Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, fevralın 6-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Müasir dövrdə ölkələrin qarşısında duran əsas vəzifələrdən biri də sahibkarlığın inkişafıdır. Bu amilin vacibliyini daim ön planda saxlayan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Sahibkarlığın inkişafı yeni iş yerləri yaradır, istehlak bazarına yeni məhsul növü çıxarır, vergi ödəyicilərinin sayını artırır, iqtisadi islahatların sosial bazası kimi əhalinin orta təbəqəsini formalaşdırır”. Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı yeni mərhələyə yüksəlmişdir. Yaradılan əlverişli investisiya mühiti və göstərilən dövlət dəstəyi sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmış, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüşdür. Hazırda muxtar respublikada məşğul əhalinin 84 faizə yaxını özəl sektorda çalışır. Sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının isə 98 faizi özəl bölmənin payına düşür.
Qeyd olunub ki, son illər Naxçıvanda yüksək texnologiyalar əsasında maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı çoxsaylı istehsal və xidmət sahələri yaradılmış, istehlak mallarına olan tələbatın ödənilməsində sahibkarlıq müəssisələrinin çəkisi artmışdır. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikada əhalinin əksər hissəsinin kəndlərdə yaşaması bu sahə üzrə sahibkarlığın inkişafını zərurətə çevirmişdir. Real vəziyyət nəzərə alınaraq kənd təsərrüfatının kompleks inkişafı təmin edilmiş, sahibkarlar torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunmuşlar. Bu gün torpaq mülkiyyətçiləri və fermerlər güzəştli şərtlərlə texnika və avadanlıqlarla, kredit, subsidiya və gübrə ilə təmin edilirlər. Mütərəqqi suvarma sistemləri qurulur, istehsal olunan məhsulların daxili bazarda rahat satışı, ixracı və dövlət tərəfindən qəbulu həyata keçirilir.
Ali Məclisin Sədri deyib: Ailə təsərrüfatları kiçik və orta sahibkarlığın ilkin formasıdır. Ona görə də ötən il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatı ili” elan olunmuş, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilmiş, ailə təsərrüfatlarına dövlət maliyyə dəstəyi artırılmış, 87 ailə təsərrüfatına 820 min manata yaxın güzəştli şərtlərlə kreditlər verilmişdir. Aydın məsələdir ki, dövlət maliyyə dəstəyi olmadan özəl sektorun inkişafı mümkün deyil. Muxtar respublikada sahibkarların maliyyə resurslarına çıxış imkanlarının əlçatan olması, xüsusilə də kreditlər üzrə düzgün biznes qiymətləndirilməsinin aparılması və aşağı faiz dərəcələrinin tətbiqi hər il yeni istehsal sahələrinin yaranmasına imkan verir. Ötən il muxtar respublikada sahibkarlara 29 milyon manatdan artıq kredit verilmiş, 84 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır. Artan turizm potensialı muxtar respublikada sahibkarlığın bu istiqamətdə də inkişafına təkan vermişdir. Bütün yaşayış məntəqələrində müasir infrastrukturun yaradılması, yolların yenidən qurulması, sürətli internet təminatı, sabitlik, aparılan ekoloji tədbirlər, zəngin tarixi-mədəni irs turizm sahəsində sahibkarlıq fəaliyyətinə geniş imkanlar açib.
Ali Məclisin Sədri demişdir: İstehsal olunan məhsulların ixrac potensialını yaratmadan özəl bölmənin inkişafından danışmaq mümkün deyil. Bu sahədə dövlət üzərinə düşən vəzifələri yerinə yetirir, sahibkarlara dəstək verir, ixracın təşviqi sahəsində ardıcıl tədbirlər görülür. Nəticə uğurludur. 10 ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. 2019-cu ildə də muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 497 milyon ABŞ dollarından çox olmuş, ticarət əməliyyatlarının 85 faizdən çoxu ixracın payına düşmüşdür. Muxtar respublikada şəffaf vergi sisteminin formalaşdırılması iqtisadi inkişafı təmin etməklə yanaşı, həm də sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmışdır. Xüsusilə vergi inzibatçılığına yol verilməməsi, vergi nəzarətinin təkmilləşdirilməsi və uçotun düzgün aparılmasının nəticəsidir ki, 2019-cu ildə büdcə gəlirlərinin 84 faizə yaxını vergi daxilolmaları hesabına formalaşmışdır.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirirək demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafı üçün bütün tədbirlər görülmüşdür. Qalır yaradılan imkanlardan səmərəli istifadə etmək. Aid dövlət qurumları yerli xammala əsaslanan və tələbatı ödəyən istehsal sahələrinin yaradılması istiqamətindəki səylərini artırmalı, biznes-planlar düzgün hazırlanmalı, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilməməlidir. Sahibkarlar da onlar üçün yaradılmış işgüzar mühitdən səmərəli istifadə etməli, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsal olunmalıdır.
"2020-ci il muxtar respublikamızda "İxrac ili" olduğu üçün çalışıb ona nail olmalıyıq ki, sahibkarlıq müəssisələrinin fəaliyyəti daha da genişlənsin, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın, istehsalın və ixracın həcmi artsın” - deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Sahibkarlar təbəqəsi güclənməlidir. Çünki bu, ölkəmizin gələcəyidir" - fikirləri ilə tamamlamışdır.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək 2019-cu ilin iqtisadi göstəriciləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri nəticəsində makroiqtisadi göstəricilər artmış, ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon manatdan çox olmuşdur. Bu dövrdə sənayeləşmə uğurla davam etdirilmiş, sahibkarlıq subyektləri tərəfindən 75 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 247 iş yeri açılmışdır. Hazırda muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlə sənaye tutmaqdadır. Ötən il sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olmuşdur. Muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 29 milyon 16 min manatdan artıq kredit verilmişdir ki, bunun da 10 milyon 715 min 730 manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşmüşdür. Ötən il 13 elm və təhsil, 12 səhiyyə, 29 mədəniyyət müəssisəsi, 2 idman, 17 sosial qayğıya ehtiyacı olan ailələr üçün ev, 10 kənd və 12 xidmət mərkəzi tikilərək istifadəyə verilmişdir. Muxtar respublikada müasir və etibarlı yol-nəqliyyat infrastrukturu yaradılmış, bu sahənin davamlı inkişafı təmin olunmuş, 97,7 kilometr uzunluğunda avtomobil yolları çəkilmiş, 3 körpü tikilmiş, 3 körpü əsaslı təmir olunmuşdur. Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 3 soyuducu anbarın genişləndirilməsi, 4 soyuducu anbarın yaradılması başa çatdırılmışdır. Hazırda muxtar respublikada istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları 12 ölkəyə ixrac edilir. Tapdıq Əliyev özəl sektorun inkişafına göstərdiyi diqqət və qayğıya görə muxtar respublika sahibkarları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Vergilər xidmətinin rəisi Azər Nağıyev çıxış edərək demişdir ki, muxtar respublikadakı əlverişli biznes və investisiya mühiti sahibkarlığın inkişafına təkan vermiş, yeni sənaye sahələri yaradılmış, idxaldan asılılıq minimuma endirilmişdir. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yaradılan şəraitin nəticəsidir ki, muxtar respublika üzrə 2019-cu ildə müəyyənləşdirilmiş vergi proqnozu 115,4 faiz icra edilmişdir. Özəl sektordan vergi daxilolmaları ümumi vergi daxilolmalarının 64,7 faizini təşkil etməklə, 2018-ci ilə nisbətən 4 milyon 153 min manat artıq olmuşdur ki, bu da muxtar respublikada özəl sektora göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Əlverişli biznes şəraitinin yaradılmasının nəticəsidir ki, “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 39 kommersiya hüquqi şəxs və 3599 fiziki şəxs sahibkarlıq fəaliyyəti üçün dövlət qeydiyyatına alınmışdır. Qeydiyyata alınan fərdi sahibkarların 73,5 faizi muxtar respublikanın rayonlarının payına düşmüşdür. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər investisiya fəaliyyətini təşviq etməklə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində geniş imkanlar yaratmışdır. Tətbiq olunan vergi güzəştləri barədə məlumat verən Azər Nağıyev qarşıya qoyulan vəzifələrin icrasında səylərin artırılacağını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirmişdir ki, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər özəl sektorda uğurların qazanılmasına səbəb olmuş, sənayenin çoxşaxəli inkişafı təmin edilmişdir. 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən "Cahan Holdinq" avtomobil və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etmişdir. Tanınmış brendlərin rəsmi nümayəndəsi kimi də fəaliyyət götsərən holdinq Türkiyədə, Rusiyada, İsveçrədə, Birləşmiş Ərəb Əmirliklərində və Çin Xalq Respublikasında öz filiallarını açaraq xarici bazarlarda təmsil olunur. Bütün bunlarla yanaşı, holdinq Bakı şəhərində, eləcə də Gəncə, Masallı, Quba, Goranboy və Şəkidə öz xidmət sahələrini yaratmışdır. Vüqar Abbasov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Şirəliyev çıxış edərək demişdir: "Muxtar respublikada göstərilən dövlət qayğısı nəticəsində yüzlərlə ailə təsərrüfatı fəaliyyətə başlamışdır. Yaradılan müasir infrastruktur, istehsal edilən kənd təsərrüfatı məhsullarının sərbəst bazara çıxarılması imkanlarının mövcudluğu insanların bu sahəyə marağını daha da artırmışdır. Mağaza və xidmət mərkəzlərində ailə təsərrüfatı məhsullarının satışının təşkili, eyni zamanda qapalı müəssisələrdə bu məhsullardan istifadə ailə təsərrüfatlarının inkişaf etdirilməsi sahəsində atılan əhəmiyyətli addımlardandır. Mövcud şəraitdən lazımınca yararlanaraq təsərrüfatımı ildən-ilə genişləndirərək 2019-cu ildə 14 hektar taxıl, 6 hektar kartof, 8 hektar qarğıdalı, 1 hektar soğan və tərəvəz, 1 hektar yonca əkini həyata keçirmişəm. Həmçinin toxumçuluq təsərrüfatı yaratmışıq. Ötən il təsərrüfatımızda 84 ton taxıl, 180 ton kartof, 72 ton qarğıdalı, 20 ton soğan və 20 ton tərəvəz istehsal etmişik. Bizi bu işlərin həyata keçirilməsinə ruhlandıran Ali Məclis Sədrinin ailə təsərrüfatlarına olan yüksək qayğısı və inamıdır. Bu da qarşımızda duran vəzifələrin həyata keçirilməsində məsuliyyətimizi daha da artırır ".
Bağçılıq təsərrüfatı ilə məşğul olan İsrafil Rəhimov demişdir: "Muxtar respublikada torpaq mülkiyyətçilərinə subsidiya və kreditlərin verilməsi, texnika ilə təminatın ilbəil yaxşılaşması və aqrar sektorun inkişafına yaradılan münbit şəraitdən bəhrələnərək 2019-cu ildə Babək rayonunun sirab kəndində fermer təsərrüfatımızı yaratmışıq. Təsərrüfatımızın ümumi sahəsi 11,5 hektardır. İlk illərdə 4,5 hektar ərazidə badam bağı salmışıq. Bununla yanaşı muxtar respublikanın torpaq iqlim şəraitinə uyğun 2 min şitil gətirilmişdir. Təsərrüfatımızın fəaliyyətə başlaması əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynamışdır. Ailəmizin işçi qüvvəsindən əlavə mövsüm ərzində 5 kənd sakini də təsərrüfatda işlə təmin olunur. Göstərilən qayğıdan bəhrələnərək bu ildən bağçılıq təsərrüfatımızın genişləndirilməsinə başlamışıq. Bugünə qədər təsərrüfatımızın qurulmasını şəxsi vəsaitimiz hesabına həyata keçirmişik. 6 hektar badam bağının salınması üçün Sahibkarlığın İnkişafı Fonduna 25 min manat maliyyə dəstəyinin göstərilməsi üçün müraciət etmişik". İsrafil Rəhimov muxtar respublikada ailə təsərrüfatlarının inkişafı üçün yaratdığı şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Sonra Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olmuşdur. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 oktyabr və 25 dekabr tarixli Sərəncamları ilə muxtar respublikanın kənd təsərrüfatı işçilərindən biri Azərbaycan Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı, biri 1-ci dərəcəli “Əmək” ordeni, ikisi 2-ci dərəcəli “Əmək” ordeni, ikisi 3-cü dərəcəli “Əmək” ordeni, dördü isə “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə 3 nəfər Naxçıvan Muxtar Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı, 5 nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşlar.
Ali Məclisin Sədri orden, medal və fəxri adları, eləcə də "Rəşadətli əməyə görə" nişanını təqdim etmişdir.
Azərbaycan Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif olunan Rahət Hacıyev minnətdarlıq edərək demişdir: "Muxtar respublikada sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Subsidiyaların, güzəştli kreditlərin verilməsi, suvarma şəbəkələrinin qurulması, “Araz” Elm İstehsalat Birliyinin, eləcə də Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yeni inzibati binanın istifadəyə verilməsi kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlərdir. Biz kənd təsərrüfatı işçiləri də yaradılan şəraitdən səmərəli istifadə edəcək, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağıq.
2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Arif Cəfərov demişdir: Muxtar respublikada aqrar sahədə görülən işlər bol məhsul istehsal etməyə imkan verir. Kənd təsərrüfatı işçilərinə, fermerlərə, torpaq mülkiyyətçilərinə verilən məsləhətlər işin düzgün qurulmasının əsas şərtidir. Bu gün Naxçıvan bütün sahələrdə nümunədir. Abadlaşan kəndlər, salınan rahat yollar insanlara göstərilən qayğının ifadəsidir. Arif Cəfərov Ali Məclisin Sədrinə "Şərəf" ordeninin təqdim olunması münasibətilə təbriklərini çatdırmışdır.
Digər təltif olunanlar da əməklərinə verilən qiymətə görə minnətdarlıq etmişlər.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 12 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər ətlik istiqamətində heyvandarlıq, damazlıq arıçılıq və balın emalı sahələrinin, eləcə də arıçılıq məhsullarının qablaşdırılmasına və bağçılıq təsərrüfatının yaradılmasına sərf olunacaqdır.
Güzəştli kreditlə təmin olunanlardan Süleyman Yusifov minnətdarlıq edərək demişdir ki, muxtar respublikamızda sahibkarlara qayğı göstərilir. Ali Məclis Sədrinin iştirakı ilə keçirilən görüşlər, verilən tövsiyə və tapşırıqlar fəaliyyətimizin genişləndirilməsinə, yeni istehsal sahələrinin və sahibkarlıq subyektlərinin yaradılmasına stimul verir.
Tədbirdə 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən filmə baxış olmuşdur.
Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni model avtomobillərə baxmışdır.
Qeyd olunmuşdur ki, sərgi salonunda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər və istifadəyə verilən obyektlər haqqında stendlər, muxtar respublikanın sənaye və kənd təsərrüfatı sahələri xəritəsi qoyulmuşdur. Burada muxtar respublikada fəaliyyət göstərən 78 müəssisənin 273 növdə, 1669 çeşiddə, eləcə də 64 ailə təsərrüfatının 16 növdə 168 çeşiddə məhsulu nümayiş olunur. Həmçinin mərkəzdə muxtar respublikada fəaliyyət göstərən sənətkarların, eyni zamanda məhkumların və qadınların əl işləri də sərgilənir.
Bildirilmişdir ki, Naxçıvan Avtomobil Zavodunda 6 çeşiddə yeni model avtomobil yığılır. "Avro 5" tələblərinə cavab verən, avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobillər rahatlığı, keyfiyyəti və qənaətçilliyi ilə seçilir. Tələbata uyğun olaraq zavodun istehsal imkanlarının artırılması nəzərdə tutulur. Hazırda avtomobillərin nağd və kredit rolu ilə satışı həyata keçirilir.
Ali Məclisin Sədri muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, ixrac olunan məhsullara vergi güzəştlərinin tətbiq edilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması və yerli xammalla işləyən müəssisələrin yaradılması, xidmət sahələrinin fəaliyyəti ilə bağlı Tədbirlər Planının hazırlanması, Naxçıvan Avtomobil Zavodu tərəfindən ehtiyat hissələri təminatı və texniki xidmətin təşkili barədə tapşırıqlar vermişdir.