkdar Artisti” Tofiq Seyidov əməklərinə verilən yüksək qiymətə və Naxçıvan teatrının fəaliyyəti üçün yaradılan şəraitə görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.