“Çomaxtur” elektrik yarımstansiyası istifadəyə verilib - FOTOLAR
Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilir, istehsalın həcmi artırılır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və dayanıqlı çatdırılması da diqqət mərkəzində saxlanılır, yeni elektrik yarımstansiyaları tikilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 12-də Şərur şəhərində “Çomaxtur” yarımstansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün dayanıqlı elektrik enejisi təminatı yaratmadan iqtisadiyyatın inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elektrik enerjisi təminatı sahəsində mühüm işlər görülür, yeni günəş və su elektrik stansiyaları tikilir, yarımstansiyalar qurulur, elektrik xətləri çəkilir. Elektrik enerjisi istehsalı ilə yanaşı, onun əhaliyə dayanıqlı çatdırılması da əsas şərtdir. Hazırda muxtar respublikada istehsal olunan elektrik enerjisi yarımstansiyalar vasitəsilə istehlakçılara çatdırılır. “Çomaxtur” yarımstansiyası da 15 kəndi və Şərur şəhərinin bir hissəsini əhatə etməklə rayonda enerji tələbatının 18 faizini ödəyir. Muxtar respublika energetikləri tərəfindən yarımstansiyanın yenidən qurulması istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcəkdir. Eyni zamanda idarəetmə təkmilləşəcək, işçilərin təhlükəsizliyi təmin olunacaqdır.
Ali Məclisin Sədri muxtar respublika energetiklərinə təşəkkür edib, yarımstansiyanın istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək deyib ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, bu gün muxtar respublikada daxili tələbat tamamilə yerli istehsal hesabına ödənilir, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Muxtar respublikada energetika sisteminin inkişafına göstərilən qayğının davamı kimi Şərur rayonunda “Çomaxtur” yarımstansiyası istifadəyə verilir. Namiq Paşayev yaradılan şəraitə görə muxtar respublika energetikləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra yarımstansiyaya baxış olub.
Məlumat verilib ki, yarımstansiya binasında idarəetmə mərkəzi, eləcə də 35 və 10 kilovoltluq paylayıcı qurğu otaqları yerləşir. Avadanlıqların normal iş prosesinə ölçü qurğuları vasitəsilə məsafədən nəzarət olunur.
Yarımstansiyada hər biri 6,3 meqavoltamper gücündə 2 ədəd 35/10 kilovoltluq transformator, 4 ədəd 36 kilovoltluq, 10 ədəd 12 kilovoltluq eleqaz açarlı giriş-çıxış hücrələri, 1 sabit cərəyan mənbəyi, 2000 kilovar gücündə 10 kilovoltluq statik kondensator batareyası quraşdırılmışdır. Yenidənqurma işləri aparılarkən 500 metr uzunluğunda 35 kilovoltluq, 1,5 kilometr uzunluğunda isə 10 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmişdir. Yarımstansiyada quraşdırma və sınaq-sazlama işləri yerli mütəxəssislər tərəfindən həyata keçirilmişdir. Yarımstansiyanın əhatə etdiyi yaşayış məntəqələri üzrə elektrik enerjisinə olan tələbat qış aylarında 2,1, yay aylarında isə 3,5 meqavat təşkil edir.
Ətrafda abadlıq işləri aparılıb, müasir işıqlandırma və suvarma sistemləri çəkilib. Şərur Rayon Elektrik Şəbəkəsinə üzərində kran quraşdırılan “Kamaz” markalı avtomobil alınıb.