Sumqayıtın qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmirinə 6,4 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev yanvarın 27-də Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".