Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında" müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. İldən-ilə idman nəticələrimiz, uğurlarımız artmaqda davam edir. Formalaşan güclü idman infrastrukturu ölkəmizi idman ölkəsinə və beynəlxalq yarışların keçirildiyi mərkəzə çevirir. Ölkə Prezidenti cənab İlham Əliyev idmançılarla görüşündə demişdir: “İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Azərbaycanda bu belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır. Məhz dövlət siyasəti, idmançılarımızın peşəkarlığı, mütəxəssislərin və federasiyaların birgə fəaliyyəti bu uğurları şərtləndirir”.
Ali Məclisin Sədri demişdir: Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.
Qeyd olunmuşdur ki, hazırda muxtar respublikada 58 idman müəssisəsi və 886 idman obyekti fəaliyyət göstərir. İdmanın tədrisi və gənclərin fiziki hazırlığı ilə 812 müəllim məşğul olur. Uşaq və gənclərin idmana cəlbi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikada idman tədbirləri beynəlxalq xarakter alır. Müasir idman infrastrukturu və bu sahəyə göstərilən qayğının nəticəsidir ki, 2019-cu ildə muxtar respublikada 1 ölkə və 5 beynəlxalq səviyyəli idman tədbiri keçirilmişdir. Muxtar respublika idmançıları 2019-cu il ərzində idmanın müxtəlif növləri üzrə nailiyyətlər əldə etmiş, dünya, avropa və beynəlxalq turnirlərdə 190, Azərbaycan çempionatlarında 179 medal qazanmışlar. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 18 yaşadək olan idmançılardan 1-i idman sahəsində nailiyyətlərinə görə Gənc istedadların xüsusi təqaüdünə layiq görülmüş və adı “Qızıl kitab”a yazılmışdır.
Ali Məclisin Sədri demişdir ki, qazanılan nailiyyətlərlə kifayətlənməməli, muxtar respublikada idman sahəsində həyata keçirilən tədbirlər 2020-ci ildə də davam etdirilməlidir. Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, uşaq və gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirməli, idmanın müxtəlif növləri üzrə Naxçıvan Muxtar Respublikası birinciliklərinin keçirilməsi davam etdirilməlidir. İdman yarışları, xüsusən də ölkə və beynəlxalq səviyyəli turnirlər gənc idmançıların təcrübəsinin artırılmasında mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi, idman federasiyaları muxtar respublikada ölkə və beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə diqqəti artırmalı, beynəlxalq turnirlərdə idmançıların iştirakı təmin edilməlidir.
Tapşırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi Gənclər və İdman Nazirliyi ilə birgə muxtar respublikada idmanın davamlı inkişafını təmin etmək məqsədilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nı hazırlayıb təqdim etsinlər. Həmçinin Gənclər və İdman Nazirliyi Şahmat Federasiyası ilə birgə oktyabr ayında Naxçıvan şəhərində keçiriləcək 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri görməli, Olimpiadada muxtar respublika şahmatçılarının iştirakını təmin etməlidir. Uşaq və gənclərin idmana cəlbinin kütləviliyini artırmaq məqsədilə Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birgə 2020-ci ildə “İdman festivalı”nın keçirilməsini təmin etməlidir. İdman federasiyaları icra hakimiyyətləri ilə birlikdə bölmələrin fəaliyyətlərini gücləndirməli, uşaq və gənclərin bölmələrə cəlbi ilə bağlı iş aparmalı, federasiyadaxili və rayonlararası idman yarışları keçirməlidirlər.
Ali Məclisin Sədri demişdir: Peşəkar məşqçilərin hazırlanması və idmançılara məşğələlərin keçirilməsi 2020-ci ildə də Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları tərəfindən davam etdirilməli, muxtar respublikaya təcrübəli məşqçilər dəvət olunmalı, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin keçirilməsi təmin edilməlidir. “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi”ndə istifadəyə veriləcək Xizək Mərkəzində muxtar respublikada xizəksürmə idman növünün inkişafı üçün yeni imkanlar yaradılır. Gənclər və İdman Nazirliyi idmanın bu növünə marağı artırmalı, gənclərlə fəal iş aparmalıdır. Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyasını davam etdirməli, bədən tərbiyəsi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasında əhəmiyyəti ilə bağlı maarifləndirici tədbirləri həyata keçirməlidir. İdman federasiyaları federasiya daxilində istedadlı gənclərin məlumat bankına hər yarışdan sonra məlumatların yerləşdirilməsini nəzarətdə saxlamalı, Gənclər və İdman Nazirliyi internet saytında yerləşdirilən elektron məlumat bankının mütəmadi yenilənməsini təmin etməlidir.
Gənclər və İdman Nazirliyi ali təhsil müəssisələrinin hamiliyə götürdüyü ixtisaslarında gənclərlə işi davam etdirməli, istedadlı gənclərin muxtar respublikanın idman həyatında aktiv iştirakı təmin edilməlidir. Aid təşkilatlar yüksək nailiyyətləri ilə seçilən məşqçi-müəllim və idmançıların əməyini qiymətləndirməli, onların sosial problemlərinin həlli üçün zəruri tədbirləri görməlidirlər. Uşaq və gənclərin sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda fiziki sağlam həyat tərzini formalaşdırmaq bütün təhsil müəssisələrinin əsas vəzifələrindəndir. Təhsil Nazirliyi böyüməkdə olan nəslin fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalıdır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət edilməli, uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyəti gücləndirilməlidir. Təhsil Nazirliyi idman federasiyaları ilə birlikdə təhsil müəssisələrində idman yarışları və spartakiadalar təşkil etməlidir. Muxtar respublikada idman sahəsi üzrə ali təhsilli kadr hazırlığı həyata keçirən Naxçıvan Dövlət Universiteti idmanın müxtəlif növləri üzrə məşqçi-müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasını diqqətdə saxlamalıdır.
Ali Məclisin Sədri demişdir: Muxtar respublikada yaradılan idman infrastrukturunun və qurğularının qorunması, onlardan səmərəli istifadə üçün Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, idman federasiyaları, şəhər və rayon icra hakimiyyətləri birgə fəaliyyət göstərməlidirlər. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclər Fondu yeniyetmə və gənclər arasında idman növlərinin təbliği ilə bağlı maarifləndirici tədbirlər görməli, tanıtım bukletləri hazırlamalı, bu sahədə internet saytlarında və sosial şəbəkələrdə təbliğat işləri aparmalıdırlar. Muxtar respublikanın kütləvi informasiya vasitələri idmanla bağlı teleradio və qəzet materialları hazırlamalı, cəmiyyətdə bədən tərbiyəsi və idmanın həyat tərzinə çevrilməsi üçün təbliğat və təşviqat işini gücləndirməlidirlər. Bədən tərbiyəsi və idman sağlam nəslin yetişdirilməsinə yönəlmiş dövlətin sosial fəaliyyət sahələrindən biridir. Ona görə də aid təşkilatlar üzərlərinə düşən vəzifələri yerinə yetirməli, bu sahənin inkişafı üçün sistemli tədbirlər həyata keçirməlidirlər.
Ali Məclisin Sədri qeyd olunan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamış, 2 fevral Gənclər Günü münasibətilə muxtar respublika gənclərini təbrik etmişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək demişdir ki, bu gün muxtar respublikada müasir idman infrastrukturu formalaşdırılmış, uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılmışdır. 2019-cu ildə muxtar respublikada beynəlxalq turnirlər, Azərbaycan çempionatları keçirilmiş, eləcə də idmançılarımızın Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda iştirakı təmin edilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada stolüstü tennis, üzgüçülük, həndbol, fitnes, aerobika və Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölmələrində, həmçinin digər idman növləri üzrə qızların sayı artmaqdadır. Federasiyaların fəaliyyəti barədə məlumat verən Azad Cabbarov demişdir ki, Hava və Ekstremal İdman Növləri, Voleybol və Basketbol federasiyaları il ərzində idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməmiş, keçirilən muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq aşağı olmuşdur. Hər üç federasiyada peşəkar məşqçi müəllimlərin və idmançıların hazırlanması işi aparılmamışdır. Peşəkar məşqçi-müəllim və idmançıların olmaması bu federasiyaların muxtar respublikadan kənarda keçirilən yarışlarda iştirak etməməsinə səbəb olmuşdur.
Ali Məclisin Sədri tapşırmışdır ki, Gənclər və İdman Nazirliyi Hava və Ekstremal İdman Növləri, Voleybol və Basketbol federasiyaları ilə birlikdə Tədbirlər Planı hazırlasın, nöqsanlar aradan qaldırılsın və federasiyaların fəaliyyətində dönüş yaradılsın.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının məşqçi-müəllimi Əsgər Abdullayev çıxış edərək demişdir ki, muxtar respublikada futbolun inkişafı diqqətdə saxlanılır. Bu idman növünün inkişafı üçün hər cür şərait yaradılıb. Ona görə də yeniyetmə və gənclərin futbola marağını artırmağı, istedadlı futbolçuları üzə çıxarmağı, onlara bacarıqlarımızı öyrətməyi qarşıya məqsəd qoymuşuq. Muxtar respublikada məşqçi-müəllimlər üçün yaradılan şərait, sosial təminat imkan verir ki, biz öz vaxtımızı idmançıların yetişməsinə sərf edək. Təbii ki, hər bir məşqçi müəllimin uğuru onun idmançılarının qazandığı nailiyyətlərlə ölçülür. Çalışacağıq ki, muxtar respublikada digər idman növləri üzrə qazanılan uğurlar futbol sahəsində də əldə edilsin. Əsgər Abdullayev məşqçi müəllimlərə yaradılan hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançısı Sadiq Qarayev bildirmişdir ki, muxtar respublikada müasir idman infrastrukturunun yaradılması gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Olimpiadalarda, digər mötəbər yarışlarda qələbələr qazanan idmançılar böyük diqqətlə və qayğı ilə əhatə olunurlar. Mən 10 ildir idmanın şahmat növü ilə məşğulam. Bu gün şahmatın inkişafına göstərilən qayğının, şahmatçıların fəaliyyətinin dəstəklənməsinin nəticəsidir ki, bu idman növünə gənclər və yeniyetmələr arasında maraq xeyli artmış, şahmatın kütləviliyinə nail olunmuşdur. Şahmatçıların təkcə muxtar respublikamızda keçirilən birinciliklərdə deyil, ölkəmizdə və beynəlxalq yarışlarda iştirakı üçün hər cür şərait yaradılır. Sadiq Qarayev göstərdiyi hərtərəfli qayğıya görə muxtar respublika idmançıları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri demişdir ki, bu gün muxtar respublikada gənclərin şahmata böyük marağı vardır. Bu sahədə yaradılan şərait və federasiyanın fəaliyyətinin gücləndirilməsi bu idman növü üzrə kütləviliyi təmin etmişdir. Gənclər və İdman Nazirliyi və federasiyalar 2020-ci il üçün qarşılıqlı fəaliyyət planı təsdiq etməli, hər bir federasiya üzrə daxili və beynəlxalq yarışlar keçirilməlidir. Gənclərin idmana kütləvi cəlbinə nail olunmalı, idman maarifçiliyinə diqqət artırılmalı, Naxçıvan Dövlət Televiziyası tərəfindən idmanın təşviqi ilə bağlı video-çarxlar hazırlanmalı, istirahət parklarında idman guşələri qurulmalıdır.
Ali Məclisin Sədri müşavirədə müzakirə olunan məsələlərin idmanın kütləviliyinin təmin olunmasına töhfə verəcəyini bildirmiş, muxtar respublikada idman sahəsində qazanılan nailiyyətlərdə əməyi olanlara təşəkkür etmişdir.
Sonra Ali Məclisin Sədri 2019-cu ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 3 məşqçi-müəllimə mükafat təqdim etmişdir.
Mükafatlandırılanlardan Şəfi Hüseynov minnətdarlıq edərək demişdir: "Bu gün bir həqiqəti etiraf etmək lazımdır ki, muxtar respublikada gənclərin idmanla kütləvi məşğul olması Ali Məclis Sədrinin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Artıq oğlanlarla yanaşı, qızlar da idmana böyük maraq göstərirlər. Biz idmançıların üzərinə düşən vəzifə də yaradılan şəraitdən səmərəli istifadə edərək nailiyyətlərimizi daha da artırmaqdır".