Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - FOTOLAR

A- A A+

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov  İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri qonaqları Azərbaycanın müqəddəs torpağı Naxçıvan şəhərində salamlayıb, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində təşəbbüsü olanlara təşəkkür edib. Qeyd olunub ki, 2009-cu ildən ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və dəstəyi ilə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı işlər uğurla həyata keçirilib. Ötən dövrdə türk-islam mədəniyyəti abidələri bərpa olunub, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr olunub. Həmçinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi və suvenirlər hazırlanıb, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılıb.

Nuh peyğəmbərin vətəni olan Naxçıvanın qədim tarixindən, burada dini dəyərlərin qorunub yaşadılması sahəsində görülən işlərdən və türk-islam mədəniyyətinin inkişafından danışan Ali Məclisin Sədri Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin əhəmiyyətini vurğulayıb, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” tədbirlərinin uğurla keçəcəyinə əminliyini bildirib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib, İslam Mədəniyyətinin Paytaxtı seçilmiş şəhərlər və bu layihə üzrə görülən işlər barədə danışıb. Baş direktor bildirib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi düzgün qərar idi. Çünki Azərbaycanın bu qədim diyarında zəngin tarixi-mədəni irs vardır. Eyni zamanda Naxçıvan şəhərinin müasir inkişafı, təmizliyi, havası və İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər məmnunluq doğurur.

Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsin və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlərin təbliğ olunması və tanıdılmasının vacibliyini vurğulayan Əbdüləziz Osman əl-Tuveycri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının bundan sonra da Naxçıvanla əməkdaşlığa mühüm əhəmiyyət verəcəyini bildirib, fikirlərini “Yaşasın Azərbaycan və onun İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan şəhəri, yaşasın İslam Həmrəyliyi” sözləri ilə tamamlayıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində İslam ölkələrinin yüksək səviyyəli nümayəndələrlə təmsil olunduğunu və tədbirə böyük marağın olduğunu bildirib.

Əbdüləziz Osman əl-Tuveycri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən hazırlanmış rəmzi loqonu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova təqdim edib.

Sonda xatirə fotosu çəkilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: