Prezident İlham Əliyev Qırğızıstanın Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİB

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovu qəbul edib.

NUHÇIXAN xəbər verir ki, nazir Çingiz Aydarbekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş edib.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

-Xoş gəlmisiniz, sizi görməyimə şadam. Sabah sizin mühüm tədbiriniz başlayır. Əminəm ki, tədbir bizim ötən il keçirdiyimiz Sammit zamanı dövlət başçıları tərəfindən verilən bütün tapşırıqlar ruhunda yaxşı keçəcək. Əlbəttə, təşkilatımız ildən-ilə güclənir və bütün türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsi üzrə çox mühüm məsələləri həll edir. Son zamanlar həm siyasi qarşılıqlı fəaliyyət planında, eyni zamanda, iqtisadi inteqrasiya üzrə və mədəniyyət, təhsil sahələrində çoxlu təşəbbüslər irəli sürülüb. Həm fond yaradılıb, həm də akademiya fəaliyyət göstərir. Beləliklə, biz öz işimizi daha məzmunlu edirik.

Hesab edirəm ki, ötən il ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu olub. Mən beynəlxalq tədbirlər çərçivəsində Prezidentlə bir neçə dəfə görüşmüşəm. Əməkdaşlığın möhkəmlənməsi istiqamətində bu il də mühüm tədbirlər nəzərdə tutulub. Qırğızıstan bizim üçün çox yaxın ölkədir, qardaş ölkədir və biz ikitərəfli qarşılıqlı fəaliyyəti inkişaf etdirmək istəyirik. Beləliklə, düşünürəm ki, bu il siz öz həmkarınızla birgə həyata keçirəcəyiniz tədbirləri müəyyən edəcəksiniz.

Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov deyib:

-Hörmətli İlham Heydər oğlu, çox sağ olun. İlk növbədə, Sizə təşəkkürümü bildirmək istərdim. Gərgin iş rejiminə baxmayaraq, Siz görüşmək və hər şeydən əvvəl Qırğızıstan-Azərbaycan münasibətlərinin perspektivlərini müzakirə etmək üçün vaxt tapdınız. Siz qeyd etdiyiniz kimi, ötən il və ondan əvvəlki il Sizin şəxsi diqqətiniz və qardaşlıq, dostluq münasibətlərimizi möhkəmləndirmək istiqamətində bizim Prezidentin səyləri sayəsində əməkdaşlıq çox fəal şəkildə inkişaf edib. Ötən il Türkdilli Dövlətlərin başçılarının Bakı Sammitində tarixi hadisə baş verdi, təşkilatımız böyüdü, bundan başqa, Avropada Türk Şurasının ofisi açıldı. Zənnimizcə, Sizin bizim Prezidentimizlə çox vacib görüşünüz oldu. Həmin görüşdə siz tərəflərin hökumətlərinin icra etdikləri, reallaşdırdıqları konkret perspektiv, aktual razılaşmaları müəyyən etdiniz. Onların arasında Qırğız-Azərbaycan məktəbinin, Qırğız-Azərbaycan dostluq parkının tikintisi haqqında razılaşma da var. Ötən il dekabrın 24-də biz məktəbin təməlini qoyduq. Bu il yanvarın 10-da isə şəxsən bizim Prezidentin iştirakı ilə, - o, qardaşlıq münasibətlərimizə böyük diqqət yetirir, - park zonasının təməlqoyma mərasimi oldu. Bu, şəhərimizin ən mötəbər nöqtəsidir və şəhərimizin sakinləri bunu böyük ruh yüksəkliyi ilə qarşıladılar. Biz Sizin Qırğız Respublikasına rəsmi səfərinizi səbirsizliklə gözləyirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: