Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır - FOTOLAR

Muxtar respublikada yeni nasos stansiyaları tikilir, təzyiqli boru xətləri çəkilir

A- A A+

Bu gün muxtar respublikada iqtisadiyyatın digər sahələri kimi, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, müasir hidrotexniki qurğuların tikilməsi də diqqətdə saxlanılır. Torpaqların su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafına, ən əsası isə əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Nəticədə torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları və fermerlər bol məhsul istehsal edərək ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir, bazarın tələbatı yerli istehsal hesabına ödənilir. Həyata keçirilən tədbirlərin davamı kimi, muxtar respublikada yeni nasos stansiyaları tikiləcək, təzyiqli boru xətləri çəkiləcəkdir. 

NUHÇIXAN xəbər verir ki, aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nasos stansiyalarının layihəsinə baxıb, həyata keçiriləcək tikinti işləri ilə maraqlanıb. 

Məlumat verilib ki, Araz su anbarının yaxınlığında eni 8, uzunluğu 100 metr olan körpü tikiləcək və körpünün üzərində biri ehtiyat olmaqla 2 nasos quraşdırılacaqdır. Hər birinin gücü 1000 kilovat-saat olan nasosların su sərfi saniyədə 1500 litr olacaqdır. Nasoslar suyu uzunluğu 2 kilometr, diametri 1000 millimetr olan təzyiqli boru xətti ilə ikinci nasos stansiyasına vuracaqdır. İkinci nasos stansiyası üçün ərazidə yeni bina və suqəbuledici hovuz inşa olunacaq, hər birinin gücü saniyədə 850 litr olan 3 nasos quraşdırılacaqdır. Nasoslardan biri ehtiyat üçün nəzərdə tutulub. Bu nasos stansiyasından su yeni çəkiləcək 3,8 kilometrlik təzyiqli boru xətti ilə həcmi 4 min kubmetr olan 6 çıxışlı paylayıcı hovuza vurulacaq və öz axını ilə torpaq sahələrinə veriləcəkdir. Yeni nasos stansiyaları istifadəyə verildikdən sonra Kəngərli rayonunda və Naxçıvan şəhərində 14 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq, 5 min hektar torpaq sahəsinin isə su təminatı yaxşılaşdırılacaqdır. 

Ali Məclisin Sədri deyib ki, bu layihənin həyata keçirilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və əkilən torpaqların su təminatının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qurulacaq müasir nasos stansiyalarının gücünün çox olması və elektrik enerjisini az işlətməsi ondan səmərəli istifadə etməyə imkan verəcəkdir. Muxtar respublikada 62 min hektar suvarılan torpaq sahəsi vardır. Qarşıda duran vəzifə əkinənəyararlı torpaqların su təminatını yaxşılaşdırmaq və yeni torpaq sahələrini əkin dövriyyəsinə qatmaqdan ibarətdir. Yeni nasos stansiyalarının qurulması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 

Ali Məclisin Sədri tikinti işlərinə başlanılması və keyfiyyətlə aparılması, nasos stansiyalarını nəzərdə tutulan vaxtda istismara verilməsi və əkinəyararlı toraqlardan səmərəli istifadə ilə bağlı tapşırıqlar verib. 

***       

Bu gün muxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin qurulması ilə yanaşı, həm də yeni nasos stansiyalarının tikilməsi mövcud hidroresurslardan səmərəli istifadə edilməsinə və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Yüz illərdir əkilməyən torpaqlardan bol məhsul götürülür. Yeni nasos stansiyalarının tikilməsi və təzyiqli boru xətlərinin çəkilməsi də bu baxımdan mühüm iqtisadi əhəmiyyətə malikdir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: