Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 6-da Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) “Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 06 mart tarixli 2-VI FR nömrəli Fərmanı ilə yaradılmışdır.
1.2. Cəmiyyət muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri, habelə içməli su təchizatı və kanalizasiya sistemi xidmətlərini göstərən, torpaqların su təminatını həyata keçirən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən səhmləri dövlətə məxsus açıq səhmdar cəmiyyətdir.
1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
1.4. Cəmiyyətin aparatı və tabeliyində olan qurumlar Cəmiyyətin strukturunu təşkil edir.
1.5. Cəmiyyətin hüquqi ünvanı: Naxçıvan şəhəri.
2. Cəmiyyətin hüquqi statusu
2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
2.2. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququna malikdir.
2.3. Cəmiyyət üzərində Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştampa və blanka malikdir.
3. Cəmiyyətin vəzifə və funksiyaları
3.1. Cəmiyyət aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. öz səlahiyyətləri daxilində su istehlakçılarını su ilə təmin etmək;
3.1.2. yerüstü və yeraltı su obyektlərinin istifadəsini, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin (Sudan İstifadəedənlər Birliklərinin istifadəsində olan sistemlər istisna olmaqla) istismarını, mühafizəsini və suvarılan torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirmək;
3.1.3. su obyektlərindən götürülən suları müəyyən olunmuş qaydada bölüşdürmək və onlardan istifadəyə nəzarət edilməsini təmin etmək;
3.1.4. içməli su ehtiyacları üçün nəzərdə tutulan su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə edilməsini aradan qaldırmaq;
3.1.5. torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət meliorasiya xidmətini inkişaf etdirmək;
3.1.6. meliorasiya və su təsərrüfatı sahəsində proqramların həyata keçirilməsini təmin etmək;
3.1.7. meliorasiya və su təsərrüfatı sahəsinin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və bu istiqamətlərə dair proqnoz və layihələrin, standart, norma və qaydaların hazırlanmasında iştirak etmək;
3.1.8. dövlət büdcəsindən, xidmətlər və digər mənbələrdən daxil olan vəsaitlər hesabına görülən əsaslı tikintinin sifarişçisi, podratçısı, istismar tədbirlərinin icraçısı kimi çıxış etmək;
3.1.9. Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətinə nəzarəti qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində həyata keçirmək;
3.1.10. su təchizatına yönəldilən xərclərin qismən ödənilməsini təmin etmək məqsədi ilə mövcud qanunvericiliyə uyğun olaraq, sudan pullu istifadəni təmin etmək;
3.1.11. yerüstü və yeraltı su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə təklifləri və yerüstü su obyektlərinin monitorinq məlumatlarını aidiyyəti dövlət orqanlarına təqdim etmək;
3.1.12. səlahiyyətləri daxilində müvafiq beynəlxalq öhdəliklərin həyata keçirilməsini təmin etmək;
3.1.13. dövlət mülkiyyətində olan su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarının doldurulub boşaldılma rejimlərini müəyyən etmək və həyata keçirmək;
3.1.14. dövlət mülkiyyətində olan meliorasiya və su təsərrüfatı obyektlərinin istismarı zamanı, eləcə də yeni tikiləcək belə obyektlərin layihələrində təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etmək;
3.1.15. suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər işləyib həyata keçirmək, sahilqoruyucu obyektlərin istismarını təşkil etmək;
3.1.16. su obyektlərinin su mühafizə zonalarını və sahil mühafizə zolaqlarının ölçülərini, sərhədlərini və istifadəsini müvafiq dövlət orqanları ilə razılaşdırmaqla müəyyən etmək və təsdiq olunması üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
3.1.17. meliorasiya və su təsərrüfatı obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını, onların saxlanılmasını və qorunmasını təmin etmək;
3.1.18. müasir elm, texnika və mütərəqqi texnologiyalar əsasında sahənin inkişafını təmin etmək;
3.1.19. hüquqi və fiziki şəxslər tərəfindən sudan istifadə qaydalarına və normalarına əməl olunmasına səlahiyyətləri daxilində nəzarət etmək, bu normaları və qaydaları pozanlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görmək;
