Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirus infeksiyasının muxtar respublikada yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan fonda fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirməyə davam edirlər. Dövlət qurumlarının kollektivlərinin, hüquqi və fiziki şəxslərin fəallığı və humanistliyinin nəticəsi olaraq 1 həftə ərzində fondun hesabında 4 milyon manatdan artıq vəsait toplanıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna bundan əvvəl 200 000 manat ayrılmışdı. Həmçinin Ali Məclis Sədrinin Sərəncamı ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının bir aylıq üzvlük haqlarının 50 faizi - 35 min manat vəsait də fonda köçürülmüşdür. Bununla əlaqədar Ali Məclisdə dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirə keçirilmiş, müşavirədə aid qurumlara konkret tapşırıqlar verilmişdi.
Maliyyə Nazirliyindən bildirilib ki, Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.