Kürdəmirdə körpələr evi–uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev fevralın 12-də Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Kürdəmir rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Meydanı, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 32 mənzilli 2 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, “ASAN xidmət” mərkəzi istifadəyə verilmiş, 31 ümumtəhsil məktəbində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, 4 aqropark, xalçaçılıq, həmçinin digər iri istehsal və emal müəssisələri yaradılmış, 19 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçasının yeni binasının tikintisi, habelə şəhər infrastrukturunun yeniləşdirilməsi tədbirlərini davam etdirmək məqsədilə qərara alıram:
1. Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kürdəmir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 8 nömrəli körpələr evi–uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".