3.1.20. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.2. Cəmiyyət qarşısında duran vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
3.2.1. meliorasiya və su təsərrüfatı sahəsində ümumi tədbirləri və əsas istiqamətləri müəyyən edir;
3.2.2. meliorasiya və su təsərrüfatı sahəsində istismar, təmir-bərpa, əsaslı tikinti, yenidənqurma işlərinin aparılmasını təmin edir;
3.2.3. içməli su qurğularının yeni texnologiyalar əsasında qurulması və əhalinin içməli su ilə təchizatı sahəsində müvafiq tədbirlər həyata keçirir, verilən içməli suyun keyfiyyətli olmasını təmin edir;
3.2.4. su sayğaclarının quraşdırılması, yoxlanılması və təmirini həyata keçirir;
3.2.5. su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericilikdə nəzərdə tutlmuş sanitar - mühafizə zonalarını yaradır və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir;
3.2.6. tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin işi üzrə tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir;
3.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada suların dövlət uçotunu və dövlət su kadastrını öz səlahiyyətləri daxilində aparır;
3.2.8. kəhrizlərin, meliorasiya - irriqasiya və içməli su - kanalizasiya sisteminin və digər hidrotexniki qurğuların pasportlaşmasını və kadastrını aparır;
3.2.9. yeraltı içməli su mənbələrindən, o cümlədən kəhrizlərdən səmərəli istifadəni və onlara nəzarəti təşkil edir;
3.2.10. içməli suya olan tələbatı müəyyən edir, əhalini içməli su ilə təmin edir;
3.2.11. içməli və suvarma suyuna olan tələbatı nəzərə almaqla subartezian quyularının qazılmasını və istismarını təmin edir;
3.2.12. içməli və suvarma suyundan qənaətlə istifadəni təmin edir, mütərəqqi suvarma şəbəkələri qurur;
3.2.13. suvarılan və meliorasiya olunmuş torpaqların uçotunu təşkil edir və monitorinqini aparır;
3.2.14. müəyyən edilmiş qaydada hidrotexniki qurğuların dövlət reyestrini öz səlahiyyətləri daxilində aparır;
3.2.15. səlahiyyətləri daxilində muxtar respublika üzrə, hövzə və inzibati-ərazi vahidləri üzrə su təsərrüfatı balanslarını hazırlayır;
3.2.16. yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır;
3.2.17. dövlət büdcəsi, kreditlər, qrantlar, texniki yardımlar, xidmətlər və digər mənbələr hesabına Cəmiyyətin sərəncamına daxil olan vəsaitlərdən təyinatı üzrə istifadə edilməsini, müvafiq investisiya layihələri üzrə müsabiqə sənədlərinin tərtibini, malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunvericiliyə uyğun olaraq müsabiqələrin keçirilməsini təşkil edir;
3.2.18. meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərinin, habelə içməli su təchizatı və kanalizasiya sistemi xidmətlərinin göstərilməsi, torpaqların su təminatının həyata keçirilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarı ilə bağlı büdcə vəsaitinə tələbatı müəyyənləşdirir və aidiyyəti üzrə təqdim edilməsini təşkil edir;
3.2.19. meliorasiya və su təsərrüfatı sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunmasının təşkilində iştirak edir və bu sahədə lazımi iş aparır;
3.2.20. əsaslı vəsait qoyuluşundan səmərəli istifadə olunmasını, tikilən və yenidən qurulan obyektlərin, istehsal güclərinin və əsas fondların vaxtında istifadəyə verilməsini təmin edir;
3.2.21. Sudan İstifadəedənlər Birlikləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatlar, ailə kəndli təsərrüfatları, vətəndaşlar, digər su istifadəçiləri ilə müqavilələr əsasında meliorasiya və su təsərrüfatı sistemlərinə və qurğularına texniki xidmətin göstərilməsini təmin edir, bu məqsədlə yerlərdə servis təşkilatlarını lazımi avadanlıq, maşın-mexanizmlər və ixtisaslı mühəndis-texniki kadrlarla təmin edir;
3.2.22. mühasibat uçotunu təşkil edir, qanunvericiliklə müəyyən olunmuş qaydada illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir;
3.2.23. meliorasiya və su təsərrüfatı sahəsi üzrə kadrların hazırlanması, onların ixtisaslarının artırılması istiqamətində müvafiq tədbirlər görür;
3.2.24. işçilərin sosial-məişət və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası qaydalarına riayət edilməsini təmin edir;
3.2.25. vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin edir, daxil olmuş müraciətlərə vaxtında cavab verir;
3.2.26. Cəmiyyətin səfərbərliyə hazırlığını təmin edir;
3.2.27. Cəmiyyətin fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin müəyyən edilmiş qaydada komplektləşdirilməsini, saxlanmasını və uçotunu təmin edir;
3.2.28. meliorasiya və irriqasiya sistemlərinin istismarı və saxlanması qaydalarının yerinə yetirilməsini təmin edir;
3.2.29. Cəmiyyətin saxlanması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan məqsədyönlü vəsaitin sifarişçisi funksiyalarını həyata keçirir;
3.2.30. sərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir;
3.2.31. meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir;
3.2.32. su ehtiyatlarından istifadə edilməsi ilə bağlı yeni müəssisələrin tikilməsi və mövcud müəssisələrin yenidən qurulmasının layihələndirməsi zamanı su ehtiyatlarının olması barədə rəy verir, su ehtiyatlarından istifadə edən bütün obyektlər üzrə yerayırma və istismara qəbul komissiyalarının işində iştirak edir;
3.2.33. səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, meliorasiya və su təsərrüfatı sahəsində xarici təşkilatlarla iqtisadi, istehsalat və elmi-texniki əlaqələr yaradır;
3.2.34. meliorasiya və irriqasiya sahəsində tövsiyə xarakterli metodiki sənədlər hazırlayır və onları təsdiq edir;
3.2.35. su istifadəçilərindən sudan istifadənin vəziyyəti barədə lazımi məlumatlar alır;
3.2.36. hidrotexniki qurğuların təyinatı üzrə təhlükəsizlik bəyannamələrini öz səlahiyyətləri daxilində təsdiq edir;
3.2.37. əhalinin sağlamlığının, ətraf mühitin və tarixi-mədəni irsin, habelə başqa şəxslərin qanuni hüquqlarının və maraqlarının qorunması məqsədi ilə səlahiyyətləri daxilində su obyektlərindən və onların bir hissəsindən istifadəni məhdudlaşdırmaq, dayandırmaq və qadağan etmək üçün müvafiq təqdimatlar hazırlayır;
3.2.38. səlahiyyətləri daxilində su obyektlərindən balıqçılıq üçün istifadəni razılaşdırır, su tutarlarını və ya onların müəyyən hissələrini idman və həvəskar balıq ovu üçün ayırır;
3.2.39. səlahiyyətləri daxilində su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə edilməsinə razılıq verir və ya tullantı sularının su obyektlərinə axıdılmasını məhdudlaşdırır, dayandırır, qadağan edir;
3.2.40. qanunvericiliyə uyğun olaraq su mühafizə zonalarındakı torpaqların istifadəsinə razılıq verir və bu ərazidəki fəaliyyətə nəzarəti səlahiyyətləri daxilində həyata keçirir;
3.2.41. su obyektlərinin bərpası və mühafizəsi sahəsində bələdiyyələr və su istifadəçiləri ilə hövzə sazişləri bağlayır;
3.2.42. sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında, meliorasiya və irriqasiya sistemlərində qalaqların yaradılmasının, su axımının qarşısının özbaşına kəsilməsinin, göllərdən su buraxılmasının qarşısını alır;
3.2.43. suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerləri müəyyənləşdirir, onların tikinti layihələrinə rəy verir, obyektlərin istismara verilməsini razılaşdırır;
3.2.44. müəyyən müddət üçün yerüstü və yeraltı su ehtiyatlarından istifadənin son həddini göstərən limitlər və kvotalar müəyyən edir, müqavilələr bağlayır, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda yerüstü su ehtiyatlarından istifadəyə icazə verir;
3.2.45. qanunvericiliyə uyğun olaraq istismar müddətini başa vurmuş, iqtisadi baxımdan məqsədyönlü sayılmayan, təmiri və bərpası səmərəli hesab edilməyən əsas vəsaitləri balansdan silir;
3.2.46. sərhədboyu sularda meliorasiya və irriqasiya sistemləri və qurğularının yaradılması və onlardan istifadə edilməsi sahəsində beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir;
3.2.47. səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüququ şəxslərdən müəyyən olunmuş qaydada arayışlar və məlumatlar alır;
3.2.48. qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növlərini həyata keçirir.
3.3. Cəmiyyət bu Nizamnamə ilə nəzərdə tutulan vəzifə və funksiyalarını Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə həyata keçirir.
4. Cəmiyyətin əmlakı
4.1. Cəmiyyətin gəlirləri dövlət büdcəsindən, büdcədənkənar vəsaitdən, kreditlərdən, qrantlardan, xidmət və istehsaldan daxil olan, qanunvericiliklə qadağan olunmayan fəaliyyət növlərindən əldə edilən vəsaitlərdən ibarətdir.
4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər əmlakdan ibarətdir.
4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.
4.4. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:
4.4.1. nizamnamə kapitalına daxil olan əmlak;
4.4.2. səhmdarın vəsaiti hesabına;
4.4.3. təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;
4.4.4. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
4.5. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.6. Cəmiyyətin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
5. Cəmiyyətdə uçot, hesabat və nəzarət
5.1. Cəmiyyət mühasibat uçotunu qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq aparır.
5.2. Cəmiyyətin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-dək olan dövrü əhatə edir.
6. Cəmiyyətin idarəetmə və icra orqanı
6.1. Cəmiyyətin ali idarəetmə orqanı onun ümumi yığıncağıdır. Ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlər qanunvericiliyə uyğun olaraq həll edilir.
6.2. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.
6.3. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə Cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.
6.4. İdarə Heyətinin tərkibi 3 nəfərdən - sədr və 2 müavinindən ibarətdir.
6.5. İdarə Heyətinin işinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir.
6.6. Sədrin müavinləri Cəmiyyətin sədrinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
6.7. İdarə Heyəti:
6.7.1. sədr tərəfindən yaradılmış komissiyalarla birlikdə meliorasiya və su təsərrüfatı sistemlərinin istismarı, inkişafı ilə bağlı məsələləri, struktur bölmələrinin fəaliyyətinin yekunlarını, daxili audit yoxlamalarının nəticələri barədə və ortaya çıxmış çatışmazlıqların aradan qaldırılmasını, habelə Cəmiyyətin illik maliyyə tələbatını, suyun paylanma rejimlərini və digər məsələləri müzakirə edir, müvafiq qərarlar qəbul edir;
6.7.2. Cəmiyyətin Nizamnaməsində və strukturunda dəyişikliklər edilməsi üçün aidiyyəti üzrə təkliflər verir;
6.7.3. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi üçün aidiyyəti üzrə təkliflər verir;
6.7.4. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi üçün aidiyyəti üzrə təkliflər verir;
6.7.5. Cəmiyyətin, onun strukturuna daxil olan qurumların balansında olan əmlakın müstəqil qaydada (sistem daxilində) balansdan balansa, icarəyə və istifadəyə verilməsi barədə qərarlar qəbul edir;
6.7.6. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
6.8. İdarə Heyətinin qərarları müvafiq protokollarla və bir qayda olaraq, sədrin əmri ilə rəsmiləşdirilir.
6.9. Cəmiyyətin İdarə Heyətinin qərarlarının qəbul edilməsində onun üzvləri arasında fikir ayrılığı yarandıqda, sədr öz qərarını həyata keçirir və bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
7. Cəmiyyətin sədri
7.1. Cəmiyyətin sədri:
7.1.1. Cəmiyyətin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
7.1.2. müavinlər arasında iş bölgüsünü müəyyənləşdirir;
7.1.3. dövlət büdcəsindən meliorasiya tədbirlərinə ayrılan vəsaitin xərclər smetasını təsdiq edir;
7.1.4. Cəmiyyətin strukturuna daxil olan qurumların ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
7.1.5. Cəmiyyətin aparatının strukturuna daxil olan qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
7.1.6. Cəmiyyətin fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə normativ hüquqi aktların icrasını təşkil edir və yoxlayır;
7.1.7. beynəlxalq danışıqlarda iştirak edir, meliorasiya və su təsərrüfatı sistemlərinin yaxşılaşdırılması məqsədi ilə beynəlxalq müqavilələrin bağlanması üçün danışıqlar aparır, onları imzalayır və imzalanmış müqavilələrin icrasını təmin edir;
7.1.8. ilin yekun maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı balansa baxılması və malların alınması, iş və xidmətlərin görülməsi üçün müsabiqələrin keçirilməsi üzrə komissiyalar yaradır;
7.1.9. Cəmiyyət adından etibarnaməsiz fəaliyyət göstərir, onun mənafelərini bütün dövlət orqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda müdafiə edir;
7.1.10. qanunvericiliyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
7.2. Cəmiyyətin sədri Cəmiyyətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün məsuliyyət daşıyır.
7.3. Cəmiyyətin sədri iş yerində olmayanda və ya vəzifəsinin yerinə yetirilməsinə mane olan hallar meydana çıxdıqda, yaxud öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərini müavinlərindən biri həyata keçirir.
8. Cəmiyyətdə audit və maliyyə nəzarəti mexanizmi
8.1. Cəmiyyət sədrə tabe olan daxili audit sistemi təsis edir. Daxili audit və bu sistemin işini icra edən şəxslər öz fəaliyyətlərində Cəmiyyətin struktur bölmələrindən asılı deyildirlər və öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququna malikdirlər.
8.2. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
9. Cəmiyyətin yenidən təşkili və ləğvi
Cəmiyyətin yenidən təşkili və ləğvi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilir.